“Klintonun seçkilərin nəticələriylə bağlı bəyanatı ölkə daxilində bəziləri üçün siqnal olub”
Medvedev hökumət əleyhinə etirazları dəstəklədi
Rusiyada parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət tərədarları növbəti aksiya keçiriblər. Paytaxt Moskvaya nisbətən, Sankt-Peterburq şəhərində aksiyalar daha kütləvi olub. Ölkənin ikinci paytaxtında sayca dördüncü etiraz aksiyasına dair çağırışlar da sosial şəbəkələrdə yerləşdirilib. Müxalifət təmsilçilərindən Yevqeniy Pavlenko və İqor Çepkasov da aksiyaya qatılanlar arasında olub. Onlar şüarlar səsləndirməyə başlayan kimi həbs olunublar.
OMON qüvvələri etirazçıların aksiyanın keçirildiyi “Qostinıy Dvor” adlanan yerdən kənara çıxmalarının qarşısını kəsib. Ərazi dövrəyə alınıb. Müxalifət tərəfdarları elə həmin yerdə dekabrın 18-də kütləvi mitinq təşkil edəcəklərini bəyan ediblər. İlkin məlumatlara görə, dekabrın 7-də Sankt-Peterburqda 100-ə yaxın etirazçı həbs olunub. Onlardan ikisinə qarşı “hüquq-mühafizə orqanı əməkdaşını təhqir etmə” maddəsi ilə cinayət işinin açılması nəzərdən keçirilir.
Xatırladaq ki, Moskvada Dövlət Dumasına seçkinin nəticələrinə qarşı növbəti nümayiş dekabrın 10-na planlaşdırılıb. Sosial şəbəkələrdə edilən çağırışlara artıq minlərlə adam qoşulub. Planlaşdırılan ümumrusiya nümayişinə “İnqilab Meydanında Şənbə” adı verilib.
Bununla yanaşı Rusiyanın baş naziri Vladimir Putin seçkilərdən sonra keçirilən etiraz aksiyalarına münasibət bildirib. Hökumət başçısı baş verənlərə görə ABŞ-ı ittiham edib. Onun sözlərinə görə, ölkədaxili proseslərə xaricdən sifarişlə təsir etməyə çalışanlar var. Baş nazir ABŞ dövlət katibi Hillari Klintonun Rusiyadakı seçkiləri tənqid etməsini də yada salıb: “Mən amerikalı tərəfdaşlarımızın ilkin reaksiyasına baxdım. Dövlət katibinin dediyi ilk söz o olub ki, seçkilər düzgün və ədalətli keçirilməyib. Baxmayaraq ki, o hələ beynəlxalq müşahidəçilərin sənədlərini əldə etməyib”.
Putinin sözlərinə görə, Klintonun bu bəyanatı ölkə daxilində bəziləri üçün siqnal olub. Onlar bu siqnalı eşidib və ABŞ Dövlət Departamentinin dəstəyi ilə fəal işə başlayıb. Seçkiləri müşahidə edən xarici müşahidəçilərin fəaliyyətindən danışan Putin müqayisə üçün ABŞ-dakı seçkiləri göstərib: “ABŞ-da seçkilərə ümumiyyətlə müşahidəçi buraxılmır. Orada müşahidəçilərlə daha sərt davranırlar”.
Hökumət başçısı əlavə edib ki, mintinqə çıxanlarının bir hissəsi öz tamahkar məqsədlərinə nail olmağa çalışsa da, ölkə rəhbərliyi müxalifətlə danışıqlar aparmalı və ona nümayiş üçün imkan verməlidir: “Əgər insanlar qanun çərçivəsində hərəkət edirlərsə, onlara öz fikrini ifadə etmək hüququ verilməlidir və biz heç kimin bu vətəndaş hüququnu məhdudlaşdırmamalıyıq. Əgər kimsə qanunu pozursa, o zaman hakimiyyət orqanları və asayiş keşikçiləri bütün qanuni vasitələrlə qanunun icrasını tələb etməlidir. Biz hamımız böyük insanlarıq və anlayırıq ki, təşkilatçıların çoxu məlum ssenari üzrə hərəkət edir, onların qarşısında tamahkar siyasi məqsədlər durur. Ancaq biz həm də bilirik ki, ölkəmizdə insanlar, Qırğızıstan və ya yaxın keçmişdə Ukraynadakı kimi bu vəziyyətin inkişafını istəmir”.
Rusiya prezidenti Dmitri Medvedev isə seçkinin nəticələriylə bağlı etirazları dəstəkləyərək bunu demokratiyanın təzahürü adlandırıb. Medvedevin sözlərinə görə, insanların öz fikrini ifadə etmək imkanı olmalıdır və bu, normaldır. O, eyni zamanda qeyd edib ki, hər şey düzgün olmalı və ətrafdakılar üçün çətinliklərə səbəb olmamalıdır: “İndi ən əsası əsəbləri sakitləşdirmək və parlamentə işə başlamaq imkanı verməkdir. Seçkidən sonra yaranmış siyasi quruluş, seçkinin nəticələri vətəndaşların maraqlarına cavab verir”.


