“Fövqəlnazir” Ramil Usubovun “bazarına” girib

Yaxud Kəmaləddin Heydərovun polis simpoziumunda nə işi var?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir. Səfərdə məqsəd dekabrın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində Abu Dabi Polisi və Los Anceles Əyaləti Şerifinin Departamentinin birgə təşkilatçılığı ilə başlayan Qlobal Polis Simpoziumunda iştirakdır.
FHN-nin saytında yerləşdirilən məlumata görə, simpoziumda  Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti iştirak edir. Simpoziumun keçirilməsində əsas məqsəd cinayətlərlə mübarizə, sabitliyə nail olunması və bu sahədə qanunların icra olunmasının təmin edilməsi üçün ölkələrin hüquq-mühafizə orqanları əməkdaşlarının səylərinin birləşdirilməsi, o cümlədən baş verə biləcək irimiqyaslı fövqəladə hallara qarşı yerli və beynəlxalq səviyyədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məsələlərinin müzakirə edilməsidir.
Maraqlıdır ki, Kəmaləddin Heydərov fövqəladə hallar naziri olduğu halda, daxili işlər naziri Ramil Usubovun iştirak etməli olduğu tədbirə qatılıb. Əldə etdiyimiz məlumata görə, Abu Dabidə keçirilən simpoziuma daxili işlər nazirinin deyil, “fövqəlnazir”in dəvət olunması ikincinin ərəb ölkələrilə sıx əlaqələrinin olmasından qaynaqlanır. Görünür, ərəb şeyxləri dostlarını qoyub, Ramil Usubovu tədbirə dəvət etmək istəməyiblər. Lakin bu halda belə Kəmaləddin Heydərov tədbirin ona aid olmadığını nəzərə almalıydı. Almayıbsa, deməli, “fövqəlnazir” faktiki olaraq daxili işlər nazirinin fəaliyyət sahəsinə müdaxilə edib. Ramil Usubovun bu saymazlığı necə qarşılayacağı maraqlıdır…

Zərifə Məhəddinova