Rahim Hacıyev: «Mühüm nəticələrindən biri də keçmiş sovetlər məkanındakı oxşar rejimlərin dayağı olan Rusiyada avtoritarizmin ciddi zərbə almasıdır»
«Seçkinin nəticələri Putin rejimini istəməyənləri xeyli ruhlandırdı»
Rusiyada keçirilən son parlament seçkisi hakim “Vahid Rusiya” partiyasının mövqelərinin zəiflədiyini göstərdi. Prezident seçkisinə üç ay qalmış məlum oldu ki, Rusiya cəmiyyətinin Putinə rəğbəti əvvəlki illərdən xeyli zəifdi. Bu seçkilərin nəticələri nədən xəbər verir və prezident seçkilərində Kremlə qayıtmağa hazırlaşan Putinə nə vəd edir?
Suallarımıza siyasi ekspert Rahim Hacıyevlə aydınlıq gətirməyə çalışdıq.
– Rusiyada parlament seçkisinin nəticələrini necə qiymətləndirirsiniz?
– Bu seçki ölkənin müasir tarixində əlamətdar hadisə oldu. Əvvəlcədən verilən proqnozlar seçkinin hakim partiya, ilk növbədə Putin üçün asan olmayacağını deməyə əsas verirdi. Sorğular göstərirdi ki, seçkidə hakimiyyət üçün çox ciddi problemlər yaşanacaq. Hakimiyyət əvvəlki uğurlarını təkrar edə bilməyəcək. Proqnozlar özünü doğrultdu. Sorğulara əsasən, noyabrın əvvəlində Putini əhalinin 41 faizi dəstəkləyirdisə, noyabrın axırında bu rəqəm 31%-ə düşmüşdü. Seçki öncəsi vəziyyətlə bağlı bir neçə amilə də diqqət yetirmək lazımdır. Putin hakimiyyəti istədiyi nəticəni əldə etmək üçün demokratik qüvvələrin, Nemtsov, Kasyanov və digər tanınmış müxalifət liderlərinin rəhbərlik etdiyi təşkilatın seçkidə iştirakının qarşısını qabaqcadan aldı. Hakimiyyət seçkinin, onun nəzarətində keçməsi üçün tədbirlər həyata keçirdi. Demokratik mövqedə olan təşkilatlara qarşı da ciddi kampaniyalar aparıldı. Ancaq bütün bunlara baxmayaraq, seçkiyə buraxılmış təşkilatların telekanallar vasitəsilə öz platformalarını seçicilərə çatdırmaq imkanı da yarandı.
“Putin Azərbaycansayağı seçkilərə gedə bilmədi”
– Nəticələri gözlənilməz hesab etmək olar?
– Seçkinin nəticələri Putinin partiyası üçün çox gözlənilməz oldu. Əslində normal demokratik ölkələrdə belə nəticələrə heç də pis baxılmır. Amma Rusiya kimi avtoritar rejimin hökm sürdüyü ölkə üçün belə hallar çox xoşagəlməzdir. Çünki onlar mütləq çoxluq fəlsəfəsi ilə işləyir. Əgər ötən seçkilərdə 45 mln əhali Putinin partiyasına səs vermişdisə, bu dəfə bu göstərici 12 mln az oldu. Ötən seçkilərdə 315 deputat yeri qazanan “Vahid Rusiya” bu dəfə 238 yer qazandı. Bir amili də qeyd etmək lazımdır. Düzdür, hakimiyyət saxtakarlıqlara yol verdi. Züqanov deyir ki, hakim partiyanın topladığı səslərin ən azı üçdə biri saxtakarlıq nəticəsində əldə edilib. Amma Putin Azərbaycansayağı seçkilərə gedə bilmədi. Çünki həm ölkənin içində, həm də bütün dünyada çox biabırçı duruma düşməsindən çəkindi. Seçkinin nəticələri göstərdi ki, əslində Rusiya seçicilərinin ən azı yarısı Putin rejimini dəstəkləmir, ona səs vermək fikrində deyil. Demokratik qüvvələrin seçkidə iştirak etməməsi seçici fəallığına da müəyyən qədər təsir etdi.
– Bəs kommunistlərin əvvəlki seçkilərdən çox səs toplamasını necə qiymətləndirirsiz?
