…və öz dövlətimizin bizi əzməsinin daha bir sonucu
Dünən günümüz çox əsəbi keçdi. Həmkarımız Anar Niftəliyevi, Nurəddin Xocanı övladları ilə təhdid ediblər, başqa həmkarlarımızın bir ayrı problemləri var, şəxsi işlərimiz də yaxşı getmir, Azərbaycanda da durum getdikcə ağırlaşır. Birdən də xəbər alırıq ki, Intiqam Əliyevi Türkiyədə həbs ediblər və deportasiya olunması gözlənilir. Nədir ki, guya Intiqam müəllim Atatürk hava limanının gömrük işçisinə qarşı kobudluq edib.
Elə bilirsiniz ki, təkcə Intiqam müəllimin adına üzüldük, yox Türkiyənin də adına üzüldük. Intiqam müəllimin özü demişkən, deyəsən, Türkiyə də Azərbaycana oxşamağa başlayır.
Intiqam Əliyev Azərbaycanın ən güclü hüquqşünaslarından biridir. Həm savadı ilə, həm ədaləti ilə. Prokuror və hakim olub zəngin və rahat ömür yaşaya bilərdi, hava limanlarından VIP keçid edərdi, amma ömrünü ağır bir iş olan hüquq müdafiəçiliyinə həsr edib. Ən prinsipal, ən ədalətli adamlardan biri kimi tanınır. Təkcə Azərbaycanda deyil, bütün Avropada.
Intiqam müəllim hər cür təzyiqlərə baxmayaraq qanun və hüquq tərəfdarı olmağından çəkinmir, dirənişi, mübarizəsi və dürüstlüyü ilə hörmətimizi qazanıb. Bu öz yerində…
Sizi doyunca güləsiniz, axı bu adam həm də mədəni, tərbiyəli adamın simvollarından biridir bizim ölkədə. Əgər kobudluq edibsə, görün nə həddə çatdırmısınız onu. Onu da bilin ki, demokratiyanı, hüququ, nəhayət Türkiyəni sevən adamlar Intiqam müəllimi yaxşı tanıyır…
Mən qətiyyətlə deyirəm ki, Intiqam müəllim orada hər hansı kobudluq edibsə də, onu məhz gömrük və polis işçiləri o həddə çatdırıblar. Hətta bu, bilərəkdən də ola bilər. Çünki Azərbaycan hakimiyyətinin və pulunun əli çox uzundur. Mövlud Çavuşoğlu adında deputat neft pullarından meyxoş olub bizdəki seçkiləri Türkiyədəkindən də ədalətli adlandırmadımı? Hətta dolayısı ilə öz ölkəsinə də şər atdı, guya Türkiyədə seçkinin qüsurları olur.
Eyni hava limanında nə vaxtsa bir Azərbaycan siyasətçisinə qarşı təşkil edilən biabırçı olayı isə artıq xatırlamaq belə istəmirik. Ayıb deyilmi?
Amma Intiqam müəllimə qarşı o cür davranış qəsd olmaya da bilər. Çünki artıq çox adam deyir ki, Türkiyədə məmurlar Azərbaycan vətəndaşlarına qədərincə sayğı göstərmirlər. Azərbaycandakı durumu, bizim hər cür qanunsuzluqlar şəraitində dözüm göstərdiyimizi yaxşı bilirlər. Onu da bilirlər ki, dövlətimiz də arxamızda durmur. Qısası bizə oğrunun oğru övladı kimi baxırlar. Çox ciddi olmasa da, belə tendensiya var.
Odur ki, Intiqam müəllimlə də elə davranıblar. Sənədini ikrah doğuran şəkildə atıblar, amma bilməyiblər ki, qarşısındakı adam oğrunun oğru övladı deyil. Onun səsini çıxarması isə onlara yer edib. Bundan sonra qəddar mövqe tutublar.
Zatən hava limanı bir xidmət sahəsidir. Həm də sıradan bir sahə deyil, ölkənin qapısıdır, onun adına layiq bir yer olmalıdır. Orada müştəri ilə incə davranırlar, onun kobudluğunu da sakitliklə, xoşluqla yola verirlər. Onu da bilirik ki, bir ingilislə, bir almanla belə davranmazdılar. Heç Azərbaycanın saxta mandatlı bir deputatı, paralı bir məmuru ilə də belə davranmazdılar.
Bəs Intiqam müəllimlə niyə başqa cür davrandınız? Hətta o kobudluq etsəydi də, onunla anlayışla, ölkənin qonağı kimi davranmağa borclu idiniz. Başqaları ilə olduğu kimi.
Keçək Türkiyə səfirliyinə. Işi-gücü Əliyevləri tərifləmək olan, yalançı və pafoslu qardaşlığın kobud həlqəsinə çevrilən səfirlikdə bu xəbəri səhər tezdən internetdə oxumadılarmı? Niyə işə qarışmadılar? Niyə heç təəssüflərini bildirmədilər? Bəlkə Intiqam Əliyevi tanımırlar? Tanımırlarsa, lap pis. Amma YAP üzvü olan istənilən bir müğənninin başına bir iş gəlsəydi indi sinə cırırdılar. Sevgili Türkiyə adına heç yaraşmayan davranışdır bu.

Türkiyə səfirliyinin iflası
•