Dövlət Neft Akademiyası olan yerdə analoji tədris müəssisəsinə nə ehtiyac var?
Azərbaycanda yeni ali təhsil müəssisəsi fəaliyyətə başlayır. Prezident Ilham Əliyevin fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda Bakı Ali Neft Məktəbi yaradılıb. Bu barədə “Azadlıq” radiosuna ARDNŞ-dən məlumat verilib.
Bakı Ali Neft Məktəbində dərslər Azərbaycan və ingilis dillərində olacaq. Məktəb ilk tələbələrini 2012-ci ilin sentyabr ayından qəbul edəcək. Son vaxtlar Azərbaycanda iri məmurların ali məktəb təsis etməsi kimi yeni bir tendensiya başlayıb. Məsələnin maraqlı tərəfi isə odur ki, bu ali məktəblərin Azərbaycanda anoloqu var. Məsələn, Azərbaycanda neft üzrə mütəxəssislər yetişdirən Dövlət Neft Akademiyası kimi böyük bir tədris müəssisəsi var. Belə olan halda R.Abdullayevin Ali Neft Məktəbinə nə ehtiyac var?
Təhsil ekspertləri hesab edirlər ki, Azərbaycanda Ali Neft Məktəbinin yaradılması heç də savadlı mütəxəssislər hazırlamağa hesablanmayıb: “Sahə ali məktəbi yaradılırlar və belə əsaslandırırlar ki, özləri üçün mütəxəssis hazırlayacaqlar. Bakı Ali Neft Məktəbinə heç bir ehtiyac yox idi. Azərbaycanda Dövlət Neft Akademiyası var. Heç olmasa, məsələni belə qoysunlar ki, Siyavuş Qarayevə həvalə etdikləri Neft Akademiyası indiki qloballaşan dünya üçün mütəxəssis hazırlaya bilmir. Bu səbəbdən də yenisi yaradılır. Amma bir məqam da var ki, bu gün dünyada sahə universitet və ya institutları yoxdur”.
Ekspertlər deyir ki, bəzi məmurlar öz səlahiyyətlərindən istifadə edərək heç bir maddi-texniki bazası, professor-müəllim heyəti olmadan, kafedralar haqqında düşünmədən hansısa bir sahə üzrə ali məktəb yaradırlar: “Əslində burada məqsəd, nə özləri üçün, nə də dünya üçün mütəxəssis hazırlamaqdır. Məqsəd öz şəbəkələrini genişləndirmək, neftdən gələn vəsaitin bir hissəsini ali məktəb adı altında harasa xərcləməkdir. Kimsə kiminləsə bəhsə girir, fikirləşir ki, hansısa məmurun, nazirin ali məktəbi varsa, onun da ali məktəbi olmalıdır”.