Müəllimlər və həkimlər də dilənçi payı alır

Azərbaycan bu sahədə də hamıdan geridə qalıb

Hətta Ermənistanda da həkim və müəllimlərin maaşı bizdəkindən yüksəkdi

Məlum olduğu kimi, ölkə başçısının sərəncamına əsasən, dekabrdan başlayaraq səhiyyə müəssisələrində və ali məktəblər istisna olmaqla orta təhsil müəssisələrində çalışanların maaşları 10 faiz artırılıb. Bundan sonra həkimlər dekabr ayından başlayaraq orta hesabla ayda 234 manat 30 qəpik, müəllimlər isə 269,5 manat maaş alacaq. Onu da qeyd edək ki, ölkədə rəsmi statistikaya görə, yaşayış minimumu 95 manat olsa da, müstəqil iqtisadçılar bu rəqəmin 168 manat təşkil etdiyini deyir. Üstəlik, maaşlarla yanaşı qiymətlərin də artdığını nəzərə alsaq, müəllim və həkimlərin əmək haqqının onların minimum ehtiyaclarını ödəməyə belə bəs etmədiyini demək olar. Bu da həkim və müəllimlərin xəstələrin və şagirdlərin əlinə baxmasına, rüşvət almasına gətirib çıxarır. Görünür, uğurlu inkişafdan, yüksək rifahdan danışan hökumətinin vətəndaşlarına “qayğısı” cüzi maaş artımından o yana keçmir. Neft pullarını mənimsəyən, bahalı layihələrə xərcləyən hakimiyyətin bu sərvətin kiçik bir hissəsini belə əhaliyə xərcləməyə əli gəlmir.
Ölkədə iqtisadiyyatın sürətlə inkişaf etdiyini, əhalinin gəlirlərinin sürətlə artdığını bəyan edən hökumət bu mənada Azərbaycanın dünyanın aparıcı ölkələrini geridə qoyduğunu da təkrarlamağı xoşlayır. Rəsmilər vətəndaşının firavan yaşadığını, hətta inkişaf etmiş dövlətlərin ölkəmizə həsəd apardığını deyir. Bəs reallıqda vəziyyət necədir? Bir neçə gün öncə qəzetimizdə digər ölkələrdə uşaq müavinətlərinə nəzər salmışdıq. Bu dəfə həkim və müəllimlərin əmək haqları ilə bağlı kiçik araşdırma apardıq. Nəticə rəsmilərin yalanını bir daha ortalığa çıxardı.

Avropalı həkimlər baş nazirdən çox maaş alır

ABŞ-da ən az əmək haqqı alan həkimin maaşı 14,5 min dollar təşkil edir. Isveçrədə bu göstərici 7,8 min avro, Böyük Britaniyada 7 min avrodur. Onu da qeyd edək ki, Britaniyada sahə həkimlərinin aldığı əmək haqqı baş nazirin maaşından çoxdur. Israildə səhiyyə işçiləri 7,5 min dollar, Niderlandda 6,3 min, Fransada 6 min avro, Sinqapurda isə 6 min dollar, Almaniyada 5,5 min avro, Yaponiya və Tayvanda 5,4 min dollar, Italiyada 5,2 min avro, Ispaniyada 5 min, Danimarkada 4,6 min avro, Finlandiya və Portuqaliyada 2,5 min avro, Küveytdə 2,4 min dollar, Estoniyada 2,1 min, Çexiyada 1,6 min, Polşada 1,5 min, Latviyada 1,1 min, Litvada 900, Rumıniyada 650 avro, Çində 350 dollar təşkil edir. Göründüyü kimi, Azərbaycan həkimləri ilə ABŞ, Avropa və dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə işçilərinin əmək haqqı arasında fərq müqayisəolunmaz dərəcədədir.

MDB-də ən kasıb həkimlər Azərbaycandadı

Məmurlar Azərbaycanın regionun lideri olduğunu desə də, reallıq tamam başqadır. MBD ölkələrinə, əsasən də qonşu dövlətlərə nəzər salanda, bunu aydın görmək olur. Məsələn, Rusiyada həkimlərin orta aylıq əmək haqqı 800 dollardır. Ancaq bu məbləğ səhiyyədə çalışanları qane etmir və onlar mütəmadi olaraq hökumətdən bu məsələyə baxmağı tələb edir. Belarus həkimləri də azərbaycanlı həmkarlarından çox maaş alır. Bu ölkədə tibb işçilərinin minimum əmək haqqı 340 dollardır. Qazaxıstanda bu göstərici 300-800 dollar arası, Ukrayna və Gürcüstanda isə 300 dollardır. Türkmənistanda büdcə təşkilatlarında çalışanların orta aylıq əmək haqqı 180-200 dollardır. Ancaq bu pula 1128 kq çörək, yaxud 65 kq ət, 270 kq qənd, 49 kq yağ almaq olar. Onu da xatırlatmaq lazımdır ki, bu ölkənin əhalisi istifadə etdiyi təbii qaz, elektrik enerjisi, suya görə pul ödəmir. Digər kommunal xərclər isə simvolikdir. Büdcəsi Azərbaycanın hərbi büdcəsindən kiçik olan, YAP iqtidarının dilənçi kimi təqdim etdiyi Ermənistanda isə həkimlər minimum 390 dollar alır. Bu ölkədə yaşayış minimumu isə 140 dollardır.

