Səidə Qocamanlı: «İş tam açılana qədər gündəmdə olacaq və faciəni törədənlər mütləq cəzasını alacaq»
Bu ilin avqust ayında öldürülən Turac Zeynalovun doğmaları mətbuat konfransı keçirərək mərhumun dəhşətli işgəncələr nəticəsində dünyasını dəyişdiyini sübut ediblər. T.Zeynalovun atası və həyat yoldaşı mərhumun Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində işgəncələrə məruz qaldığını təsdiqləyən videokadrları jurnalistlərə nümayiş etdirərək, cəsədin üzərindəki yaraları, zorakılıq izlərini diqqətə çatdırıblar. Həmin kadrlarda Turacın bədənində işgəncənin izləri açıq-aşkar görünür.
Qeyd edək ki, rəsmi tibbi rəydə Turacın onkoloji xəstəlikdən dünyasını dəyişdiyi iddia olunur. Mərhumun doğmaları isə bu iddianı əsassız adlandıraraq, Turacın tam sağlam olduğunu bəyan ediblər.
Naxçıvan MTN-də işgəncələrlə qətlə yetirilən T.Zeynalovun doğmaları və qohumlarına qarşı təzyiq və təqiblər isə hələ də davam edir. Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı bildirib ki, sözügedən məsələylə bağlı hüquq müdafiəçiləri jurnalistlərlə birgə Naxçıvanda olub: “Turac Zeynalovun yaxınlarıyla görüşərək həmin qətl hadisəsinin təfərrüatlarıyla tanış olmuşuq. Baş verən hadisə çox ciddi məsələdir. Bəlkə də bu, son vaxtlar baş verən iki-üç ağır faktdan biridir. Biz bu məsələni diqqətdən kənarda qoymayacağıq. Artıq beynəlxalq təşkilatlar Turacın işgəncələrlə öldürülməsi barədə məlumatlıdır. Onun ölümündə əli olanlar cəzasını almalıdır”.
Səidə Qocamanlı əlavə etdi ki, işgəncələrlə bağlı Avropa Şurasının əməkdaşları müvafiq iş aparır. Iyun ayında Strasburqa səfər zamanı hüquq müdafiəçiləri lazımi sənədləri Avropa Şurasına təqdim edib: “Bu iş gündəmdə olan məsələdir və tam açılana qədər də gündəmdə saxlanılacaq. Faciəni törədən şəxslər mütləq cəzasını alacaq”.
Informasiya şöbəsi