Devid Kramer: “Etiraza qalxan fəallara mənəvi və siyasi dəstəyin olması vacibdir”
“Obama bəyan etməlidir ki, Vaşinqton gələn ilin martında keçiriləcək prezident seçkilərini xüsusi diqqətdə saxlayacaq”
ABŞ dövlət katibinin insan haqları və demokratiya məsələləri üzrə keçmiş köməkçisi, “Freedom House” beynəlxaq insan haqları təşkilatının prezidenti Devid Kremer “The Foreign Policy” jurnalında Rusiyadakı hadisələrlə bağlı məqalə dərc etdirib. Kremerin fikrincə, dövlət katibi Hilları Klintonun Rusiyada keçirilmiş seçkilərin nəticələrilə bağlı açıqlamaları rus cəmiyyətində demokratiyanı dəstəkləyən qruplara stimul verir: “Hillari Klintonun açıqlaması Rusiyada demokratiya və insan haqları uğrunda mübarizə aparan qüvvələrə güclü dəstək oldu. Hakimiyyətin total nəzarətinə baxmayaraq etirazlara qalxan fəallara mənəvi və siyasi dəstəyin olması vacibdir. Yaxşı olardı ki, ABŞ prezidenti Barak Obama da Klintonun açıqlamalarına oxşar və hətta daha sərt mövqe ortaya qoysun. Obama bəyan etməlidir ki, Vaşinqton Rusiyada gələn ilin martında keçiriləcək prezident seçkilərini xüsusi diqqətdə saxlayacaq. Ağ ev sübut etmlədir ki, Vaşinqton Moskva ilə münasibətlərin yaxşılaşdırılması müqabilində demokratiya və insan haqlarını ikinci plana keçirmək fikrində deyil”, – deyə Kremer bildirib.
Xatırladaq ki, ABŞ dövlət katibi Hillari Klinton Rusiyadakı seçkilərə Litvanın paytaxtı Vilnüsdə keçirilən ATƏT xarici işlər nazirlərinin 18-ci toplantısında münasibət bildirib. ABŞ rəsmisi seçkilərdə kütləvi saxtakarlıq halları baş verdiyini və seçicilərin təməl hüquqlarının ciddi şəkildə pozulduğunu söyləyib: “Rusiya seçiciləri manipulyasiya və saxtalaşdırma hallarının tam şəkildə araşdırılmasına layiqdirlər. Rusiya vətəndaşları da digər ölkələrin vətəndaşları kimi səslərinin düzgün hesablanmasına layiqdirlər. Onlar azad, ədalətli və şəffaf seçkilərə, onlar qarşısında hesabat verən liderlərə layiqdirlər”.
İnformasiya şöbəsi