Mübariz Əhmədoğlu: «Vədlər reallaşmasa, Iranla bağlı informasiya müharibəsində uduzmayacağıq»
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Iranda iki ölkə arasındakı informasiya təbliğatı ilə bağlı qərarlar qəbul edib. Tərəflər Azərbaycan-Iran münasibətlərini pozmaqda maraqlı olan bəzi daxili və xarici qüvvələrin informasiya məkanından məharətlə istifadə etdiklərini deyərək qarşılıqlı antitəbliğat kampaniyasının ölkələrin milli və dövlətçilik maraqlarına zidd olduğunu bildiriblər.
Ə.Həsənov Iran KIV-lərinin antiazərbaycan təbliğatının dayandırılmasının zəruriliyini vurğulayıb. Eyni zamanda qeyd edib ki, eyni məzmunlu tələbləri Iranın da Azərbaycandan ummağa mənəvi haqqı var. Şöbə müdiri bildirib ki, informasiya məkanında hər iki ölkə bir-birinə hörmətlə yanaşmalıdır: “Bəzi neqativ halların qarşısının alınması istiqamətində hər iki tərəfin öz imkanlarını səfərbər etməsi haqda razılıq əldə etdik”.
Maraqlıdır ki, Azərbaycanda Iran əleyhinə ən çox çıxışlar edən, Iran hökumətini sərt tənqid edən elə hökumətə yaxınQHT rəhbəri, – Siyasi Innovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğludur. Yəni hökumətin bu gün dövlətçiliyə zidd addım kimi təqdim etdiyi işlə – Irana qarşı antitəbliğatla elə özünə yaxın bir təşkilat məşğul olub. Görəsən, iki ölkə arasında qəbul olunan bu razılaşmadan sonra M.Əhmədoğlunun mövqeyi necə olacaq?
M.Əhmədoğlu qəzetimizə açıqlamasında bildirdi ki, Əli Həsənovun bu səfərinə və orada qəbul olunan qərarlara münasibəti müsbətdir: “Bizə bir düşmən – ermənilər bəs edir. Əlavə düşmənə ehtiyac yoxdur. Iran özü Azərbaycanla necə davranacağını müəyyən edə bilmir. Bir tərəfdən Azərbaycan dövlətinin mövcudluğunu qəbul edə bilmir. O biri tərəfdən də başa düşür ki, qəbul edib-etməməsindən asılı olmayaraq Azərbaycanın dövlətçiliyi güclənir. Iranın belə vədlər verməsi ilk dəfə deyil. Bundan əvvəl də bir neçə dəfə Azərbaycanla bağlı təbliğatı normallaşdıracaqları istiqamətində təşəbbüslə çıxış edib. Biz Iran tərəfinin təklifini həqiqətən də qəbul etmişik və razılaşmaya əməl etmişik. Iran özü isə təklif verə-verə onları yerinə yetirməyib. Ona görə mən Əli Həsənovun səfərinə Iran üçün son şans kimi baxıram. Arzum da budur ki, Iran bu dəfə verdiyi vədə əməl etsin. Amma vədlər reallaşmasa, biz Iranla bağlı informasiya müharibəsində uduzmamışıq, uduzmayacağıq da. Özümüzün kifayət qədər resursumuz var”.


