“Şikayətlənirik ki, Qərb gəlib avtoritarizmin əvəzinə daha pis sistem qurmaq istəyir”

Azərbaycan-Qərb münasibətləri haqda ekspertlərdən ilginc yorumlar

Leyla Əliyeva: “Hökumət islahatlar aparmaq, dəyişikliklərə getmək istəmir”

 

Anar Məmmədli: “Qərb Azərbaycana ordusunu, donanmasını göndərməli deyil ki…”

“Azadlıq”ın redaksiyasında təşkil olunan, siyasi ekspert Rahim Hacıyevin aparıcılığı, politoloq Leyla Əliyeva və seçkilər üzrə ekspert Anar Məmmədlinin iştirakı ilə keçən dəyirmi masada bir çox maraqlı mövzular müzakirəyə çıxarıldı. Ekspertlərin bu maraqlı söhbətini oxucularımıza da təqdim edirik.
Rahim Hacıyev: Azərbaycan müstəqillikdən bu yana dünyanın müxətlif ölkələri ilə münasibətlər qurub. Eyni zamanda Qərbin ayrı-ayrı dövlətləri, orada fəaliyyət göstərən təşkilatların da Azərbaycanla əlaqələri yaranıb. 20 illik antidemokratik rejim dövründə Qərb dövlətləri və təşkilatlarının Azərbaycanla bağlı siyasəti, fəaliyyəti həmişə çox ciddi müzakirə mövzusu olub. Müxtəlif fikirlər səslənib. Bəziləri hesab edib ki, Qərb Azərbaycana lazımi qədər diqqət göstərmir, ölkəmizlə bağlı o qədər də sərt mövqedən çıxış etmir. Azərbaycanla demokratiyadan çox, enerji sahəsində əməkdaşlığa maraq göstərir. İstərdim ki, söhbətimizin əvvəlində bu məsələyə aydınlıq gətirək.

“Hakimiyyət islahat aparmır, dəyişikliklərə getmir”


Leyla Əliyeva: Qərblə, eləcə də başqa ölkələrlə münasibətlərə ikitərəfli proses kimi baxmaq lazımdır. Gənc bir dövlət kimi əslində Azərbaycan daha çox səy göstərməlidir ki, Qərb onu tanısın, anlasın və s. Bu səylər 92-93-cü illərdə daha ciddi və güclü idi. Xalq Cəbhəsinin dövründə siyasi baxımdan biz özümüzü demokratik Qərb ölkəsi kimi qavrayırdıq. Ona görə də bu cəhdləri göstərirdik. Həmin vaxt Azərbaycan bir tərəfdən demokratik islahatlar aparmağa, açıq cəmiyyət qurmağa başlamış, o biri tərəfdən də sovet hərbi hissələrini ölkədən çıxarmışdı. Əvvəla bir ilin içində Qərb özü üçün müəyyən etməmişdi bu hansı ölkədi, hansı elitadı. Çünki 18-ci illə müqayisədə bizim postsovet demokratlarımız ingilis, fransız və ya başqa dillərdə danışmırdılar. Yəni münasibət belə səthi şeylərə görə formalaşırdı. Amma bir il çox qısa müddətdir. Biz gərək bu istiqamətdə çox işləyərdik. İkinci faktor o idi ki, bu hakimiyyət Qərbin praqmatizmini düzgün qiymətləndirməmişdi. Elə bilirdilər ki, onlar da idealistdilər. Bunu nəzərə almalı idilər. Heydər Əliyev gələndən sonra artıq Azərbaycan qərbyönlü siyasətindən uzaqlaşmağa başladı. O öz siyasətini balanslaşdırılmış siyasət adlandırırdı. Buna baxmayaraq Qərblə bağlı strateji istiqamət hələ ki, qalırdı. 2003-cü ildən sonra vəziyyət tamam dəyişdi. Balanslaşdırılmış siyasət özünü tam təsdiq etdi. İndi biz rəsmən bəyan edirik ki, Avropa Birliyinə üzv olmaq istəmirik. Bizə bu lazım deyil. Bunu, 92-93-cü ildə – Xalq Cəbhəsinin vaxtında heç təsəvvürümə gətirə bilməzdim. Bu bizim siyasətimizdən uzaqlaşma deməkdi. Bunun həm obyektiv səbəbləri var idi, həm subyektiv. İndiki hakimiyyət özünü qərbyönümlü aparmır. İslahatlar aparmır, demokratik dəyişikliklər etmir. Ona görə də inteqrasiya da etmir. Qərblə münasibətləri ancaq və ancaq praqmatik şəkildə qurub.

