Simfonik musiqini yaşadan şöhrətli Orkestr

Dövlət Simfonik Orkestrinin şərəfli tarixi

Hər bir xalqın musiqi tarixində simfonik musiqinin xüsusi yeri var. Təməli XX əsrdə qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbi və simfonik ifaçılıq bir-biri ilə daim əlaqədə olmuş, biri digərinin inkişafını şərtləndirmişdir. Bu mənada ölkəmizin baş orkestri – Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri müasir ifaçılıq sənətimizin öndə gedən parlaq təmsilçilərindən biridir. Tarixi vərəqləyərkən orkestrin taleyində mühüm rol oynamış mərhələlər göz önündə canlanır.
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri 1920-ci ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılıb. Tez bir zamanda orkestr Qlinkanın, Çaykovskinin, Musorskinin, Rimski- Korsakovun, Motsartın, Bethovenin, Şubertin, Berliozun, Mendelsonun, Vaqnerin, Listin və başqa bəstəkarların əsərlərini yüksək səviyyədə, professionallıqla ifa etməyə başlayıb. O zaman Dövlət orkestri dahi alman bəstəkarı Bethovenin 150 illiyi münasibəti ilə Bakıda təşkil olunmuş yubiley konsertlərində böyük proqramla çıxış etdi. Bu konsertlərdə Bethovenin, I, III, IX simfoniyaları, fortepiano və orkestr üçün V konserti, “Leonora III” uvertürası səsləndi. Müxtəlif illərdə dövlət simfonik orkestri ilə dirijorlardan M.Çernyaxovski, U.Qoldşteyn, A.Stolerman və başqaları işləmişlər.
Simfonik orkestrin fəaliyyət miqyası, genişliyi, intensivliyi haqda təəssürat yaratmaq üçün onun yalnız bir – 1922-23-cü il mövsümünün konsert proqramlarına nəzər salmaq kifayətdir: Çaykovskinin Altıncı simfoniyası, “Françeska da Rimini” uvertürası, skripka və fortepiano üçün konsertləri, violonçel və orkestr üçün “Rokoko mövzusuna variasiyalar”, “Italyan kapriççosu”, Rimski-Korsakovun “Şəhrizad” simfonik süitası, Borodinin “Bahadır” simfoniyası, Şubertın “Tamamlanmamış simfoniya”sı, Bethovenin VII simfoniyası və s.
Orkestrin formalaşmasında dirijorlardan R.Baton (Fransa), O.Klemperer (Almaniya), F.Ştidri (Avstriya), N.Qolovanov (Rusiya) yaxından iştirak ediblər. Keçmiş Sovetlər Birliyində ilk orkestrlərdən biri olan Azərbaycan Dövlət Simfonik Orkestri fəaliyyətə başladığı vaxtdan professional musiqiÿmədəniyyətinin təbliğində mühüm rol oynayıb. Simfonik Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1938-ci ildən Simfonik Orkestrə görkəmli dirijor Niyazi başçılıq edib. Azərbaycan bəstəkarlarının ilk iri həcmli, dünyaşöhrətli simfonik əsərləri Niyazinin rəhbərliyi dirijorluğu ilə həyata vəsiqə alıb.
Orkestrin yarandığı dövrdə Niyazi onun bədii rəhbəri, N.P.Anosov isə baş dirijoru idi. N.P.Anosov orkestrlə cəmi 2 ilk işlədi. 1945-1948-ci illərdə orkestrin baş dirijoru vəsifəsində təcrübəli musiqiçi, tanınmış dirijor, professor Leo Ginzburq çalışmışdır. Qərbi Avropa və rus musiqisindən ibarət klassik repertuarın hazırlanmasında onun böyük əməyi olmuşdur. 1948-ci ildən isə həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri Niyazi olmuşdur.
Maestro Niyazi ilə keçən qızıl dövr
Beləliklə, Azərbaycan Dövlət Simfonik orkestrinin yaradıcılarından biri olmuş maestro Niyazinin yaradıcılığı ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, necə-necə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir. Niyazinin adı milli musiqi sənətində “qızıl mərhələ”nin simvoluna çevrilmişdir.
1944-cü ildə Tiflisdə Zaqafqaziya respublikalarının musiqi dekadası ərəfəsində 1940-ci ildə buraxılmış simfonik orkestr  Ü.Hacıbəyovun təşəbbüsü ilə yenidən formalaşdırılır. Elə ilk məşqdəcə orkestr ifaçıları kollektivə Üzeyir Hacibəyovun adının verilməsi ideyasını irəli sürürlər. Sənət tarixində belə unikal hadisələr o qədər də çox deyil. Elə o vaxtdan Azərbaycan musiqi sənətinin flaqmanı Dövlət Simfonik Orkestri dahi Üzeyir Hacibəyovun adını daşıyır.
1946-ci ildə Niyazi Leninqradda diricorların Ümumittifaq baxışında iştirak edir. D.Şostakoviçin başçılıq etdiyi münsiflər heyətinin qərarı ilə o, müsabiqənin laureatı adını qazanır. Münsiflər heyətinin rəyinə görə “fitri istedadı və böyük təcrübəsi Niyazinin Azərbaycan Dövlət Simfonik orkestrinin baş dirijoru və bədii rəhbəri vəsifəsində çalışmasını təsdiq edir”…
Tezliklə müsabiqədən sonra simfonik orkestr Niyazinin başçılığı altında yeni yaradıcılıq planları üzərində işə başlayır. Konsertlərdə Leyaskovkinin “Slavyan rapsodiyası”, Prokofyevin “Romeo və Cülyetta” baletindən süita, Knipperin VIII sinfoniyası, Berliozun, Veberin, Listin əsərləri səslənir.
