PA rəhbərinin merə düşmən kəsilməsinin maraqlı tarixçəsi «Azadlıq»da
Milli Məclisin dünənki iclasında deputatların Bakı meri Hacıbala Abutalıbovla bağlı ölkə başçısına müraciəti gözlənilsə də, bu baş vermədi. Hətta təşəbbüskar Çingiz Qənizadə də bu məsələnin üzərindən sükutla keçdi. Halbuki noyabrın 24-də hava şəraitinin pisləşməsi nəticəsində Bakının iflic duruma düşməsindən hiddətlənən Çingiz Qənizadə bir gün sonra Hacıbala Abutalıbovun ünvanına sərt ittihamlar səsləndirmişdi. Deputat, həmçinin parlamentin növbəti iclasında Bakı meri ilə bağlı deputatların Ilham Əliyevə müraciət etməsi barədə təşəbbüs irəli sürmüşdü. Və bildirmişdi ki, artıq imza toplanılmağa başlanılıb.
Nə baş verdiyini öyrənmək üçün Çingiz Qənizadəyə müraciət etdik. Deputat Hacıbala Abutalıbovla bağlı Ilham Əliyevə müraciət edilməsinin hər hansı qaranlıq səbəbi olduğunu bildirdi: “Mən açıqlamalarımdan sonra rəsmi qəzetlər də bu hava şəraitinin pisləşməsi nəticəsində yaranan problemlərə diqqət çəkdi. Müvafiq qurumların, məmurların məsuliyyətsizliyi tənqid edildi. Yəni, bu məsələ kifayət qədər ictimailəşdi. Bu baxımdan düşündüm ki, əlavə olaraq ölkə başçısına müraciət etməyə ehtiyac yoxdur. Müraciət o zaman olur ki, yuxarı orqanların, səlahiyyət sahiblərinin baş verənlərdən xəbəri olmur. Amma bu məsələdən artıq hamı xəbərdardır”.
Hacıbala Abutalıbova qarşı hücumlar olunanda bu, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin merə qarşı kampaniyası kimi dəyərləndirilirdi. Ramiz Mehdiyevlə Hacıbala Abutalıbovun münasibətlərinin gərgin olması, merə qarşı ittihamların da PA rəhbərinin çevrəsindən gəlməsi bu tip mülahizələrin ortaya çıxmasına səbəb olmuşdu.
Yeri gəlmişkən, Hacıbala Abutalıbovla Ramiz Mehdiyev arasında ziddiyyətlərin gerçək səbəbi barədə “Azadlıq”a maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, iki məmurun münasibətlərinin gərginləşməsi Ramiz Mehdiyevə yaxın şəxslərdən birinin dəfni ilə bağlı olub. Bu hadisə Heydər Əliyevin dönəmində, Hacıbala Abutalıbovun yeni mer təyin olunduğu vaxtda baş verib. PA rəhbəri mərhumu Fəxri Xiyabanda dəfn etdirmək istəyib. Lakin Hacıbala Abutalıbov buna imkan verməyib. Məsələ Heydər Əliyevə qədər gedib çıxıb. Lakin eks-dövlət başçısı bu konfliktdə Hacıbala Abutalıbova üstünlük verib və Ramiz Mehdiyev yaxınını Fəxri Xiyabanda dəfn etdirə bilməyib. Bundan sonra PA rəhbəri Hacıbala Abutalıbovla sözün əsl mənasında düşmən kəsilib.
Informasiya şöbəsi