«Jurnalistlərə qarşı münasibət sərtləşəcək»

Mehman Əliyev: «Bu qrup vaxtında yaransaydı, bəlkə də Rafiq Tağı qətlə yetirilməzdi»

Azərbaycanda ilk dəfə jurnalistlərə hədə və zorakılıqların qarşısının alınması üzrə layihə həyata keçirilir. “Preventiv cavab qrupu” adlı layihəni “Soros” Fondunun maliyyə yardımı, Jurnalistlərin və Söz Azadlığının Müdafiəsi Fondunun dəstəyilə Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu həyata keçirir. Məqsəd, jurnalistlərin təhlükəsizlik sisteminin yaradılması, onların həyatına, sağlamlığına və azad jurnalist yaradıcılığına təhdidlərin aradan qaldırılmasıdır.
“Preventiv cavab qrupu”nda ixtisaslı əməkdaşlardan (jurnalist, vəkil, tibb işçisi) ibarət mobil bölmə yaradılıb. Onlar jurnalistlərin həyatına, sağlamlığına və azadlığına təhlükənin qarşısını almaq üçün tədbirlər görəcək. Beləliklə, qrup KIV işçilərinin həyatı və fəaliyyəti üçün təhlükənin qarşısını alacaq; KIV işçilərinin qətli, döyülməsi, oğurlanması, şantaj və psixoloji təzyiq hallarını araşdıracaq; Jurnalistlərin həbsi faktları üzrə araşdırma aparacaq. Qarşıya qoyulan məqsədə çatmaq üçün qrup hüquq-mühafizə orqanları, ictimai təşkilatlar və KIV-lərlə sıx təmaslar quracaq. Qurum öz işində jurnalistlərə təhlükələri şəffaf və obyektiv əks etdirməklə cəmiyyətin dəstəyinə arxalanacaq, press-relizlər yayacaq, aralıq və yekun brifinqlər, mətbuat konfransları keçirəcək.
Qrupun üzvü, “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, artıq iki Preventiv Cavab Qrupu formalaşdırılıb. Və bu qruplar publisist Rafiq Tağının qətlinin və “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsinin təhqiqatı ilə məşğuldur. Dekabrın sonlarında ilk jurnalist araşdırmasının nəticələri ictimaiyyətə açıqlanacaq: “Adətən belə düşünürlər ki, jurnalistlərə qarşı baş vermiş hadisəni mətbuat bir neçə gün yazacaq və məsələ  qapanacaq. Bu qrupun fəaliyyəti bu cür hadisələrin gündəmdən düşməsinə imkan verməyəcək. Indi biz Rafiq Tağının və Əvəz Zeynallının işi ilə bağlı təhqiqat aparırıq. Ayın sonunda hər iki iş üzrə əldə etdiyimiz nəticələri ictimaiyyətə təqdim edəcəyik. ”Soros” Fondu bu məqsədlə 10 min dollar vəsait ayırıb. Bu vəsait hər belə hadisə baş verəndə, yəni tədqiqatların aparılmasına ehtiyac yarananda xərclənəcək. Hesab edirəm ki, biz hələ bir qədər gecikmişik. Bu qrup vaxtında yaransaydı, bəlkə də, Rafiq Tağı qətlə yetirilməyəcəkdi”.
Jurnalistlərə qarşı zorakılıq faktlarının artan xətt üzrə gedəcəyini deyən M.Əliyev onlara qarşı münasibətin  sərtləşəcəyini bildirib.
Eynulla Fətullayev isə bildirib ki, konkret olaraq R.Tağının qətlinin gündəmdə qalmasında bu qrupun böyük əməyi olub: “Bizim qrupun araşdırmalarına və mətbuata verdiyi açıqlamalara görə Rafiq Tağı məsələsi gündəmdən düşmədi”.

Gültəkin