Qazdan zəhərlənmələrə görə kim cavab verməlidir?

Eyyub Hüseynov: «Qazın keyfiyyəti yerində deyil, tüstü bacaları isə 20 ildən çoxdur təmizlənmir»

Ölkədə dəm qazından zəhərlənənlərin statistikası fəlakət həddinə çatıb. Artıq üç ildən çoxdur ki, bu tendensiya yüksələn xətlə davam edir. Hər keçən gün neçə-neçə insan  dəm qazından zəhərlənmə diaqnozuyla xəstəxanaya çatdırılır, bir çoxlarının həyatını isə, təəssüf ki, xilas etmək mümkün olmur.
Əvvəllər dəm qazından zəhərlənmələrə əsas səbəb kimi xaricdən idxal olunan qaz sobalarını göstərirdilər. Lakin faciələrə sobaların deyil, dahôa ciddi məqamların səbəb olduğu artıq hamıya məlumdur. Onlardan birinin üzərində dayanaq: Bakıda tüstü bacalarının axırıncı dəfə təmizləndiyi görəsən, kimin yadında olar?
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, “Azəriqaz” bir neçə il əvvəl Dövlət Neft Şirkətinin tabeliyinə veriləndə sözügedən problemi də məsul şəxslərin diqqətinə çatdırıblar: “Bacalar 20 ildən çoxdur ki, təmizlənmir. Bu məsələ diqqətə çatdırılsa da, nəticəsi olmadı. Gözləyirdik ki, daha peşəkar işçilər həmin problemi aradan qaldıracaq. Lakin mütəxəssisləri kənara atıb, vəzifədəkilərin qohum-əqrəbalarını işə götürdülər. Bunun nəticəsidir ki, kim harda, necə gəldi qaz xətti quraşdırır. ”Azəriqaz” və Neft Şirkətinin adamları gəlib xətti qeydiyyata alır, vəssalam. Aidiyyəti qurumun istehlakçılarla maarifləndirmə işinin səviyyəsi də gözlənildiyi kimi olmadı”.
E.Hüseynov onu da qeyd etdi ki, qazdan boğulmalara görə günahın Iran sobalarının üzərinə atılmasının heç bir əsası yoxdur: “Iran sobaları mövcud standartlara uyğundur. Lakin Azərbaycandakı qaz standartlara uyğun deyil. Əhali qazın tərkibindən razı deyil, qaz qırmızı rəngdədir, halbuki, o, göy rəngdə yanmalıdır”.
Dəm qazından boğulmalarla bağlı cinayət təqibinə gəlincə, AIB sədri deyir ki, müvafiq qurumların “fəaliyyəti” nəticəsində bu qəbildən olan hadisələr üzrə açılmış cinayət işlərində istehlakçı günahkar çıxarılır. Bunun əsas səbəbi də istehlakçılarla bağlanan müqavilə şərtləri və qanunlarda təhlükəsizlik məsuliyyətinin olmamasıdır.
“Belə bir bənd yoxdursa, kim günahkar çıxmalıdır?”, – deyə Eyyub Hüseynov əlavə edib.

Nigar