– Kommunistlərə verilən səslər onlara rəğbətdən irəli gəlmir. Bu, Putinin əleyhinə addım kimi də qiymətləndirilməlidir. Bütün bunlar onu göstərir ki, Rusiyada artıq böhran mərhələsi başlayıb. Artıq ölkəni əvvəlki üsullarla idarə etmək mümkün deyil. Putinin əvvəlki populyarlığından əsər-əlamət qalmayıb. Hakimiyyətdə olduğu müddətdə problemlər əvvəlcə qismən həll olunmuşdu. Amma sonra hakimiyyətin apardığı siyasət nəticəsində Rusiya ağır vəziyyətə düşdü. Xatırlatmaq lazımdır ki, Medvedev modernizasiya kursu elan etmişdi. O vaxtı Angela Merkel demişdi ki, demokratizasiya olmadan modernizasiya mümkün deyil. Yalnız fikir və iqtisadi plüralizmin mövcudluğu şəraitində müasir dünyada ölkənin inkişafını təmin etmək mümkündür. Amma Putin bu ideyanın həyata keçməsinə imkan vermədi. Çünki demokratik standartların Rusiyada tətbiq olunması ilk növbədə Putin hakimiyyəti üçün çox fəlakətli nəticələr doğura bilər. O da bunu çox yaxşı başa düşür. Ona görə də Medvedevin fikri fikir olaraq qaldı.
“Putinin yaratdığı sistem vətəndaşları, hətta küçədə müdafiə etmək qüdrətində deyil”
– Putinin nüfuzunun bu qədər aşağı düşməsinin səbəbi nədir?
– Putin hakimiyyətə təzə gələndə çox cəlbedici görünürdü, onun atdığı müəyyən addımları cəmiyyət yaxşı qarşılayırdı. Məsələn, Çeçenistanda dəhşətli cinayətlər bahasına olsa belə, sabitlik yarada bildi. Onda onun haqqında müharibədə qalib gəlmiş adam imici formalaşdı. Populist addımlar atırdı. Amma dövr keçdikcə, adamların gözləntiləri, ümidləri azaldı. Onlar insanların rifahı, təhlükəsizliyi təmin olunan ölkədə yaşayacaqlarına ümid edirdi. Bunlar baş vermədi. Sonrakı illərdə baş verən terror hadisələri göstərdi ki, Putin heç də çox qüdrətli insan deyil. Onun yaratdığı sistem Rusiya vətəndaşlarını hətta küçədə müdafiə etmək qüdrətində deyil. Gurultulu bəyanatları nəticə vermədi. Ardınca gələn partlayışlar bəyanatların arxasında ciddi işin durmadığını sübut etdi. Eyni zamanda Putinin belə bir imici formalaşdı ki, onu rusların mənafeyi deyil, daha çox hakimiyyətin maraq və mənafeləri maraqlandırır. Bir qrup oliqarxla ölkənin şəriksiz sahibinə çevrilib. Bütün bunlar, əlbəttə, əhalinin Putin hakimiyyətinə mənfi münasibətilə nəticələndi. Eyni zamanda qlobal iqtisadi böhran da sübut etdi ki, Rusiya kifayət qədər zəifdi, belə situasiyaların qarşısında çox acizdi. Çünki ölkə, əslində, neftin və qazın satışından asılıdır, sənaye potensialı olduqca zəifdir. Belə bir şəraitdə Rusiyadakı kimi oliqarxik bir rejim ölkənin problemlərini həll etmək qüdrətində deyil. Rusiya dünyanın ən çox korrupsiyaya qurşanmış ölkələrindən biridir. Ölkə məhz Putinin vəziyyətində belə vəziyyətə gəlib çıxdı. Beynəlxalq təşkilatların məlumatına görə, korrupsiyanın dövriyyəsi 300 mlrd dollardan yuxarıdır. Ilk on ay ərzində ölkədə 50 mlrd dollardan artıq pul çıxarılıb. Sorğulara əsasən, Rusiyanın orta təbəqəsini təşkil edən insanların 50%-dən artığı ölkədən getmək istəyir. Bu, qanunların işləməməsinin, kriminalın tüğyan etməsinin göstəricisidir. Deməli, mövcud durum çox pisdir və insanlar vəziyyətin daha da pisləşəcəyindən qorxaraq getmək istəyir. Bu da Rusiyada vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.
Seçki ərəfəsində Medvedev ABŞ-la münasibətlərə aid gurultulu bəyanatlar verdi. Həmin bəyanatlar seçki ərəfəsi xal toplamaqdan ötrü idi. Guya ABŞ-la münasibətlərdə Rusiya sərt mövqedən çıxış edir. Bundan sonra da belə olacaq. Ancaq belə bəyanatların da ciddi təsiri olmadı. Bir daha sübut olundu ki, ruslar artıq belə bəyanatların ciddiliyinə inanmır. Rusiya cəmiyyəti başqa bir sistem şəraitində, qanunların işlədiyi, insan hüquq və azadlıqlarına hörmət olunan, bazar iqtisadiyyatının formalaşdığı cəmiyyətdə yaşamaq istəyir. Seçkidə vətəndaşlar mövqelərini çox açıq şəkildə ifadə etdilər.
“Baş nazir sınaqdan çıxa bilmədi”
– Bu vəziyyət Putinə prezident seçkisində nə vəd edir?
