Nazirin sözçüsü ölkənin ikinci şəxsinin qərarını əhəmiyyətsiz hesab etdi
Nəqliyyat naziri Ziya Məmmədov baş nazir Artur Rəsizadəni saymır. Əgər belə olmasaydı Ziya Məmmədovun sözçüsü Namiq Həsənov baş nazirin qərarını əhəmiyyətsiz hesab etməzdi.
Təssəvvür edin, Nazirlər Kabinetinin qərarına əsasən sərnişin daşınması marşrutları üzrə fəaliyyət göstərəcək şirkətlər müsabiqə ilə seçilməlidir. Namiq Həsənov bu məsələ ilə bağlı bunları deyib: “Şirkətlərin göstərdiyi xidmətlərin səviyyəsi göz qabağında olduğu üçün müsabiqənin keçirilməsinə ehtiyac da yoxdur. Üstəlik, bəzi şirkətlərin özləri nazirliyə müraciət edərək fəaliyyətlərini dayandırdıqlarını bildirirlər”.
Bu faktiki olaraq Nazirlər Kabinetinin qərarını saymamaq deməkdir. Görünür, Artur Rəsizadənin dişsiz məmur olması onun hətta Namiq Həsənov səviyyəsində aşağılanmasına gətirib çıxarıb.
Digər tərəfdən Ziya Məmmədov baş nazir postuna iddialıdır. Bəlkə həm də bu səbəbdən nəqliyyat naziri Artur Rəsizadənin qərarlarına əhəmiyyət vermir.
Yeri gəlmişkən, Bakı şəhəri daxilində avtobuslarla sərnişin daşınması üçün istismar olunan marşrutların sayı 310-dan 217-ə endirilib. Namiq Həsənov deyib ki, bunlar əsasən bir-birini təkrarlayan və eyni xətlə hərəkət edən marşrutlardır. Əslində bu “islahat” Ziya Məmmədovun nəqliyyat sistemini “yad elementləri” təmizləmək məqsədi daşıyır.
Azad