Uzunmənzilli raketlər, toplar və gözətçi dəstələr əsas müdafiə nöqtələrinə yerləşdirilir
Çin üçüncü dünya savaşı bahasına da olsa İranı müdafiə edəcək
İranın nüvə proqramıyla bağlı yaranmış gərginlik davam edir. Rəsmi Tehran bütün təzyiq və təpkilərə başmayaraq 20 faiz zənginləşdirilmiş nüvə yanacağı istehsalını uğurla həyata keçirdiyini açıqlayıb. “Fars” xəbər agentliyinin məlumatına görə, 2010-cu ilin fevralında Tehran Tədqiqat Reaktorunda istifadə edilmək məqsədilə nüvə yanacağı istehsalı üçün sentrifuq əməliyyatlarına start verən İran, 20 faiz zənginləşdirilmiş uran istehsalı müddətini başa vurub. Zənginləşdirilmiş uran 2 ay ərzində Tehrandakı nüvə araşdırma reaktoruna köçürüləcək.
İran zənginləşdirilmiş uranın nüvə silahı istehsalı məqsədi daşımadığını, Tehran reaktorunda tibbi məqsədlərə xidmət edən radio-izotopların istehsal ediləcəyini iddia edir. Parlamentin sədr müavini Məhəmməd Rza Bahonarın sözlərinə görə, istehsal edilən uranın miqdarı 120 kiloqramdır. Əlavə edək ki, İran ötən il Beynəlxalq Atom Enerjisi Agetliyinə (MAQATE) əlindəki 3,5 faiz zənginləşdirilmiş uranı təhvil vermək qarşılığında uran istehsal edən Qərb ölkələrindən 20 faiz zənginləşdirilmiş uran almağı təklif etmişdi. İranla nüvə danışıqları aparan 5+1 formatı ölkələri bu təklifi rədd etdikdən sonra İran 20 faiz zənginləşdirilmiş uran istehsalını davam edəcəyini bəyan açıqlamışdı.
Britaniya mediasından şok iddia
Bu arada İngiltərədə yayımlanan “The Telegraph” qəzeti kəşfiyyat mənbələrinə istinadən İranın mümkün hərbi müdaxiləyə qarşı döyüş hazırlığı keçdiyini yazıb. Qəzetin yazdığına görə, Qərb ölkələrinin Tehranın nüvə proqramını əngəlləmək üçün hərbi müdaxilə variantını gündəmə gətirməsi İslam İnqilabı Mühafızəçiləri Korpusunu (SEPAH) döyüş hazırlıqları görməyə məcbur edib. SEPAH generalı Məhəmməd Əli Cəfəri ola biləcək hücum və gizli əməliyyatlara qarşı hərbi qüvvələrə hər an hazır olma əmri verib. Qərb ölkələrinin kəşfiyyat rəsmiləri Tehran rejiminin uzun mənzilli raketləri, dağıdıcı gücü yüksək olan partlayıcılar, böyük topları və gözətçi dəstələri əsas müdafiə nöqtələrinə yerləşdirdiyini iddia edir.
Xameneyi rejimin qorunması təlimatını verib
“The Telegraph” yazır ki, Tehran yaxınlığındakı raket təsisində meydana gələn partlayışın ABŞ və ya İsrail tərəfindən hücuma məruz qalma ehtimalını artırdığı üçün İran silahlı qüvvələri döyüş-müdafiə hazırlığına gətirilib. İranın dini lideri ayətullah Əli Xameneyi də ordu, kəşfiyyat və təhlükəsizlik qurumlarındakı bütün yüksək səviyyəli komandanlara təlimat verərək rejimi qorumaq üçün lazım olan bütün tədbirləri görmələrini istəyib.
Tehrana qarşı sanksiyaların əleyhinə çıxış edən və İrana yönəlik sərt tədbirlərin görülməsində maneələr yaradan Çinin ordusunun yüksək rütbəli komandanı Jang Jao Jang üçüncü dünya müharibəsi bahasına da olsa, İranı müdafiə edəcəklərini bildirib. “Fars” xəbər agentliyinin məlumata görə, ABŞ-ın Yaxın Şərq bölgəsinə döyüş təyyarələrini göndərməsinə etiraz edən Çin ordusunun komandanı deyib ki, Pekin üçüncü dünya müharibəsinin başlaması bahasına olsa belə İranı müdafiə etmək və qorumaqda əsla tərəddüd etməməlidir.
İranın nüvə proqramı uzun müddətdir ki, beynəlxalq ictimaiyyət tərəfindən müzakirə mövzusudur. Qərb dövlətləri İrana qarşı tətbiq olunan sanksiyalara alternativ yol kimi hərbi müdaxiləni istisna etmir. ABŞ-ın müdafiə naziri Leon Panetta bir neçə gün əvvəl bəyan etmişdi ki, İran ABŞ gəmilərinin Bəsrə körfəzində hərəkətinə mane olarsa, o zaman qarşısında Amerika ordusunu görəcək.
Səudiyyə Ərəbistanı da İranın hədəfi ola bilər
Qərb və İsrail mediası isə yazır ki, rəsmi Təl-Əviv İran problemini diplomatik yox, hərbi yolla həll etməyin tərəfdarıdır. İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, Vaşinqtonun regiondakı müttəfiqi olan İsrailə zərbələr endirəcəyini söyləyir. İranın sınaqdan keçirdiyi uzaq mənzilli “Şahab-3” raketi 2000 km məsafədə olan hədəfləri vurmaq iqtidarındadır ki, İsraildə yerləşən hərbi bazalar İran sərhədindən məhz bu məsafədə yerləşir.
Vaşinqtonda yerləşən Qafqaz və Mərkəzi Asiya İnstitutunun araşdırma departamentinin rəhbəri Svante Kornel bildirib ki, müharibə yerüstü yox, daha çox İranın hərbi müəssisələrinə aviazərbələrin endirilməsi şəklində olacaq. Hazırda regionda təhlükəli situasiyanın yarandığını deyən Kornel İranın cavab verəcəyi ölkələr barədə də danışıb:“Bu ölkələrin sırasında Körfəz ölkələri ola bilər. Səudiyyə Ərəbistanı da İran tərəfdən zərbələrə tuş gələ bilər”. “Sepah” komandirlərindən olan Məhəmmədəli Asudi jurnalistlərə açıqlamasında ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) dini mərasimlərdə İmam Hüseyn mədhini deyən iranlı məddahlar arasına nüfuz etdiyini bildirib. Məhəmmədəli Asudinin sözlərinə görə, FTB təşkilatı dini mərasimlərdə mədh deyən məddahlar arasına nüfuz edib. Onlar düşünülmüş bir proqram əsasında məddahların oxuduğu mərsiyələrin məzmununu, ahəngini dəyişməyə cəhd göstərirlər.
Tehran Londondan üzr istəməyəcək
Bir neçə gün öncə Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücuma görə İrandan üzrxahlıq tələb edilməsinə bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehidən cavab gəlib. Nazir ölkəsinin Böyük Britaniyadan üzr istəməyəcəyini açıqlayıb. Salehi “Frankfurter Algemayen” qəzetinə müsahibəsində hadisənin baş verməsində Böyük Britaniyanı ittiham edib:“Bu hadisə həmin ölkənin İrana qarşı yürütdüyü siyasətinin nəticəsidir ki, millətin əsəbləşməsinə səbəb olub. Səfirliyə hücum millətin Böyük Britaniya siyasətinə etiraz reaksiyası idi”.
İnformasiya şöbəsi