Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Iranın Milli Radio və Televiziya təşkilatının sədri Izzətullah Zərqami ilə görüşündə müzakirə olunan məsələlərə baxaq: “ölkələrarası informasiya məkanı və teleradio, mətbuat-informasiya sahəsindəki vəziyyət, xüsusən son dövrdə iki ölkənin real vəziyyətini təhrif edən ayrı-ayrı kütləvi informasiya vasitələrinin fəaliyyəti…”.
Həsənovla Zərqami arasında “müvafiq razılıq” da əldə olunubmuş. Nəymiş bu razılıq?
Ə.Həsənov Iran kütləvi informasiya vasitələrinin antiAzərbaycan təbliğatının dayandırılması zəruriliyini önə çəkəndən sonra deyib ki, “eyni məzmunlu tələbləri Iranın da Azərbaycandan ummağa mənəvi haqqı var”.
Bu görüş və razılaşmalar qədər özünü və hakimiyyətin siyasətini faş edən ikinci bir halı təsəvvür etmirəm. Əvvəla, Əli Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiridir. Bəs, hansı haqla Iranın Radio və Televiziya Təşkilatının rəhbəri ilə qarşılıqlı razılaşma əldə edir?
Deməli, Azərbaycanda yazılı və elektron KIV monopoliyasının Əli Həsənova verilməsi barədə informasiyalar həqiqətdir. Bəs, Əli Həsənov niyə bu faktı inkar edir, daş atıb, başını tutur?
Ikincisi, antiIran təbliğatının aparılmayacağına Əli Həsənov hansı meyarlarla razılaşır? Irandakı vəziyyət, mətbuatın durumu bəllidir. Bu ölkədə demokratik dəyərlərə məhəl qoyulmadığını açıq-aşkar nümayiş etdirən, söz azadlığına və müstəqil mətbuata qənim kəsilən teokratiya hakimdir. Ona görə də Izzətullah Zərqami bir işarə ilə bu təbliğatın dayandırılacağına söz verə bilər. Bəs, Əli Həsənov nə deyib söz verir?
Belə çıxır ki, demokratik dünyaya inteqrasiya siyasətini yeritdiyini bəyan edən Azərbaycanda da azad söz və müstəqil mətbuatın idarə edilməsi mahiyyət etibarilə Irandan qətiyyən fərqlənmir. Burada da müstəqil mətbuat, söz azadlığı yoxdur və qəzetlərin böyük əksəriyyətinin siyasətini Əli Həsənov idarə edir.
Azərbaycan bu cür “qarşılıqlı anlaşmanı” demokratik ölkələrin hansısa rəsmisi ilə bağlaya bilərmi? Məsələn, ABŞ Dövlət Departamentinin görəvlisi “Vaşinqton Post”da Ilham Əliyev barədə tənqidi yazıların verilməməsi öhdəliyini götürərmi?
Yaddaşı zəif olanlara xatırladım ki, ABŞ rəsmisinə Azərbaycan tərəfdən mətbu tənqidlərlə bağlı etiraz bildiriləndə, “mətbuat azadlığıdır, heç nə edə bilmərik” sözü Hillari Klinton səviyyəsində bəyan edilmişdi.
Ancaq Azərbaycan hakimiyyəti Əli Həsənovun timsalında ölkədəki medianın durumunu – söz azadlığının olmamasını, müstəqil mətbuatın Prezident Administrasıyasının caynaqlarında can verdiyini çılpaqlığı ilə ortaya qoydu.
Hələ bunlar azmış kimi, Əli Həsənov elə həmin görüşdəcə deyir ki, “Azərbaycan insan hüquqlarının qorunmasına, azad sözün və mətbuatın inkişafına, dini etiqad azadlığına hörmətlə yanaşır. Lakin Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya və dini təriqətlərin idxal olmasına yol verməyəcək”.
Azərbaycanda insan haqlarına necə hörmət olunduğu sərbəst toplaşma ilə bağlı konstitusion haqqını tələb etdiyi üçün həbsə girən “2 aprelçilər”dən; azad sözün taleyi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının şərlənməsindən və Rafiq Tağının qətlə yetirilməsindən; “dini etiqad azadlığı” Islam partiyasının sədrinin türməyə soxulmasından… bal kimi görünür. Bu bir.
Ikincisi, “kənardan ölkə həyatına süni şəkildə demokratiya idxalı” nə deməkdir? Insan nə qədər savadsız olmalıdır ki, demokratiya, insan haqları, söz azadlığının heç bir ölkənin daxili işi olmadığını anlamasın. Bunu dünyanın supergücləri adama neçə dəfə deməlidir? Neçə dəfə başa salmalıdır?
Necə yəni “xaricdən idxal olunan demokratiyaya” imkan verməyəcəksiniz? Bu nə təfəkkürdür, axı? Ərəb diktatorlarının kəllə-mayallaq olduğu, bütün dünyanın Tehranın üstünə gəldiyi, bu ölkəyə iqtisadi və siyasi sanksiyalar qoyduğu dönəmdə Irana gedib, “demokratiyanı Azərbaycana buraxmayacağıq” bəyanatını vermək haradan ağlınıza gəldi?
Guya “dini təriqətlər idxalına” imkan vermirlər. Bakı meri Hacıbala Abutalıbovun oğluna qədər vəhhabilik meydan sulayır, ölkənin ən ünlü simalarının balaları nurçudur, Iran mollaları burda at oynadır, Əli Həsənov “idxal olunan təriqətlərə imkan verilmədiyindən” danışır.
Bunlar ölkəni hansı biabırçı duruma gətirdiklərinin və kimlərin hədəfinə çıxardıqlarının fərqində də deyillər.



