Ramiz Mehdiyevdən Misir Mərdanova növbəti hücum

Nazirin özünü sığortalamaq üçün həyata keçirdiyi tədbirlər nəticə vermədi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) sədri Məleykə Abbaszadənin təhsil naziri Misir Mərdanovu saxta diplomalara görə ittiham etməsi bu mövzunun yenidən gündəmə gəlməsinə səbəb olub. Məleykə Abbaszadə deyib ki, orta məktəblərdə 455 nəfər saxta diplomla işə götürülməsi ona çox təəccüblü gəlir: “Çünki diplomları verən və təsdiqləyən, bir sözlə buna cavabdeh olan təşkilat elə Təhsil Nazirliyidir”.
TQDK sədri bildirib ki, qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllimlər arasında saxta diplomlular yoxdur: “Nəzarət bazasına hər bir müəllim haqqında məlumat daxil olanda, onun sənədləri ciddi yoxlanılır. Qəbul imtahanlarında 1990-cı illərə qədər ali məktəbi bitirən şəxslər iştirak edirlər. Çox gənc müəllimləri nəzarətçi kimi qəbul etmirik. Belə olan halda onlar demək olar ki, yaşıdlarının arasına düşürlər. Bu isə pedaqoji nöqteyi-nəzərdən düzgün deyil”.
Məleykə Abbaszadə ilə Misir Mərdanovun münasibətlərinin gərgin olması bəllidir. Təhsil naziri bir müddət əvvəl də bu və digər ittihamlarla üz-üzə qalmışdı. Nazir müəyyən tədbirlər görməklə, hətta müavinlərini işdən azad etməklə özünü sığortalamağa çalışsa da, görünür nəticəsi olmayıb.
Misir Mərdanovun gündəmdə olması Prezident Adminitrasiyasının (PA) Ramiz Mehdiyevin “əməyidir”. PA rəhbəri hər vəchlə Misir Mərdanovun “vurulması”na çalışır. Biz bununla təhsil nazirini müdafiə etmək niyyətindən uzaqıq. Sadəcə onu bildirmək istəyirik ki, Məleykə Abbaszadə və digər hökumət təmsilçilərinin Misir Mərdanovu ittiham etməsinin kökündə hakimiyyətdaxili intriqalar dayanır. Əslində isə Ilham Əliyev başda olmaqla bütövlükdə Azərbaycan hakimiyyəti korrupsiyaya bulaşıb.

Zərifə Məhəddinova