“Rusiya rəhbərliyi nəticələrin xalqın iradəsini əks etdirmədiyini qəbul etmək məcburiyyətindədir”
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Rusiyada həftəsonu baş tutmuş parlament seçkilərinin nəticələrinin ləğv edilməli və yeni seçkilər keçirilməli olduğunu söyləyib. “Interfax” xəbər agentliyinə danışan Qorbaçov bildirib ki, Rusiya rəhbərliyi müxtəlif fırıldaq və kütləvi saxtakarlıq hallarının olduğunu başa düşmək və nəticələrin xalqın iradəsini əks etdirmədiyini qəbul etmək məcburiyyətindədir.
Onun fikrincə, yaranmış problemin yeganə həll yolu nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsidir. Qorbaçov nəticələrin ədalətli olmadığına inanların sayının günbəgün artdığını vurğulayıb. O, cəmiyyətin istək və tələblərini nəzərə almamağın ölkənin sabitliyinə zərbə vuracağını və hökumətə olan inamı öldürəcəyini bildirib.