1947-ci il centyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında orkestr uğurla Azərbaycan bəstəkarlarının yeni əsərlərindən ibarət böyük konsert proqramı təqdim edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə yazılmış Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması,  F.Əmirovun “Nizami” simli simfoniyası bütövlüklə Azərbaycan simfonik musiqisinin kamillik mərhələsini açır. Orkestr hər çıxışı ilə get-gedə artan, cilalanan peşəkarlığı, həmahəngliyi, məharəti ilə musiqisevərləri sevindirirdi. O, Azərbaycan bəstəkarlarının ən yaxın “məsləkdaşına” çevrilir, onların yaradıcılıq təşəbbüslərinə təkan verir, reallaşdırırdı. Niyazinin rəhbərliyi ilə bu kollektiv Azərbaycan simfonik musiqisinin əsl-yaradıcılıq laboratoriyasına, təbliğatçısına çevrilir. “Leyli və Məcnun” simfonik poemasından sonra Niyazi və simfonik orkestr Qara Qarayevin demək olar ki, bütün simfonik əsərlərinin mahir təfsirçisi və ilk ifaçısı olmuşdur. 1947-ci ildə orkestr maraqlı proqramla çıxış edir. Bu dəfə də kollektiv təqdim etdiyi əsərlərə – C.Haciyevin III simfoniyası, M. Əhmədovun “Simfoniyettası”, Ə.Abbasovun fortepiano və orkestr üçün konserti, F.Əmirovun “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarına uğurlu ifa həyatı bəxş edir.
Davam edən şanlı yol
1960-ci ildə Bakıda keçirilən Zaqafqaziya musiqi ifaçılarının I müsabiqəsində orkestr fəal iştirak edir və həmin ildə Çaykovski adına I Beynəlxalq müsabiqənin qalibi Amerikalı pianoçu Van Klibern ilə Şumanın və Raxmaninovun konsertlərini ifa edir. Fransız pianoçusu Monik da lya Brüşolri orkestrlə Bakıda ilk dəfə olaraq K.Sen-Sassın Beşinci konsertini ifa etmişdir. 1960-ci ildə Dövlət Simfonik orkestri – respublikanın əməkdar kollektivi adına layiq görülür. 1965-ci ildə növbəti “Zaqafqaziya baharının” açılışında zəngin və yeni proqramla çıxış edən orkestri T.Xrennikov yüksək qiymətləndirdi. Orkestrin proqramlarına Azərbaycan bəstəkarlarının yeni əsərləri – A. Məlikovun “Metamorfozlar”, V.Adıgözəlovun skripka konserti, F.Əmirovun “Simfonik rəqsləri”, R.Mustafayevin “Vaqif” və “Polad” operalarından parçalar daxil edilmişdi.
Azərbaycan bəstəkarlarının musiqisi həmişə Dövlət Simfonik Orkestrinin repertuarının özəyini təşkil etmişdir.
1971-ci ildə Azərbaycan Dövlət Simfonik orkestri ilə M.Rostropoviç çıxış edir. 1976-ci ildə orkestr yapon dirijoru Koqasi Morinin rəhbərliyi ilə Mosartın, Bethovenin əsərlərini ifa edir. Orkestrlə çıxış edən macar dirijoru Vladimir Valeki də musiqisevərlər böyük rəğbətlə qarşılayır. Məhz bu qövrdə Niyazinin təşəbbüsü ilə Üzeyir Hacıbəyovun doğum günü 18 sentyabr Musiqi günü elan edilir. Bu gün keçirilən bayramda həmişə dahi Bəstəkarın adını daşıyan konservatoriyanın (indiki Bakı Musiqi Akademiyasının) qarşısında mütləq Azərbaycan Simfonik Orkestri çıxış edir.
1982-ci il Azərbaycan Dövlət Simfonik orkestrin tarixində əlamətdar bir tarixdir. Bu ildə orkestrin 60 illiyi, Niyazinin 70 illiyi və yaradıcılıq fəaliyyətini 50 illiyi böyük təntənə ilə qeyd olundu. O dövrdə “Kommunist” qazetində “Azərbaycan simfoniyası” başlığı verilmiiş yubiley məqalələri ifasında maestro Niyazinin “Milli mədəniyyətin fəxri” məqaləsi mərkəzi yer tuturdu. O, orkestr tarixinin əlamətdar hadisələrini işıqlandırır. Çaykovskinin V simfoniyasının ifası ilə səhnəyə qədəm qoyan Azərbaycan Dövlət Simfonik Orkestrinin püxtələşməsi mərhələlərini sadalayan maestro müxtəlif illərdə bu kollektivdə işləyən, əməkdaşlıq edən peşəkarların, ifaçıların adlarını sadalayır.
1984-cü ildən bu günə qədər Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordenli, Dövlət mükafatları laureatı, professor Rauf Abdullayev rəhbərlik edir.
Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru olduğu müddətdə Rauf Abdullayev kollektivlə birgə Almaniya, Türkiyə, Isveçrə, Misir, Fransa, Ingiltərə, ABŞ və digər xarici ölkələrdə uğurlu qastrol səfərlərində olub. R.Abdullayev Azərbaycanda keçirilən müxtəlif musiqi festivallarının (“XX əsr musiqisi” və s.) təşkilatçısı və rəhbəridir…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir