“Mircəfərsayağı metodlarla repressiya olunuruq”

Məhkəmənin ədalətsiz qərarları vicdan məhbuslarının əsəblərini tarıma çəkdi

 

Ictimai Palatanın (IP) 2 aprel aksiyasının təşkilində təqsirləndiriləòn müxalifət yetkililərinin – Müsavat Partiyası Icra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin apelyasiya şikayəti üzrə dünən növbəti məhkəmə iclası keçirildi.
Məhkəmə prosesinə hakim Vaqif Mursaqulov sədrlik edir, dövlət ittihamını isə prokuror Hafiz Imranov müdafiə edir. Iş üzrə zərərçəkmiş qismində tanınan şəxslər, o cümlədən polislər məhkəməyə gəlməmişdilər.

 

Fotoçəkilişə yenə də  “yox” cavabı

Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, dünən də vəkillər jurnalistlərin video və fotoçəkiliş aparmasına icazə verilməsi haqda vəsatət qaldırdılar. Hakim söz verdi ki, növbəti iclasda bu vəsatəti təmin edəcək.
Hakimin bu cavabına Arif Hacılı etiraz etdi. O xatırlatdı ki, hakim keçən iclasda da belə bir söz vermişdi, amma göründüyü kimi, yerinə yetirmədi.
Arif Hacılı həmçinin dəmir barmaqlıqlar arxasından çıxarılaraq, vəkillərilə yanaşı əyləşməsinə imkan yaradılmasını istədi.
Prokuror həm çəkiliş, həm də dəmir baqmaqlıqlar arasından çıxarılma ilə vəsatətin əleyhinə çıxdı. O bildirdi ki, mətbuat nümayəndələrinin məhkəmə iclasında çəkiliş aparmasına ehtiyac yoxdur.
Hakimin də qərarı prokurorun mövqeyinə uyğun oldu. Bu qərar vicdan məhbuslarının əsəblərini tarıma çəkdi. Arif Hacılı hakimləri süni gərginlik yaratmaqda və ədalətsizlikdə ittiham etdi:
– Avqustdan həbsdəyik. Bütün məhkəmə iclaslarında hövsələli olmuşuq. Çalışmışıq ki, proses sakit davam etsin. Səbail Rayon Məhkəməsindəki prosesdə də fikirlərimizi bildirmişik, proses də sakit davam edib. Lakin apelyasiya məhkəməsində ilk gündən qalmaqal yaranıb. Bizim yaxınlarımızla görüşməyimizə icazə verilmir, prosesə gələnlərin iclas zalına buraxılmasında maneələr yaradılır, prosesdə çəkiliş aparılmasına heç bir səbəb olmadan icazə verilmir. Bizi Səbail Rayon Məhkəməsində dəmir barmaqlıqlar arxasında yox, vəkillərimizlə eyni kürsüdə əyləşdirirdilər. Bu baxımdan həmin məhkəmədə müdafiə hüquqlarımız qismən də olsa, təmin edildi. Eyni münasibəti yuxarı instansiya olan Bakı Apelyasiya Məhkəməsindən də gözləyirdik, lakin təəssüf ki, belə olmadı. Məhkəmə zalında vəkillərimizdən 7-8 metr kənarda əyləşməklə müdafiə hüququnu qurmaq mümkün deyil.

Dövlət ittihamçısı  ittiham olunur

Arif Hacılı dövlət ittihamçısının çıxışına da etirazını bildirdi:
– Məhkəmə prosesi Cinayət-Presessual Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır, mülahizələrə uyğun yox. Bizim dəmir barmaqlıqlar arxasından çıxarılmamağımız üçün arqument kimi deyirsiniz ki, prosesdə fasilə olacaq, təqsirləndirilən şəxslər vəkillərilə məsləhətləşəcəklər. Bu da qanunauyğun deyil.

Prokuror nağıl danışmasın!

Tural Abbaslı da dövlət ittihamçısına etirazını bildirdi. Onun sözlərinə görə, prokuror onların siyasi fəaliyyətlərilə əlaqədar öz qərəzini nümayiş etdirir:
– Dövlət ittihamçısı vəsatətlərə etiraz edəndə fikrini hüquqi cəhətdən də əsaslandırmalıdır, mülahizə yürütməməlidir. Dövlət ittihamçısı işə səhlənkar yanaşmasın, burada insan taleyi həll olunur, etdiyi etirazları qanunla əsaslandırsın. Əsaslandırsın, görək ki, bizim vəsatətlərimiz təmin olunsa, dövlətə hansı ziyan dəyəcək, onun işlədiyi idarəyə nə ziyanı olacaq? Daha burada nağıl danışmasın…

Məhkəmədən əsaslandırma tələbi

Bütün tərəfləri dinləyən hakim gözlənildiyi kimi, vəsatəti təmin etmədi. Buna etiraz edən Fuad Qəhrəmanlı da bir daha məhkəmədən əsaslandırma tələb etdi:
– Burada dövlət ittihamçısı öz işlədiyi qurumun adından çıxış edir, öz siyasi mövqeyini müdafiə edir. Hakim də vəsatətləri təmin etməməklə öz siyasi mövqeyini ortaya qoyur.

