1. Eldar Ibrahimov, MM üzvü: “Ilham Əliyevin gördüyü işlər göz qabağındadır və bütün dünya ölkədəki inkişafı görür. Ona görə də kiminsə təpkisindən nə Azərbaycan xalqı, nə də mən şəxsən Eldar Ibrahimov kimi qorxmuram”.
Təpkilər xalqın ünvanına gəlmir, Eldar yoldaş, iqtidarın ünvanına gəlir, xalqın xoşbəxtliyi ondadır ki, dünya ona irad bildirmir, təsəvvür edin ki, hansısa bir beynəlxalq təşkilat bəyanat verir ki, “Azərbaycan xalqı, iqtidarın uğurunu görmür”. Yəqin ki, bütöv xalq qırmızı kitaba düşərdi.
2. Bahar Muradova MM-in sədr müavini: “Iran mollalarına, qoy, Azərbaycan mollaları cavab versinlər”.
Yəni Azərbaycan mollası da, bir iranlı yazar haqqında fitva versin, bitsin getsin, onsuz da iranda da “ölməli” yazarlar az deyil.
3. Azay Quliyev, MM üzvü: “Müşahidələrimiz zamanı seçkilərin Rusiya Federasiyasının qanunvericiliyinə uyğun qaydada keçirildiyinin şahidi olduq. Mən və həmkarım Eldar Ibrahimov hər hansı qanun pozuntusu müşahidə etmədik”.
ATƏT-in xətti ilə gedən MM üzvünün, ATƏT-lə daban-dabana zidd açıqlamasının səbəbini, Məzahir Pənahovun da Peterburqda olması ilə bağlamaq düzgün olardı. Oxşar açıqlamanı Məzahir yoldaş, günorta yeməyinə bir saat, seçkinin bitiminə isə altı saat (!) qalmış vermişdi.”ATƏT yoxsa, Məzahir?”, “olum və ölüm” qədər təhlükəli olmadığından, 2015 xəyallarını quran gəncin seçimi başadüşüləndir.
4. Hadı Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri: “Azərbaycanda sosial təbəqələşməni, rombvari formada təsəvvür etsək, gözəl bir mənzərənin şahidi olarıq. Yuxarı bucaqda az sayda varlılar, aşağı bucaqda təxminən o qədər kasıblar, ortada isə ”zolotoy seredina”, yəni tam təminatlı orta təbəqə”.
Hadı müəllimi bu komitəyə sədr təyin edəndə, çox güman onun yumor duymunu nəzərə alıblar. Ölkədə bir milyona qədər ailə başçısı sosial müdafiə fondunun qəpik quruşuna möhtac olduğu halda, bu “yapsayaq” tapıntıya televiziya ekranında, Ziyad Səmədzadənin də sevinməsi(!), heç başadüşülən deyil. O ki, qaldı romba, o, dördbucaqlıdır və həndəsədə iki bucaqlı fiqur yoxdur.
5. Mübariz Qurbanlı, YAP-ın icra katibinin müavini: “Ilham Əliyev Azərbaycan vətəndaşlarının xüsüsi mülkiyyətlərinin təminatçısıdır”.
Mübariz müəllim, sizin və silahdaşlarınızın AzTV-də bu tip bəyanatınızı eşidən mənzil fırıldağının minlərlə qurbanları, evləri buldozer ağzına verilən vətəndaşlar Prezident Administrasiyası önünə toplaşır, polis də onları kötəkləyib yola salır. Döyülənlərin arasında qadınların da olduğunu nəzərinizə çatdıraraq, xahiş edirik ki, mümkün qədər belə zarafatlardan çəkinin, ayıbdır.
6. Əli Həsənov, PA şöbə müdiri: “Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya və dini təriqətlərin idxal olunmasına yol verməyəcək”.
Tarix elmləri doktoru, professor, Dövlət Idarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri demokratiya haqda ən çox məlumatı olan iqtidar nümayəndəsidir və onun məntiqinə görə, gömrük məntəqəsinə direktiv göndərməklə, bunun qarşısını almaq olar. Məsələn, “Bu gün gömrük işçilərimiz, ölkəyə süni demokratiya keçirmək istəyən, mütəşəkkil dəstə yaxalamışdır”, və yaxud “Təbii demokratiyanı ölkədən çıxarmaq istəyən, bir qrup xarici ölkə vətəndaşı ifşa edildi”. Hətta risk edib, qazanmaq da olar.
7. Əflatun Amaşov MŞ sədri: “Ağdam rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin, ”Yeni axtarış” qəzeti barədə şikayəti, həmçinin komissiyanın qərarı əsas götürülərək bu kütləvi informasiya vasitəsi “reket nəşr” elan olunsun və adı Şuranın “qara siyahı”sına daxil edilsin”.
Həbsdə olan çoxsaylı sosial müdafiə fondunun işçilərinə edilən bu nazik, təsəlli jestini, ayaqda alqışlamaq lazımdır.
8. Çingiz Qənizadə MM üzvü: “Sadəcə siyasətdən getmişəm və bu, könüllülük əsasında olub. Bu gün rəhbərlik etdiyim Demokratiya və Insan Hüquqları Komitəsinin özü bir partiyadır. Elə mənim özüm Çingiz Qənizadə olaraq böyük bir partiyayam”.
Parlamentdə olan partiyaların maliyyələşdirilməsi haqda şaiyələr artıqca, belə bəyanatlar baş alıb gedəcək.
9. Mirhacib Məcid, yazıçı Rəşad Məcidin oğlu: “Qohumum deyir ki, yol polisi saxlayanda sənin cəddini çağırıram, həmişə də sənin cəddin mənə kömək olur, polis məni saxlamır. Hətta həmin adam mənə nəzir də verir ki, sənin cəddini çağırmışdım, köməyə çatıb”.
Radarlar və hər addımda quraşdırılan kameralara, seyid cəddini əlavə etsək, yol polisinin yaxın zamanda, platonik vəzifəyə çevriləcəyi qaçılmazdır.
10. “Qızıl pillə” verilişinin aparıcısı: “Zabir, səni harandan qıdıqlayaq ki, asqırasan?”
Şərhsiz…