Vəd olunan bir qətlin tarixçəsi

Bu da təzə çıxdı. Əvvəllər bizi hədələmək üçün mobil telefonlardan zəng vurardılar (təbii ki, bağlı nömrələrdən), e-poçtumuza uydurma adla məktublar yazardılar. Görünür, indi filmlərə baxıb inkişafın zəruriliyini düşünüblər və zəngləri taksofonlardan eləməyə başlayıblar. Hər halda bu, bir az daha mükəmməl sayılır.
Köşə yazarımız Anara və “Xural” (ASI) qəzetinin əməkdaşı Nurəddin Xocaya eyni taksofondan edilən zəng bizə nələri pıçıldayır?
Əlbəttə, sıradan qəzəbli bir oxucunun işi deyil bu. Beli bir yerə bağlı olmayan oxucu heç vaxt konkret səbəb göstərmədən zəng vurub adamı ölümlə, həm də belə bir ölümlə hədələməz. Anonim və potensial qatil Anar bəyin bağırsaqlarını yerə tökəcəyi ilə qorxudub. Bağırsaqları yerə tökmək nə deməkdi? Təbii ki, adamı topun lüləsinə bağlamaqdan getmir söhbət. Bu, hələ qanı qurumamış çox tanış qətlin davamıdı. Sonuncu belə qətl bıçaqla Rafiq Tağıya qarşı həyata keçirilib. Təxminən, belə anlamaq olar ki, bu cani Rafiq bəyin qatili ilə ya eyni bulağın gözündən su içib, ya da elə onun özüdü. Ola bilsin o deyil, yəqin hakimiyyətin şüurlu səhlənkarlığı, yat-yatılığı üzündən o qatil artıq Azərbaycanda deyil. Necə ki, Elmar Hüseynovun qatillərinə ölkədən çıxıb getmək üçün imkan tanınmışdı. Rafiq Tağının yolu üstə olan kameraların işləməmisini deməklə də yəqin ki, həmin məqsəd güdülüb. Sonradan Eynulla Fətullayevin təhqiqat qrupu kameralardan ikisinin çalışdığını, həmin gün qeydiyyat apardığını və hətta qatilin kameralara yaxalandığı da bəlli oldu. Lakin ehtimal ki, artıq gecdir. Obyekt uzaqlaşmağa macal tapıb. Və ehtimal ki, sonradan hətta onun kimliyi üzə də çıxacaq, eynən Elmarın qatilləri kimi. Ama onun gətirilib məsuliyyətə cəlb ediləcəyi mümkün olmayacaq.
Daha bir pıçıltı isə bu: və yenə də kamera nüansı. Taksofonun tapıldığı yerdə yenə də müşahidə kameralarının varlığı məlum olub. Ancaq günün günorta çağı bu, belə deyək, “taksofon xuliqanı”nı heç də qorxutmayıb. Halbuki gün kimi hamıya aydındı ki, həmin kameralarda Anar bəyin dediyi dəqiq saatda həmin obyektin dəqiq təsvirləri var. Ancaq taksofonun yerini bir az ləng də olsa dəqiqləşdirən əməliyyatçılar  hələ kameraların yaddaşına boylanmaq fikrində deyil. Deməli, potensial qatillər bilir ki, kimsə kameraları ya qurdalamayacaq, ya da çox gec qurdalayıb, nəticəni də araya gec çıxaracaq. Bu da onları arxayın salan bir məqamdı və onların kameralar sarıdan təminatları olmasa heç vaxt bu cəsarəti göstərməzdilər.
Zəng vuranların adi, qəzəbli, nədənsə incik oxucu olmadığı həm də onların Anar bəyin uşaqları haqda dəqiq informasiyalı olduqlarını deməsidi. Adi oxucunun nəyinə lazımdı uşaqları izləmək, dəqiq bilgi əldə eləmək. Qəlbinə toxunulan oxucu çox vaxt açıq mobil nömrədən zəng vurur və dişinin dibindən çıxanı jurnalistin üzünə deyir.
“Xural” əməkdaşları bu və buna qədər olan bir neçə “xuliqanca təsadüfləri” Xurala qarşı aparılmış hakimiyyət terrorunun davamı kimi qiymətləndirirlər. Əlbəttə, haqları da var. Göz gördüyündən qorxar. Lakin nə yazıqlar ki, bu dəfə də məsələyə bəri başdan damğa vurmaq, konkret kimisə suçlamaq (bu məqamda sırf Ramiz Mehdiyev kampaniyasından söhbət gedir) əlimizdə deyil. Lakin bu şübhələrin aradan qalxmasının çox asan yolu o “xuliqanların” tezliklə, bircə günün içində tapılıb ortaya çıxarılması və cinayət məsuliyyətinə cəlb edilməsidir. Bunu da gözləyək, görək nə olur.
Qəzetlər isə Anar bəyin insidenti ilə bərabər Mehdiyevin adını daha bir məsələdə hallandırırlar. Demə, onunla Hacıbala Abutalıbovun arasındakı məsələ gor düşmənçiliyi imiş. Qəzetlər həm də Qəzzafinin törətdiyi qanlı qətllərin daha dəhşətlilərinin indi kütləvi məzarlıqlardan üzə çıxdığını yazır…