Suriya diktatoru ABŞ mətbuatına müsahibəsində ölüm hallarına görə məsuliyyət daşımadığını bildirib
Suriya rəhbəri Bəşər Əsəd 10 ay əvvəl başlayan iqtidar əleyhinə etirazlarla bağlı ilk dəfə olaraq ABŞ mətbuatına müsahibə verib. “ABC News” kanalına danışan Əsəd Suriyadakı zorakılıqlara görə məsuliyyət daşımadığını bildirib.
Suriya diktatoru istefasını tələb edən etirazların zorakılıqla yatırılması əmrini verdiyinə dair yayılan iddiaların yalan olduğunu söyləyib. Əsəd yaşanan qarşıdurmalar zamanı ölənlərin əkrəsiyyətinin hakimiyyət tərəfdarı olduğunu deyib. Qərb ölkələri, Ərəb Liqası və müttəfiqləti tərəfindən qəbul olunan sanksiyalara toxunan Bəşər Əsəd qadağaların onu qorxutmadığını bildirib. Suriya rəhbəri 35 ildir embarqolara məruz qaldıqlarını deyib.
Əsəd Suriyadakı zorakılıqları əsgərlərin deyil, “terrorçu qrupların” həyata keçirdiyini söyləyib. Onun sözlərinə görə, dinc etirazçılara atəş açanlar radikal islamçılar və “Əl-Qaidə” terror təşkilatının üzvləridir. O, küçələrdə yaşanan zorakılıq halları zamanı ölənlərin 1100 nəfərinin əsgər və polis olduğunu vurğulayıb. Əsgərlərdən bəzilərinin həddən artıq güc işlətdiyini etiraf edən Əsəd onların cəzalandırılacağını da bildirib.
Əsəd Suriyada islahatlar və seçkilər keçiriləcəyini, ilk olaraq bu il bələdiyyə seçkilərinin baş tutacağını söyləyib. O, müxalifətin tələblərinə baxmayaraq prezident seçkilərinin vaxtından əvvəl (2014-cü ilə qədər) keçirilməyəcəyini bildirib.
Diqqət çəkən məqam ondan ibarətdir ki, “ABC News” kanalına müsahibə verən ərəb liderlər qısa zaman sonra hakimiyyətdən getməli olublar. Kristina Manöura fevralın 3-də müsahibə verən Misirin keçmiş rəhbəri Hüsnü Mübarək 8 gündən sonra etirazlar qarşısında geri çəkilərək istefaya getmişdi. Amanpura müsahibə verən başqa bir diktator isə Müəmmər Qəzzafi olmuşdu. Martın 20-də “ABC News”a danışan Qəzzafi oktyabrın 20-də üsyançılar tərəfindən qətlə yetirilmişdi.
Bu arada Suriyada son 2 gündə ən azı 100 nəfərin öldürüldüyünə dair xəbərlər yayılıb. Dekabrın 6-7 aralığında ölkənin müxtəlif yerlərində keçirilən etiraz aksiyalarına hökumət qüvvələrinin müdaxiləsi zamanı növbəti qanlı günlər yaşanıb. Mərkəzi qərargahı Lononda yerləşən Suriya İnsan Haqları Təşkilatının açıqlamasında deyilir ki, Əsəd rejiminə qarşı etirazların mərkəzi halına gələn Homs şəhəri başda olmaqla müxtəlif yerlərdə yaşanan qarşıdurmalarda hər gün ən azı 50 nəfər hökumət qüvvələrinin açdığı atəş nəticəsində dünyasını itirir.
İsveçrəyə rəsmi səfərdə olan ABŞ dövlət katibi Hilari Klinton dekabrın 6-da Suriya müxalifət nümayəndələri ilə görüşüb. 7 müxalif fəalla keçirilən görüşdə Bəşər Əsəd rejimi devrildikdən sonra ölkədə demokratik dövlət quruculuğu istiqamətində aparılacaq islahatlar əsas müzakirə mövzularından olub.
“Əlbəttə ki, demokratik keçid yalnız Əsəd rejiminin devrilməsilə məhdudlaşmır. Demokratik keçid eyni zamanda Suriyada qanunun aliliyini təmin etmək, din, irqi və milliyyətindən asılı olmayaraq bütün vətəndaşların dünyəvi hüquqlarını qorumaqdan ibarətdir”, – deyə ABŞ dövlət katibi söyləyib. Tərəflər arasında heç bir memorandum və ya digər rəsmi sənəd imzalanmasa da, Klinton ABŞ hökumətinin Suriya müxalifətinə dəstək olduğunu açıq şəkildə bildirib.
“France Press” agentliiyinin xəbərinə görə, ABŞ-ın Suriyadakı səfiri Robert Ford Dəməşqə qayıdıb və vəzifələrinin icrasına başlayıb. Robert Ford təxminən ay yarım əvvəl məsləhətləşmələrin keçirilməsi üçün Vaşinqtona çağırılmış və o vaxtdan Suriyaya qayıtmamışdı. Səfirin geri çağırılmasına səbəb ona qarşı təhdidlər olmuşdu. Sentyabrın sonlarında səfirin özü və Amerika diplomatik missiyasının digər əməkdaşları kütlənin hücumuna məruz qalmışdı.