“Təhlükələrə görə birbaşa dövlət başçısı İlham Əliyev məsuliyyət daşıyır”
Azərbaycan Xalq Cəbhəsi Partiyası jurnalistlər Anar Mahmudoğlu və Nəsrəddin Xocanın təhdid olunması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir.
Sərt tənqidçi yazıları ilə fərqlənən “Azadlıq” qəzetinin köşə yazarı Anar Mahmudoğlu və onun övladları ölümlə hədələnib. Eyni motivli təhdid “Xural” qəzetinin redaktoru Nurəddin Xocaya da edilib. Hədə gələn şəxsin kimliyi bilinməsə də o, özünə arxayın formada açıq nömrədən zəng edib.
AXCP hesab edir ki, ölkənin tanınmış qələm sahiblərinin belə açıq formada ölümlə hədələnməsi jurnalistlərə qarşı törədilən cinayətlərin cəzasız qalmasının nəticəsidir.
Siyasi hakimiyyət bu vaxta qədər jurnalist qətllərinin, onlara qarşı edilən fiziki və mənəvi basqıların heç birinin aşkarlanmasına maraq göstərməyib, bu isə söz adamlarını kobud və qanundan kənar cəzalandırmaq istəyənlərə stimul verib. Yaxın günlərdə qətlə yetirilən publisist Rafiq Tağıya qarşı cinayətin isti izlərlə araşdırılmasına başlanmaması da hakimiyyətin yazarlara olan basqılara biganəliyini sübut edir.
AXCP bəyan edir ki, söz adamlarına qarşı təzyiqlərə, onların həyatına yaranan təhlükələrə görə birbaşa dövlət başçısı İlham Əliyev məsuliyyət daşıyır.
Partiya hakimiyyəti bu iki jurnalistə qarşı baş verən cinayət halının dərhal araşdırmağa, plüralist mühitin formalaşdırılması, azad və tənqdiçi səslərin eşidilməsi üçün ciddi addımlar atmağa səsləyir.