“Biz Qərbə yox, onlar bizə lazımdır”


Anar Məmmədli: Azərbaycanda dövlət müstəqilliyinin 20-ci ili qeyd olunur. Geridə qalan 20 illik dövr Azərbaycanın xarici siyasəti və Qərbin Azərbaycana münasibəti ilə bağlı kifayət qədər geniş mənzərə yaratmağa imkan verir. Leyla xanımla razıyam ki, münasibətlər əslində ikitərəfli olmalıdır. Biz gözləyirik ki, Qərb bura nə vaxt gələcək. Sanki Qərb özünün ordusunu, donanmasını göndərməlidir və Azərbaycanda nələrisə dəyişməlidir. Bu çox yanlış təsəvvürdür. Çünki münasibətlər ikitərəfli olmalıdır. Bu halda Azərbaycan tərəfi kimi biz yalnız hakimiyyəti götürməli deyilik. Eyni zamanda burada QHT-lər, qeyri-dövlət institutları səviyyəsində Qərbə inteqrasiya getməlidir. Mən QHT-lər dedikdə bura həm medianı, həm siyasi institutları, həm vətəndaş cəmiyyəti təşkilatlarını, həm beyin mərkəzlərini daxil edirəm. Gəlin, ətrafımıza baxaq. Bizdən aşağıda İran, yuxarıda Rusiyadır. O biri tərəfdə hələ də demokratiyanın fundamental şəkildə oturuşmadığı Türkiyədir. Bir də münaqişədə olduğumuz Ermənistan, digər tərəfdə də Orta Asiya ölkələri. Bu qonşularımız arasında Qərbə çıxış üçün bizə ən yaxın olan Gürcüstandır. Biz o dəyərlərə illər öncə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə inteqrasiya etməyə cəhd etmişdik. Biz daha çox Qərbə lazımıq, yoxsa onlar bizə? Təbii ki, Qərb bizə lazımdır. Biz kiçik bir dövlətik, geopolitik cəhətdən də çox təhlükəli regionda yerləşirik. Qərb nədir? Çox təəssüf ki, 20 ildə bunu özümüz üçün xarakterizə edə bilməmişik. Qərbi bir düşüncə məkanı kimi xarakterizə etmək olar. Söhbət coğrafi məkandan yox, düşüncə məkanından getməlidir. Yeni dəyərlərin, yeni siyasi sistemin olduğu bir məkan. İkincisi, Qərb təhlükə deyil. Qərb demokratiyanı ixrac edir. Qərb işğalı ixrac etmir. 45-ci ildən sonra Avropada baş verən proseslərə baxın. Marşal planı işə düşdü, bir sıra ölkələr bundan faydalandı və ayağa qalxdı. 49-cu ildən sonra Almaniya faşizmin törətdiyi cinayətləri 20 ilin ərzində aradan qaldıra bildi və tam mükəmməl, demokratik dəyərlərə söykənən bir sistem qurdu. Amma biz 20 ildən artıqdır ki, totalitar bir cəmiyyətdən çıxmışıq, amma hələ də avtoritarizmdən əziyyət çəkirik. Hələ də şikayətlənirik ki, Qərb bura gəlib avtoritarizmin əvəzinə daha pis bir sistem qurmaq istəyir. Hakimiyyət Leyla xanımın dediyi kimi, məsələyə praqmatik yanaşır. Hakimiyyət avtoritar olduğu üçün Qərbin mexanizmlərindən də xoşlanmır. Azərbaycan müstəqillik əldə etdikdən sonra ATƏT-in iştirakçısı oldu. Bu o deməkdir ki, sən sənədlərə qol çəkirsən, üzərinə insan hüquq və azadlıqlarını təmin etməklə bağlı öhdəliklər götürürsən. 2001-ci ildə biz Avropa Şurasının üzvü olduq, üzərimizə yeni öhdəliklər götürdük. İndi də yaxın qonşuluq siyasəti və “Şərq tərəfdaşlığı” proqramı ortaya çıxıb. “Şərq tərəfdaşlığı” proqramı Azərbaycan hakimiyyətinin marağında deyil. 2010-cu ildə xarici işlər nazirinin belə bir bəyanatı olmuşdu ki, Azərbaycan Avropa Birliyinə üzv olmağı düşünmür, amma Avropa Birliyi ilə əməkdaşlığa hazırdır. Əməkdaşlıqdan söhbət gedən kimi dərhal enerji məsələləri ortaya atıldı. Bəs insan hüquq və demokratik azadlıqlar? Biz avropalı olmaq istəyirik, ya yox? Avropa dəyərlərini mənimsəmək istəyirik, ya yox. Bu baxımdan hakimiyyətin maraqları aydın deyil. Atılan addımlar daha çox imitasiya xarakteri daşıyır. “Şərq tərəfdaşlığı” proqramında da hakimiyyətin maraqlarını görürəm. Ümumiyyətlə münasibətin özündə bir imitasiya var.

