Elçin Sadıqov «Hər görüşdən sonra aramızdakı söhbət barədə sorğu-sual edirlər»
Vəkil Elçin Sadıqov Bakı Istintaq Təcridxanasında ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı Ombudsman Elmira Süleymanovaya müraciət edib. E.Sadıqovun sözlərinə görə, “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı ilə həbsxanada görüşərkən və görüşdən sonra üzərində axtarış aparılır, hüquqlarını müdafiə etdiyi şəxslə aralarında olan söhbətin mövzusu barədə sorğu-sual olunur:
“Bu hərəkətlər qanunsuzdur, peşə fəaliyyətimə edilən müdaxilədir. Əvəz Zeynallı ilə yazılı şəkildə danışmağa məcbur oluram, lakin sonda təcridxana əməkdaşları ünsiyyətimizin mövzusu barədə mənə suallar verirlər. Bu əməl isə Cinayət Məcəlləsinin 92.9.2-ci maddəsinə, vəkillik fəaliyyəti və vəkillik sirri haqqında qanuna ziddir”. Vəkil təcridxana rəhbərliyinin qanunsuz hərəkətləri barədə 2 saylı Inzibati Iqtisad Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdiyini də bildirib.
Dünən Media Hüququ Institutu bəyanat yayaraq E.Sadıqova qarşı Bakı Istintaq Təcridxanasında edilmiş qanunsuz hərəkətləri pisləyib. Qurum insidentin tez bir zamanda araşdırılmasını, vəkilin, eləcə də Ə.Zeynallının hüquqlarının pozulmasının qarşısının alınmasını, müdafiə hüququnun səmərəli həyata keçirilə bilməsi üçün normal şəraitin yaradılmasını tələb edib: “Elçin Sadıqov Əvəz Zeynallı ilə görüşdən sonra Bakı Istintaq Təcridxanasında bir neçə dəfə qanunsuz sorğu-suala, axtarışa və yoxlamaya məruz qalıb. Vəkilin etirazlarına və şikayətlərinə baxmayaraq hələ də bu məsələ ilə bağlı araşdırma aparılması və tədbir görülməsi barədə məlumat verilməyib. Vəkilə qarşı belə qanunsuz addımlar hüquqi yardıma ehtiyacı olan jurnalistlərin müdafiə hüququnun səmərəsini xeyli aşağı sala bilər. Vəkil Elçin Sadıqovun konfidensial saxlamağa haqlı olduğu bilgilərə, sənədlərə, qeydlərə görə çək-çevirə salınması ”Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında” qanunun ciddi pozuntusudur. Vəkilin qanunsuz axtarışa, sorğu-suala məruz qalması Cinayət Prosessual Məcəlləsinin müddəalarının da pozuntusudur. Konfedensial ünsiyyət təkcə söhbətləri yox, eyni zamanda bütün ünsiyyət formalarının, qeydlərin, məlumatların da konfedensial saxlanılmasını özündə ehtiva edir”.
Gültəkin


