Istanbuldakı biabırçılıq məhkəməyə daşındı

İntiqam Əliyev: «Bu, bir ləyaqət məsələsidir…»

«Kameraların yaddaşına baxış keçirilsə də, keçirilməsə də, hər iki halda nəticə mənim xeyrimə olacaq»

 

Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, tanınmış hüquqşünas Intiqam Əliyev dekabrın 7-də Istanbulun Atatürk hava limanında başına gələnlərlə əlaqədar Türkiyədə üç istiqamətdə məhkəmə işi qaldırmaq niyyətindədir. Bu barədə “Azadlıq”a hüquq müdafiəçisinin özü məlumat verib.
Intiqam Əliyev bildirib ki, ona qarşı qanunsuzluğu hüquqi müstəvidə sübut etmək üçün artıq türkiyəli vəkillər hazırlıq işlərinə başlayıb: “Vəkillərim həm deportasiyanın qanunsuz hesab edilərək ləğv olunması, həm dekabrın 7-də gün ərzində qanunsuz həbs olunmağım, həm də mənə qarşı yol verilən zorakılıqla bağlı iş qaldıracaq. Məni müdafiə edən vəkil Cem bəy artıq Istanbulda vali ilə görüşüb. Vali deyib ki, əgər deyilənlərin 10 faizi düzgün olsa, bundan lazımi nəticələr çıxarılacaq”.
Hüquqşünas deyir ki, hadisənin ciddiliyi heç də Türkiyəyə gedib-gəlməkdə yaranan məhdudiyyətdə deyil. Onun sözlərinə görə, bu, bir ləyaqət məsələsidir: “Azərbaycan vətəndaşı, hüquqşünas olaraq, Türkiyədə böyük haqsızlığa məruz qalmışam və deportasiya da bu haqsızlığın tərkib hissəsidir. Ona görə də qanunsuz saxlanılmağım, bu zaman hüquqlarımın pozulması, o cümlədən vəkillərlə görüşümə imkan verilməməsi, mənə qarşı zorakılıq, döyülməyim, hədələnməyimlə əlaqədar mütləq hüquqi müstəvidə sona qədər gedəcəyəm. Çünki bu, tək bir məmurun işi deyil, dövlətin qonşu ölkənin vətəndaşına münasibətidir. Bunun arxasında nə dayandığı isə mənim özümə də bəlli deyil. Çünki beynəlxalq qurumlar dərhal məsələyə müdaxilə edərək, Türkiyənin müvafiq qurumlarını məlumatlandırmışdılar. Amma bundan sonra da iki nəfər mülki geyimli şəxs hamının gözü qarşısında qollarımı qandallayıb, sürüyə-sürüyə aparır, döyürdü. Heç kim də reaksiya vermirdi. Hətta bir neçə dəfə onlara vəkil olduğumu da dedim. Bunu həm də ona görə edirdim ki, baş verənlər kameraların yaddaşına düşsün”.
Intiqam Əliyevə Türkiyədən deportasiya olunduğu deyilsə də, hüquqşünasa bununla bağlı heç bir rəsmi sənəd təqdim olunmayıb. Heç pasportuna möhür də vurulmayıb. Bu məqam elə Intiqam Əliyevin özünə də təəccüblü görünür: “Sənəd təqdim eləmədilər, sadəcə dedilər ki, deportasiya olunursan. Etirazımı bildirdim. Dedilər ki, bu qərarla razı deyiləmsə, bir neçə gün Türkiyədə qalmalıyam, məsələ araşdırılmalıdır. Bununla razılaşdım və dedim ki, səlahiyyətli şəxslərə fikrimi çatdırın. Onlar danışdılar, sonra dedilər ki, yox, deportasiya olunmalısınız. Mənə elə gəldi ki, iş böyüdüyündən onlar canlarını məndən qurtarmaq istəyirdilər”.
Intiqam Əliyev Bakıya qayıdandan sonra tibbi müayinədən keçib. Ekspertizanın rəyini əldə edəndən sonra sənəd Türkiyəyə göndəriləcək.
Bundan başqa, Intiqam Əliyevin vəkilləri hava limanındakı kameraların yaddaşına baxış keçirilməsi məsələsini qaldıracaqlar. Hüquqşünas deyir ki, kameraların yaddaşına baxış keçirməyə razılaşsalar da nəticə onun xeyrinə olacaq, razılaşmalar da: “Razılaşmasalar, deməli, nəyisə gizlədirlər, bu da mənim haqlı olduğumu göstərir. Yox, razılaşsalar, deməli, mənim söylədiklərim konkret faktlarla sübuta yetəcək”.
Qeyd edək ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, “Freedom House”, “Human Right Watch” olayla əlaqədar Türkiyənin müvafiq qurumlarına müraciət ünvanlayıblar. Türkiyə mediası da mövzunu diqqətdə saxlayır.

Aytən Məmmədova