– Əslində bu, prezident seçkiləri ərəfəsində bir sınaq idi. Faktiki Putin bu sınaqdan çıxa bilmədi. Seçicilərin ən azı yarısı ona etimadsızlıq göstərdi. Prezident seçkilərinə qədər Rusiya iqlim cəhətdən ağır, daha çox problemlərin ortaya çıxdığı dövr yaşamalıdır. Hökumətin də hansısa ciddi addımlar atıb vəziyyəti dəyişmək imkanları olduqca məhduddur. Mövcud korrupsiya, oliqarxik sistem də vətəndaşların maraq və mənafelərinin ön plana çıxmasına, dövlətin onlara xidmət etməsinə imkan vermir. Putinin populist şüarları ona növbəti seçkidə qalib gəlməyə imkan verməyəcək. Seçkilərə qədər çox ciddi addımlar atılmalıdır, köklü dəyişikliklər olmalıdır. Ritorika, arqumentlər, şuarlar, proqramlar dəyişməlidir. Vaxt olduqca azdır. Bütün bu sadalananları bu müddət ərzində həyata keçirmək mümkün deyil. Üstəlik, Putinin düşüncə tərzi, dövlət idarəçiliyi haqqında fəlsəfəsi də köklü dəyişikliklər etməyə imkan vermir. Putin üç ay ərzində bu sistemdən imtina edə bilərmi? Çox dəhşətli riskdi. Vətəndaşların səsini qazanmaq üçün qlobal miqyasda Rusiya hansısa addımlar ata bilərmi? Əslində bütün kartlardan istifadə olunub. Putində istifadə oluna biləcək kart qalmayıb.
– Beynəlxalq dəstək və cəmiyyətin özünün müqaviməti hansı nəticəni verə bilər?
– Beynəlxalq aləmdə vəziyyət kəskin şəkildə dəyişib. Dünyada Rusiyanın mövqelərinə ciddi zərbə vurulub. Onun dünyadakı proseslərə təsir imkanı tükənib. Bu halda Putinin uğur qazanacağı proqnozunu vermək üçün heç bir əsas yoxdur. Seçkilərin nəticələri Putin rejimini istəməyənləri, cəmiyyəti xeyli ruhlandırdı. Bu, rejimin getməsindən ötrü çalışan insanların əməyinin istəmədiyini göstərdi. Bu, onlar üçün böyük impuls və stimuldur. Onlar bu müddət ərzində daha böyük uğur qazanmaq üçün çox çalışacaqlar. Demokratik dünyanın da mənəvi dəstəyi onların tərəfində olacaq.
Internet sahəsində Rusiyada çox irəliləyiş var. Rejimə qarşı virtual məkanda barışmaz mübarizə aparanların sayı artıb. Onlar internetin verdiyi bütün imkanlardan istifadə edərək mübarizələrini aparır. Onların fəaliyyəti nəticəsində cəmiyyət səfərbər olundu. Bundan sonra daha səmərəli, daha geniş miqyasda işləmələri üçün onların ciddi imkanları yaranıb. Rusiyada Putin rejimindən can qurtarmaq istəyən şəxslərin ən müxtəlif müstəvidə, müxtəlif istiqamətlər üzrə birgə mübarizəsinin şahidi olacağıq.
– Belə çıxır ki, daralmış həlqə daha çox Rusiyanı sıxacaq…
– Rusiyanın Qərbdən çox ciddi asılılığı yaranıb. Bir-birinin ardınca Rusiyanın vaxtilə silah alveri etdiyi ölkələr onun nəzarətindən çıxıb. Putin çox mürəkkəb vəziyyətə düşüb. Bu seçkilərin çox mühüm nəticələrindən biri də keçmiş sovetlər məkanında avtoritarizmin dayağı olan Rusiyada avtoritarizmin çox ciddi zərbə alması oldu. Bu onun göstəricisidir ki, doğrudan da dünyada və bizim yerləşdiyimiz regionda çox ciddi keyfiyyət dəyişiklikləri artıq baş verməkdədir. Bütün bu sadaladıqlarımız göstərir ki, Putini çox ağır dövr gözləyir. Hətta cəsarətlə belə bir proqnoz vermək olar ki, 2012-ci ilin martın 4-də keçiriləcək seçkilərdən sonra, ən azı Putinin legitimliyi çox ciddi şübhə altında olacaq. Bütün qüvvələr ilk növbədə Putinə qarşı mübarizə aparacaq. Rusiya boyda dövlətin rəhbərinin legitimliyinin şübhə altında olması, beynəlxalq aləmdə mövqelərinin ciddi şəkildə zəifləməsi onun, əslində Liviya, Suriyanın statusu kimi status əldə etməsi ilə nəticələnəcək. Bütün bunların ilk növbədə Rusiya cəmiyyəti üçün yaxşı nəticələri olacaq. Seçkilərdə kifayət qədər ciddi zərbə almış Putin rejiminin bundan sonra Rusiyada əvvəlki mövqelərini bərpa etməsi heç bir halda mümkün olmayacaq. Bu seçkilər Putin erasının qürubu kimi tarixə düşəcək.
Fizzə Heydərli



