“Artıq qərar qəbul etmək vaxtıdır”
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür. Bu, regionda etimad mühiti və stabilliyin bərqərar olmasına kömək edər. Həmsədr ölkələrin prezidentlərinin Dovil bəyanatında da bu fikir öz əksini tapmışdı”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Hillari Klinton ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən 18-ci toplantısında çıxışı zamanı deyib.
Digər həmsədr ölkənin – Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub. O, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərini, eləcə də həmsədr ölkələrin prezidentlərinin Dovil bəyanatını xatırladıb.
Lavrov deyib ki, münaqişənin tənzimlənməsi üzrə danışıqlar intensiv davam edir. O, münaqişənin həlli üçün tərəfləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Rusiya prezidenti Dmitri Medvedvin təklif və təşəbbüslərindən, “G-8” ölkələrinin sonuncu sammitində qəbul edilmiş bəyanatdan istifadə etməyə çağırıb.
“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə sadiqdir. Vasitəçilərin səylərinə baxmayaraq 2011-ci ildə münaqişənin nizamlanmasına dair tərəqqiyə nail olunmayıb. Bununla belə əldə olunan nəticələr 2012-ci ildə danışıqlar prosesinin dinamikasını artırmağa imkan verməlidir”. Bu fikirləri isə toplantıda çıxış edən Fransanın Avropa məsələləri üzrə naziri Jan Leonetti bildirib: “Artıq qərar qəbul etmək vaxtıdır və biz istəyirik ki, tərəflər bu şansdan istifadə etsin və yenilənmiş Madrid prinsiplərini dəstəkləsinlər”.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə çıxışında bunları deyib: “Təəssüf ki, ATƏT regionunda bir sıra münaqişələr hələ də nizamlanmamış qalır, bu isə həm təşkilatın işinə təsir edir, həm də ATƏT-ə inamı azaldır. Buna görə də biz ATƏT-in regionda münaqişələrin nizamlanmasına yönəlmiş səylərini dəstəkləyirik.
Türkiyə münaqişələrin ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında nizamlanmasına öz töhfəsini verməyə sadiqdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar gözlənilən nəticələri vermədi. Buna görə də ATƏT-in Minsk Qrupu öz fəaliyyətini aktivləşdirməlidir”.