“Bakı küçələrində asılmış nəhəng portretlər Suriyada etirazçıların yandırdığı Hafiz-Bəşər Əsəd portretlərilə oxşarlıq təşkil edir”. Bu cümlə ABŞ-ın “The National Review” jurnalında Devid Prays Consun Azərbaycanla bağlı yazdığı məqalənin ana xətti olmaqla yazıya son dərəcə vizual effekt verir.
Həmin məqalənin “Azadlıq” qəzetində verilmiş xülasəsinə yazılan bir şərh isə ürək ağrıdır. Bu ağrını mən və bir az məndən gənc olan şərh yazanla eyni nəslin nümayəndəsi olanlar daha yaxşı duyarlar. Şərhçi təxminən belə yazır:
“Bu millət 90-ci illərdə küçəyə tökülən millət deyil elə bil!!! Heyf mənim uşaqlığımdan. Dərsdən qaçıb mitinqlərə gedirdim ki, axırımız bu olsun?”. Şərhin sonunda sonsuz kədəri, ötən ömrün peşmançılığını ifadə edən “smaylik” – mötərizənin açılış tayından bir neçəsi ard-arda düzülüb.
Nədir bu kədər? Bu ümidsizlik? Çarəsizlik? Hərəkat başlayanda, deyək ki, məktəbin sonuncu sinfində oxuyan, hələ dumanlı şəkildə azadlığı, müstəqilliyi dərk eləyərək hərəkata qoşulmuş bu qardaşımız indi nədən bu qədər ruhdan düşüb, şərin əbədi olacağına inanıb?
Axı tarix nə qədər bu cür hallar yaşayıb. Qalxınma olub, mübarizə baş verib, saf ürəkli azadlıqsevərlər öz varlıqlarıyla bu savaşa qoşulub, ama bəhrəsini elə o savaşların əksinə çıxanlar görüb. Uzağa getməyək. Elə Islam tarixinə baş vurmaq yetər. Islamın, Məhəmməd peyğəmbərin ən qatı düşməni, qüreyşi aristokratı və başçısı Əbu Süfyanın, peyğəmbərin kələkbaz, ikiüzlü əmisi, Məkkənin fəthindən 2-3 gün qabaq “imana gələn” Abbasın övladları, törəmələri sonradan Islamın bəhrəsini daha çox görmədilərmi? Həm də yüz illərlə. Lakin hər biri sonunda taxtdan salındı və mən deyərdim ki, Məhəmməd peyğəmbərdən sonra ikinci “ərəb baharı” bu məsələlərə indi son möhürünü vurmaqdadı.
Mən heç də bizim də yüz illərlə gözləyib istədiyimizə çatacağımızı demək fikrində deyiləm. Nə zaman o zamandı, nə dünya o dünya. Artıq bəşəriyyətin dəqiq tanıdığı, sınaqdan çıxardığı demokratiya var və indi bütün dünya yenidən velosiped kəşf eləmədən o demokratiyaya, xalq idarəçiliyinə can atır, on il tez, on il gec istədiyinə çatır. Bu gün Azərbaycan xalqı uğuruna can atdığı o düzənin lap astanasındadı. Buna inanmamağa heç bir əsasımız yoxdur.
Bir neçə gün qabaq gənclərin heç bir göstəriş olmadan, öz başlarıyla təşkil elədiyi möhtəşəm aksiyanı görüb də mütərəqqi dünya dövlətləri ailəsinə qoşulacağımıza inanmamaq, deyərdim, küfr sayıla bilər. Bugünkü ailə hakimiyyətinin, oliqarxiya düzəninin yıxılacağı, çökəcəyi gün kimi aydındı. Onlardan sonra gələcək hakimiyyətin kimlərdən oluşacağını zaman göstərəcək. Ancaq bir şey də aydındı – belə gəncliyi olan, oluşan ölkədə heç bir hakimiyyət demokratiya cızığından çıxa bilməyəcək. Çıxsa belə, yenə də təhlükəli deyil. Çünki gözümüzün qabağında öz daxili enerjisi və intellekti ilə meydana çıxan gənclik və onların ardınca gələn nəsil var. Yetər ki, ətalət yaranmasın. Daim hərəkət, daim dinamizm – daim hərəkat!
Gənclərin aksiyasında bir məqam diqqətimi çəkdi. Polis aksiyaçı bir xanımdan çıxıb evinə getməyi tələb eləyir. O polisə görə qadın qaxılıb evində oturmalı, əri min bir şərəfsizliklə olsa da, gedib onuncun para qazanmalıdı. Xanım polisə deyir: “Getmirəm. Mən Azərbaycan vətəndaşıyam. Istədiyim yerdə dayana bilərəm”. Polisin cavabı: “Pah, Azərbaycan vətəndaşıymış…”. Öz dövlətinin varlığına, onun vətəndaşlarının mövcudluğuna inanmayan, ikrah edən, lağa qoyan polisin tabe olduğu hakimiyyət, diktatura nə qədər ayaq üstə dura bilər ki? Heç nə qədər. Gənclik oturana kimi. Gənclik isə ayaq üstdədi. Dim-dik!