Qəzzafinin Liviyasında həkimin maaşı 3 min dollar idi

Bu il inqilabların baş qaldırdığı ərəb ölkələrində həkimlərin maaşı Azərbaycandan müqayisəolunmaz dərəcədə yüksəkdir. Məsələn, Liviyada həkimlərin maaşı orta hesabla 3 min dollardır. Qeyd edək ki, bu ölkədə səhiyyə yüksək səviyyədədir və tibb müəssisələrində xidmət pulsuzdur. Tunisdə isə dövlət tibb müəssisələrində çalışan həkimlər 1200 dollar, özəl xəstəxanalarda isə 4 mindən 10 min dollara qədər maaş alır. Yəmən həkimlərinin əmək haqqı 1500-3000 dollardır. Tibb bacılarının maaşı isə 350-400 dollar arasındadır. Qiymətlər isə xeyli aşağıdır. Məsələn, bu ölkədə bir aylıq ərzaq normasına cəmi 85 dollar lazımdır. Birləşmiş Ərəb Əmirliklərində isə müəllimlər orta hesabla 4400 dollar əmək haqqı alır. Ölkədə qiymətlərin çox ucuz olmasını nəzərə alanda, bu məbləğ kifayət qədər yüksəkdir. Dünyanın ən kasıb ölkələrindən biri sayılan Anqolada da həkimlər Azərbaycan həkimlərindən yüksək əmək haqqı alır. Səhiyyədə çalışanların maaşı 500-2500 dollar arasındadır.

Türkiyədə həkim 2500 dollara qədər maaş alır

Azərbaycanda yaxşı müalicə ala bilməyən xəstələr, adətən, qonşu Irana üz tutur. Bu ölkədə səhiyyənin səviyyəsi ilə yanaşı tibbdə çalışanların əmək haqqı da yüksəkdir. Iranda 1000 dollardan aşağı əmək haqqı alan həkim yoxdur. Qardaş Türkiyədə isə həkimlər 900 dollardan 2500 dollara qədər əmək haqqı alır. Bəzi əyalətlərdə isə, məsələn, Şərqi Anadoluda bu məbləğ 10 min dollara çatır.

Ermənistan müəllim maaşında da bizdən öndədir

Müəllimlərin də vəziyyətini digər ölkələrlə müqayisə edəndə, ortaya oxşar mənzərə çıxır. Məlum olur ki, bu sahədə də ən acınacaqlı vəziyyət Azərbaycandadır. Belə ki, Rusiyada orta məktəb müəllimlərinin minimum əmək haqqı 600-1000 dollar, Belarusda 370 dollar, Gürcüstanda 400-600 dollar, Ermənistanda 300-450 dollar, Qazaxıstanda 440 dollar, Özbəkistanda isə hətta 4 min dollardır.

Təbii sərvəti olmayan Estoniyada müəllim 1000 dollar alır

Təbii ki, ABŞ, Avropada və digər inkişaf etmiş ölkələrdə bu göstərici daha yüksəkdir. Belə ki, ABŞ-da müəllimin orta illik əmək haqqı 40-45 min dollar arasındadır. Bəzi ştatlarda isə bu göstərici 60 min dollara çatır. Avropa müəllimləri isə ayda minimum 1500-3800 avro əmək haqqı alır. Məsələn, Lüksemburqda müəllim 7 min, Isveçrədə 5 min, Almaniyada 5 min, Niderlandda 4400, Irlandiyada 4300, Şotlandiyada 3800, Cənubi Koreyada 4300, Yaponiyada 4000, Avstraliyada 3700, Ispaniyada 3700, Danimarkada 3600, Ingiltərədə 3600, Belçikada 3500, Finlandiyada 3300, Avstriyada 3200, Yeni Zenlandiyada 3100, Norveçdə 3 min, Portuqaliyada 2800, Italiyada 2800, Fransada 2700, Sloveniyada 2500, Yunanıstanda 2500, Islandiyada 2300, Çexiyada 1800, Israildə 1700, Polşada 1300, Macarıstanda 1300, Estoniyada 1000 dollar, Səudiyyə Ərəbistanında 800-1000, Tunisdə isə 500 dollar əmək haqqı alır.
Göründüyü kimi, bu sırada da ölkəmiz sonunca yerdə dayanır. Digər ölkələrin həyata səviyyəsinə nəzər salanda “uğurlu inkişaf” yalanının miqyası bir daha bəlli olur.

Fizzə