Azərbaycan müharibəyə başlayacaqmış; ABŞ və Rusiya son anda xəbər tutub və…
Bir neçə il əvvəl ABŞ və Rusiya Azərbaycanın Qarabağa hücum planından son anda xəbər tutaraq Bakını fikrindən daşındıra biliblər. Bu barədə nüfuzlu analitik Tomas de Vaal Vaşinqtonda Helsinki Komissiyasında Qafqazda münaqişələrə həsr olunmuş konfransdakı çıxışında bildirib.
“Turan”ın müxbiri konfransdan xəbər verir ki, Komissiya ümumilikdə Qafqazda yeni müharibə riskindən narahatdır.
Dinləmələrdə çıxış edən Vaşinqtonun nüfuzlu ekspertləri və Konqress üzvləri diqqəti Azərbaycan və Ermənistanın sürətli silahlanmasına yönəldərək münaqişənin hər an közərə biləcəyini vurğulayıblar. “Xüsusilə, son aylar regionda müharibə təhlükəsi ilə bağlı narahatlıqlar artıb”, – ABŞ Xarici Əlaqələr Şurasının əməkdaşı, təcrübəli diplomat Wayne Merry bəyan edib. Onun sözlərinə görə, hər iki tərəf sanki “ciddi həmləyə” hazırlaşır, yeni müharibə əvvəlkidən daha dağıdıcı ola bilər.
Eyni zamanda De Vaal Azərbaycan rəsmilərinə istinadən Bakının artan hərbi xərclərinin müharibəyə hazırlıq olmadığını söyləyib. Onun fikrincə, neft pulları ilə güclənən və bu yaxınlarda BMT TŞ-yə üzv seçilən Azərbaycanın rəsmiləri bu yolla beynəxlaq vasitəçiləri Ermənistana təzyiq göstərmək üçün dilə tutmağa çalışırlar.
De Vaalın fikrincə, Qarabağda danışıqların “yenidən dizayn edilməsinə” ehtiyac yoxdur, əsas məsələ xalqları real sülhə hazırlamaq və dialoqu başa çatdırmaqdır.
Brookings Institutundan Fiona Hill isə bəyan edib ki, vasitəçiləri tənqid etmək asandır, liderlər münaqişəni həll etmək məsuliyyətlərini boyunlarından atmamalıdır.
Onun fikrincə, Kosovonun müstəqilləşməsi Qafqazdakı münaqişələrə öz mənfi təsirini göstərib.
Müzakirələrə rəhbərlik edən konqresmen Michael C.Burgess və komissiyanın siyasi məsləhətçisi Michael Ochs təəssüflə vurğulayıblar ki, 20 ildir ki, Qafqaz münaqişələrin cəngindən qurtula bilmur. Onların fikrincə, siyasi münaqişələr regionda real inkişafın qarşısını alır və bundan əziyyət çəkənlər isə sıravi insanlardır.