Azərbaycan yenə Qarabağ məsələsini BMT-dən çıxardı

Hakimiyyət cəmi iki ay əvvəl onu Təhlükəsizlik Şurasına seçmiş 150 ölkəyə niyə etibar etmir?

Artıq 5-ci ildir ki, Azərbaycanın təkidi ilə BMT Baş Assambleyasının gündəliyinə salınmış “Işğal olunmuş Azərbaycan ərazilərində vəziyyət” adlı qətnamə layihəsinin səsverməsi elə Azərbaycanın öz təşəbbüsü ilə qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə “Turan”ın Vaşinqton müxbirini BMT-dəki mənbələr məlumatlandırıb. Səsvermə dekabrın 12-də keçirilməli idi.
“Azərbaycan tərəfi sənədin hazırda müzakirəsini məqbul bilmir. Dekabrın 12-də Assambleya heç bir yığıncaq keçirməyəcək”, deyə mənbə bildirib. Nyu Yorkdakı Azərbaycan diplomatları mövzunu şərh etməkdən boyun qaçırıblar. Eyni ssenari əvvəlki illərdə də təkrarlanıb. Bir qayda olaraq, qeyri-rəsmi söhbətlərində Bakı rəsmiləri bunu qətnamənin qəbulu üçün yetərli dəstək toplaya bilməmələri ilə əlaqələndirirdi. Bu halda sual olunur: Niyə Azərbaycan bu dəfə – cəmi iki ay əvvəl onu Təhlükəsizlik Şurasına seçmiş 150 ölkəyə ikinci dəfə etibar edə bilmədi?