Belarusa qarşı mövqe niyə Azərbaycandan daha sərtdir?

Rahim Hacıyev: Azərbaycan hakimiyyətinin mövqeyi bəllidir. Amma Azərbaycanda bəzi insanların belə arqumentləri var ki, Qərbin Azərbaycan hakimiyyətinə və Belarusa münasibətində çox kəskin fərqlər var. Bu arqumentin qarşısında dayanmaq çox çətindir. Çünki Belarusa çox sərt sanksiyalar tətbiq olunur, bar-bar bağırırlar ki, Belarus axırıncı diktatordur. Baxmayaraq ki, Azərbaycan da Şərqi Avropa hesab olunur. Düzdür, Qərbin bəzi mətbuat orqanlarında İlham Əliyev despot və diktator kimi təqdim olunur, amma bu, mətbuatdadır. Belarusa qarşı olan sərt münasibət Azərbaycana göstərilmir.

Anar Məmmədli: Doğrudur, belə münasibət var. Biz bunu müxtəlif beynəlxalq tədbirlərdə də hiss edirik ki, Belarusun adı çəkiləndə mövqe daha kəskin şəkildə ortaya qoyulur. Söhbət, Qərb demokratlarından, hüquq müdafiəçilərindən gedir. Amma Azərbaycan məsələsində daha ehtiyatlı mövqe tuturlar. Birinci səbəb odur ki, Qərbdə amorf institutlar deyil. Orada da müəyyən siyasi və ya biznes maraq qrupları var. Xüsusən da bu, mühafizəkarlar arasında daha çoxdur. Onlar enerji məsələlərinə görə Azərbaycanla ehtiyatlı davranmağın tərəfdarıdılar. Bu Britaniyada da belədir, Almaniyada da, Fransada da, başqa kiçik Avropa dövlətlərində də. Əgər bu üç böyük Avropa dövlətində hakimiyyətin maraqlarını müdafiə edən siyasi qruplar varsa, bu o deməkdir ki, bu, hakimiyyətin də siyasətinə təsir edəcək. Avropa Parlamenti də, Avropa Şurası da, AŞ PA da sizə dəstək olacaq. Amma burada bir məqam da var. Məsələn, Avropa Şurasına bizim ümidlərimiz çox azdır. Bu qurumun Belarusa münasibəti hara, Azərbaycana münasibəti hara. Bu niyə belədir? Məsələ burasındadır ki, Belarusa qarşı sanksiyaları təsdiq edə biləcək institut daha çox Avropa Şurasıdır, nəinki ATƏT. ATƏT daha çox məşvərətçi institutdur. ATƏT-də Belarusun çox gözəl dəstəkçiləri var. Açıq şəkildə ortaya qoymasalar da, bəzi hallarda Azərbaycan nümayəndələri belə, ATƏT-də Belarusun mövqeyini müdafiə edirlər. Bu qurumda iki cəbhə var. Birinin başında Amerika durur, o birinin başında Rusiya. Amma mən heç şübhə etmirəm ki, ABŞ Avropa Şurasının üzvü olsaydı, AŞ Azərbaycan kimi ölkələrə münasibətdə bu cür passiv olmazdı. İkincisi, Belarus coğrafi baxımdan Avropaya çox yaxındır. Polşada, Baltikyanı ölkələrində Belarusdan mühacirət etmiş çoxlu sayda insanlar var. Onlar çox intensiv şəkildə Baltikyanı ölkələrdə və Polşada olan siyasi qruplarla işləyirlər.

Ardı var

Gültəkin