ABŞ-la Türkiyə arasında məxfi anlaşma var

Vəfa Quluzadə: «Baydenin ardınca ABŞ-ın müdafiə nazirinin Türkiyəyə səfəri regionla bağlı mühüm qərarların qəbul edildiyinə işarədir»

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin ardınca müdafiə naziri Leon Panetta da bu ay ərzində Türkiyəyə səfər edəcək. Bu barədə Brukinq Universitetinin keçirdiyi forumda məlumat verən Panetta səfər zamanı Türkiyə rəsmiləri ilə Ankara-Təl-Əviv əlaqələrinin əhəmiyyətini vurğulayacağını açıqlayıb. Ekspertlərin fikrincə, Baydenin ardınca ABŞ-ın müdafiə nazirinin Türkiyəyə səfəri mühüm əhəmiyyət daşıyır. Istisna deyil ki, Suriyaya qarşı ola biləcək müdaxilədə Türkiyənin rolunun artması üçün Ankara ilə əməliyyatın detalları konkretləşdirilir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Türkiyə hazırda regionda ABŞ-ın ən yaxın müttəfiqi olduğundan hazırda Ankara ilə bəzi məsələlər ətrafında məsləhətləşmə aparılır. Bu baxımdan Vəfa Quluzadə də istisna etmədi ki, Suriya və Iran problemlərinin çözülməsində Türkiyənin hansı addımları ata biləcəyi nəzərdən keçirilir: “Hazırda regionda yaranan situasiya nəzərə alınarsa, Türkiyənin rolu, heç şübhəsiz, nəzərə alınmalıdır. Çünki həm Iran, həm də Suriya əməliyyatlarında Ankara əvəzolunmaz rol oynaya bilər. Digər tərəfdən, Türkiyənin də regiondakı maraqları nəzərə alınmalıdır”.
ABŞ-ın müdafiə nazirinin Türkiyəyə gəlməsinin digər tərəfdən bu ölkə ilə hərbi əməkdaşlığı dərinləşdirmək məqsədi də daşıya biləcəyini söyləyən V.Quluzadə qeyd etdi ki, istisna deyil ki, Suriya və Irana müdaxilə ərəfəsində Türkiyə yeni silahlarla təchiz edilə bilər: “Türkiyə NATO ölkəsidir. Amma NATO ölkələrinin heç də hamısı Amerikanın son kəşf olan silahları ilə təchiz edilməyib. Bu tip silahlar yalnız ehtiyac olduğu zaman NATO ölkələrinə təqdim edilir. Hazırda ABŞ regiondakı gərginliyi nəzərə alaraq Türkiyəyə bu silahı təqdim edə bilər. Çünki bir müttəfiqi kimi ABŞ Türkiyənin müdafiəsini də nəzər almalıdır”.
V.Quluzadə düşünür ki, eyni zamanda Suriya barəsində hazırda dünya ictimai rəyində formalaşan mənfi münasibəti nəzərə alaraq Türkiyə PKK probleminin biryolluq çözümünə də çalışa bilər. Çünki PKK-nın əsas yuvalarından biri məhz Suriya sayılır.

Xəyal