Avroatlantik məkana inteqrasiyanın yolları

Avro-Atlantik Şura təkliflər paketini açıqlayıb

Avro-Atlantik Şura (AAŞ) dekabrın 8-də «Sürətlə dəyişən regional şərait və Azərbaycanın avro-atlantik inkişaf perspektivləri» mövzusunda dəyirmi masa keçirib. Tədbirdə mövcud regional şəraitdə Azərbaycanın avroatlantik inkişaf perspektivləri ilə bağlı AAŞ-nin təkliflər paketi elan olunub. Təşkilat Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında göstərildiyi kimi, ölkəmizin strateji hədəfinin məhz avroatlantik məkana inteqrasiya olduğunu da nəzərə alaraq yaxın strateji inkişaf perspektivi üçün bu təklifləri irəli sürür. 

– Azərbaycan daha artıq zaman itirmədən NATO ilə münasibətlərində strateji və taktiki hədəflərini müəyyən etməlidi. Strateji səviyyə, uzaq perspektiv üçün bu alyansa üzvlük, taktiki səviyyə üçünsə daha sıx və sürətli inteqrasiya olmalıdı. Ölkəmiz “oyalama” taktikasından əl çəkib NATO ilə münasibətlərin növbəti mərhələsinə keçməli, ikitərəfli münasibətlər nəhayət, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planından(İPAP) yuxarı çıxmalı və İntensiv Dialoq(İD) mərhələsinə keçməlidi. Bunun üçünsə Azərbaycan, ilk növbədə NATO-ya üzv olmaq istəyini rəsmən bəyan etməli və alyansla  imzaladığı sənədlərdə(PfP, İPP, PARP, OCC və s.) nəzərdə tutulan islahatların həyata keçirilməsi prosesini sürətləndirməlidi. Yalnız bundan sonra Azərbaycan-NATO münasibətlərində yeni mərhələyə – İD mərhələsinə keçmək mümkündü.
– Azərbaycan Avropa İttifaqının(Aİ) Praqa sammitində(may 2009) Avropa Qonşuluq Siyasətinin spesifik yönü kimi irəli sürdüyü, tərəfdaş ölkələrin ittifaqla siyasi assosiasiyasını və iqtisadi inteqrasiyasını nəzərdə tutan strateji və ambisiyalı Şərq Tərəfdaşlığında aktiv iştirak etməlidi. Aİ bu prosesi sürətləndirmək məqsədilə Şərq Tərəfdaşlığının Varaşava Sammitinin(29-30 sentyabr 2011-ci il) Birgə Bəyanatında göstərildiyi kimi Şərqi Avropa ölkələrində, o cümlədən Azərbaycanda aparılması nəzərdə tutulan demokratik islahatlara dəstək verməyi nəzərdə tutur. İlk dəfədir ki, bir Avropa ölkəsi hesab edilən Azərbaycan bu tarixi şansı düzgün qiymətləndirməli, Aİ-yə assosiativ üzvlüyü və iqtisadi inteqrasiyanı hədəf götürərək bu təşəbbüsün uğurla həyata keçirilməsində bütün sahələrdə yaxından iştirak etməlidir. Bu çərçivədə Azərbaycan yeni təşəbbüsdən irəli gələn demokratik islahatlar prosesini sürətləndirməli və Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı bütün süni maneələri dərhal aradan qaldırmalıdı.
– Azərbaycan sürətlə dəyişməkdə davam edən regional şəraiti, Gürcüstan böhranından(08.08.2008) və “ərəb oyanışı”ndan sonra regionda yeni vəziyyətin yarandığını, əlverişsiz beynəlxalq əhatədə olduğunu, məqsədyönlü strateji inkişaf perspektivi üçün qlobal güc olan ABŞ-ın əhəmiyyətinin daha da artdığını nəzərə almalı və onunla strateji tərəfdaşlıq sazişi imzalamalıdır. Müharibə vəziyyətində olan və qonşularının artan təzyiqləri ilə üzbə-üz qalan Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması problemi ilə bağlı olaraq bu strateji tərəfdaşlıq sazişinin aktuallığı mövcud şəraitdə daha da artıb.
– Azərbaycanın təbii müttəfiqi olan qardaş Türkkiyə ilə gec də olsa “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım” haqqında saziş bağlaması müsbət qiymətləndirilməklə bərabər, yeni regional durumda Türkiyənin rolunun əhəmiyyətli dərəcədə artdığı və Cənubi Qafqazda aktiv siyasət aparmağa başladığı da nəzərə alınmalı və regional hərbi-siyasi disbalansın pozitiv istiqamətdə dəyişməsi üçün ilk növbədə, bu ikitərəfli münasibətlər hərbi-siyasi ittifaq səviyyəsinə qaldırılmalıdı.
AAŞ-yə görə, Azərbaycanın strateji inkişaf perspektivinin gücləndirilməsi üçün ölkəmizin tərfdaşları da öz növbələrində yaxın dövrdə müəyyən addımlar atmalıdır. Təşkilatın irəli sürdüyü təkliflərdə bu məqamlara da toxunulub:
– ilk növbədə, ölkəmizin strateji inkişafı qarşısındakı başlıca problemlərdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli prosesində ABŞ, Türkiyə, Aİ və NATO fəallığı artırmalı, Aİ Minsk qrupunun həmsədrlərindən biri kimi danışıqlar prosesinə daxil olmalı;
– Aİ Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla əlaqələrin inkişafını stimullaşdırmaq üçün tezliklə ölkəmizlə sadələşdirilimiş viza rejiminə keçməli;
– NATO üzvlük tələbləri sırasında göstərdiyi namizəd ölkənin ərazisində və qonşuları ilə münaqişələrin olmaması tələbinə və alyansın öz üzərinə tərəfdaş ölkələr üçün bir sıra təhlükəsizlik öhdəlikləri götürməsi məsələlərinə yenidən baxmalı;
– ABŞ və TC isə Azərbaycanla strateji əlaqələrin gücləndirilməsi üçün konkret addımlar atmalıdı.