Avropadan Rusiyaya bəd diaqnoz

“Sistemdə ciddi çatlar var; daha kütləvi etirazlar gözlənilir…”

“Le Mond”: “Rusların asanlıqla geri çəkiləcəyi real deyil”

“Rusiyada baş tutmuş seçkilərə etirazlar 90-cı illərdən bu yana ölkə miqyasında keçirilən ən kütləvi antihökumət aksiyalarıdır. Kreml etiraf etməsə də, ekspertlər Rusiyanın hakim elitasında çatlar yarandığını söyləyir”, – deyə  Fransanın “Le Monde” qəzetində yayımlanan məqalədə vurğulanıb.
Qəzetə açıqlama verən Fransa Beynəlxalq Münasibətlər Institutunun Rusiya üzrə direktoru Tom Qomarın sözlərinə görə, ötən seçkilərlə müqayisədə bu dəfə hakim partiyanın xeyli səs itirməsi sistemdə ciddi çatların olduğuna işarədir. Tom Qomar bildirib ki, antihökumət aksiyalarına çağırışların yerləşdirildiyi sosial şəbəkələrdən əsasən orta təbəqənin, şəhərli və təhsilli elitanın istifadə etməsi Rusiya hakimiyyətinə qarşı ciddi narazılığın formalaşdığını söyləməyə əsas verir.
“Le Monde” yazır ki, baş nazir Vladimir Putin etirazların kütləvi hal almasını önləmək üçün müxalif liderlərin həbsilə bağlı strategiya işlədir. O, bu addımlarıyla əvəzedilməz olduğunu sübut etməyə çalışır. Tom Qomarın sözlərinə görə, Putin Medvedevin “vətəndaşları qorumaq hüququ”ndan yararlanmasına imkan verməyəcək. Ekspertin fikrincə, dövlətin idarə olunmasında yaxından iştirak etməkdə maraqlı olan rusların asanlıqla geri çəkiləcəyi real deyil. Qarşıdakı günlərdə Rusiyada daha kütləvi etirazların keçiriləcəyi istisna olunmur.