Ziya Məmmədovun oğlu ABŞ-da suallardan yayındı

Anar Məmmədovdan 2,4 milyon dollar alan lobbi şirkəti onun tədbirinə Obamanın rəqibini gətirdi

 

Azərbaycan hakimiyyəti ABŞ paytaxtında özünün “Londondakına bənzər” milli lobbisini yaratmaq məqsədilə ciddi fəaliyyətə başlayıb. Milyonlarla dollar ABŞ-da “Azərbaycana yeni dostlar” qazandırmaq üçün sərf edilir. Vaxtilə bu iş Azərbaycan səfirliyi vasitəsilə yerli ABŞ lobbiçilərinə tapşırılırdısa, indi lobbiçilik “biznesi”nə nəqliyyat nazirinin oğlu Anar Məmmədov başçılıq edir və hazırda Vaşinqtonda olan Məmmədov bunu gizlətmir.
ABŞ Ədliyyə Departamentinin sənədlərinə əsasən, Alyans bir illik fəaliyyəti üçün lobbi təşkilatlarından birinə 2,4 milyon dollarlıq müqavilə bağlayıb. Bu işə isə Cim Fabiani başçılıq edir. Dünən axşam A.Məmmədovun rəhbərliyi ilə Azərbaycan-ABŞ Alyansının təqdimat mərasimi keçirilib.
Külli miqdarda pul ayrılan lobbiçilik firması tədbirdə Obama hakimiyyətinə müxalif olan respublikaçı senator Con Makkeyinin və diplomatların iştirakını təmin edib.ÿ
Çıxışçılar tədbirdə Alyansın fəaliyyət prioritetləri kimi enerji və təhlükəsizlik əməkdaşlığını, habelə mədəni əlaqələri qeyd ediblər, demokratiya və insan haqları isə ümumiyyətlə yada düşməyib.
AAA-nın yeni veb səhifəsində oxucuları təsisçi qismində A.Məmmədov salamlayır. O qeyd edir ki, Alyansın fəaliyyəti Azərbaycan-ABŞ əlaqələrinin gücləndirilməsinə xidmət edir.
Eyni zamanda A.Mammadov “Turan”ın muxbirinin suallarına cavab verməkdan imtina edib. Bununla yanaşı, Vaşinqtondakı Azərbaycan demokratları da fəallaşıblar.
AZAD- Amerika Azərbaycanlıları Demokratiya Uğrunda təşkilatı dekabrın 21-də “Azerbaijan: Growing Voices of Dissent” mövzusunda tədbir keçirəcək. Bakıdan ekspertlər Hikmət Hacızadə və Cəmil Həsənli tədbirdə çıxış edəcəklər.
Sonda onu da qeyd edək ki, dünyanın ən nəhəng demokratiya mərkəzlərinini birində tədbir keçirən, mədəni əlaqələrdən danışan A.Məmmədov və onun atası öz ölkəsində ən böyük inhisarçı oliqarxlarından sayılır.
A.Məmmədov günü bu gün də Azərbaycanın iki ən nüfuzlu nəşrləri olan “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin hər birinə qarşı 500 min dollarlıq məhkəmə iddiası qaldırıb.
Çox böyük ehtimalla bütün bunlar ABŞ və dünya mətğatının diqqətindən kənarda qalmayacaq.

 

Informasiya şöbəsi