Bakıda yeni media klubu işə düşür

Arif Əliyev: «Jurnalistlər üçün xeyli əlavə imkanlar yaranacaq»

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin rəhbərliyi ilə Bakıda yeni media klubu fəaliyyətə başlayır.  Dünyanın bir neçə ölkəsində “Front-layn” adı altında faəliyyət göstərən kulubun Azərbaycanda da işə başlamasına təşəbbüs edənlər arasında Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və bir sıra Azərbaycan jurnalistləri də var.
A.Əliyevin sözlərinə görə, “Front-layn” şəbəkəsinin əsası 2003-cü ildə Londonda qoyulub. Həlak olmuş jurnalistlərin xatirəsini əbədiləşdirmək üçün yaradılan klub sonradan münaqişə zonasından yazan jurnalistlərin mərkəzinə çevrilib. Zaman keçdikcə şəbəkə genişlənib və keyfiyyətli jurnalistika tərəfdarlarını, ziyalıları, düşüncə adamlarını, birləşdirən mərkəzə çevrilib: “Əsas şüarı bu olub: Biz başqalarının danışmadığı problemlərdən danışırıq”. Bu klub keyfiyyətli jurnalistika ilə məşğul olan və ona töhfə vermək istəyənləri öz ətrafında toplayır, görüşlər, təqdimatlar keçirir. Bu klub 2006-cı ildə Rusiyada, 2007-ci ildə Ukraynada, 2010-cu ildə Gürcüstanda, 2011-ci ildə də Azərbaycanda yaradılıb. Bunlar özlərində həm “Press-klub”ların fəaliyyət formalarını birləşdirir, həmçinin, digər xidmətlər də göstərir. Bu klublara texniki dəstəyi Britaniyadakı klub verir, maliyyə dəstəyi isə “Soros” fondu tərəfindən həyata keçirilir. Azərbaycanda bu klubun yaradılması üçün danışıqlar ötən ildən başlayıb”.
A.Əliyevin fikrincə, bu klub yerli jurnalistlər üçün xeyli əlavə imkanlar yarada bilər: “Bu, ölkədə həm plüralizmin inkişafına, həm də informasiya mənbələrinə birbaşa çıxışa imkan yarada bilər. Şəbəkəyə qoşulmaq o deməkdir ki, sən o insanlarla, informasiya mənbələrilə ünsiyyətdə ola bilərsən. Bir neçə ay hazırlıq mərhələsi keçmək lazımdır. Bu müddət ərzində Londonda olan əsas klubla əlaqələrin yaradılması,  cəmiyyətdə bu ideyanın daha geniş yayılması və bunun üçün müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ictimaiyyət, o cümlədən jurnalistlər əyani şəkildə görməlidilər ki, klubun yaradılması Azərbaycan jurnalistikasının inkişafına köməklik edən hansı əlavə resurslar yarada bilər. Bir şəbəkəyə bağlılıq çox məsələni asanlaşdırır. ”Front-layn”lar, bir qayda olaraq, olduqca çətin informasiya mənbələrinə çıxış əldə edə bilirlər. Culian Assancın təqdimatı da məhz Londondakı “Front-layn”da olmuşdu”.
A.Əliyevin sözlərinə görə, dekabrın 7-də “Avropa” otelində təqdimat keçiriləcək və kulubun ilk müzakirə mövzusu Bakı olacaq: “Bakı haqqında xüsusi bir film çəkilib. Şəhərin keçmişi, indisi, Bakı Dumasının fəaliyyəti, indiki icra hakimiyyəti ilə müqayisəsi və s. olacaq. Xüsusi sərgi hazırlanıb. Musiqilər seçilib. Eyni zamanda, ideyanın təqdimatı da burada nəzərdə tutulub”.
A.Əliyev əlavə edib ki, “Media açarı” mükafatının dekabrın sonlarına planlaşdırılan təqdimat mərasimi də Bakıdakı “Frontlayn” klubunun növbəti tədbirlərindən birinin çərçivəsində keçirilə bilər.

Gültəkin