Turalı niyə tutmusunuz?

Məhkəmə prosesinin davamında Tural Abbaslının vəkili Anar Qasımlı apelyasiya şikayəti üzrə çıxış etdi. O bildirdi ki, nə özü, nə də müdafiə etdiyi şəxs ona verilən ittihamın mahiyyətini başa düşüb. Vəkilin sözlərinə görə, Tural Abbaslı müdafiənin qurulması üçün məhkəməyə 23 sualla müraciət etsə də, Səbail Rayon Məhkəməsində hakim Famil Nəsibov Turala nədə ittiham olunduğunu izah edə bilməyib. Vəkil bildirdi ki, Ictimai Palata mitinq qərarını martın 18-də verib, həmin zaman da Tural Abbaslı inzibati cəza ilə bağlı sutkalıq həbsdə olub. Buna görə də o, mitinqin təşkilatçısı hesab oluna bilməz. Aksiya günü, yəni aprelin 2-də Tural Abbaslının mitinq başlanmamışdan əvvəl tutulduğunu deyən vəkil bildirdi ki, bu səbəbdən ona “mitinqdə fəal iştirak etmə” ittihamı da verilə bilməz.

Bu, gülünc ittihamdır

Vəkilin çıxışına ilk münasibəti Arif Hacılı bildirdi:
– Tural Abbaslı aprelin 2-də cinayət törətməyib. Istintaq orqanı Fuad Qəhrəmanlı, Tural Abbaslı, Məhəmməd Məcidlini mitinqin təşkilatçısı kimi təqdim etməklə uğursuz ittiham qurub. Bu, gülünc ittihamdır. Çünki Cinayət Məcəlləsində aksiyanın təşkilinə görə cinayət məsuliyyəti nəzərdə tutulmur. Bu, inzibati qaydada məsuliyyət nəzərdə tutur ki, nəticədə də 7-10 manat cərimə təmin olunur. Aksiya zamanı Tural Abbaslı zorakılığa yol verməyib. Polis əməkdaşlarından ibarət 26 nəfər də məhkəməyə ifadəsində bunu təsdiqləyib.

Məhkəmədə alqış səsləri…

Məhəmməd Məcidli də çıxışında hakimdən obyektiv qərar gözləmədiyini bildirdi. Dedi ki, hakim bu iş üzrə obyektiv qərar çıxarsa, bu halda, onun özünün azadlıqda olub-olmaması sual altına düşə bilər. Məhəmməd Məcidlinin sözlərinə görə, Azərbaycan məhkəmələri indi Mircəfər Bağırovun repressiya prinsiplərilə işləyirlər, ölkənin azad fikirli, xalqın gələcəyini düşünən insanlarını 1937-ci ildəki kimi repressiyaya məruz qoyurlar.
Vicdan məhbuslarının çıxışlarına məhkəmə zalındakı müxalifətçilərin alqışla qarşılıq verməsi hakimi əsəbiləşdirdi. O, “bura konsert deyil, kim əl çalmaq istəyirsə, konsertə getsin” deyərək, bir daha analoji halın təkrarlanmamasını tələb etdi.

Heydər Əliyevin adını çəkən kimi…

Tural Abbaslının çıxışı zamanı hakimlə vicdan məhbusları arasında növbəti gərginlik yaşandı. Buna səbəb isə Turalın çıxışında Heydər Əliyevin adını tənqidi rakursda çəkməsi və hazırkı rejimi Qəzzafi, Hitler idarəetməsilə eyniləşdirməsi oldu. Hər dəfə yuxarıdakı siyasətçilərin adı çəkiləndə hakim Turalın sözünü kəsərək onu ittihamdan kənara çıxmaqda suçlayırdı.
Hakimin bu hərəkəti Arif Hacılını əsəbiləşdirdi. O, yerindən qalxaraq hakimlərdən soruşdu ki, hansı səbəbdən Turalın hüquqları məhdudlaşdırılır, ona öz fikrini deməyə imkan verilmir. Vəkil Anar Qasımlı isə məhkəmənin nəzərinə çatdırdı ki, Turala ittihamın mahiyyəti aydın olmadığından o, mahiyyəti üzrə danışa bilmir. Fuad Qəhrəmanlı da hakimin müdaxilələrini qanunsuzluq kimi dəyərləndirdi. Dedi ki, onlar siyasi motivlə həbs olunublar və buna görə də Tural Abbaslının siyasi çalarlı çıxış etməsi təbiidir.

Hakimə “kompromis” təklif

Tural isə hakimə belə bir “kompromis” variant təklif etdi:
– Gəlin, mənim yerimdə durun, siz çıxış edin.
Tural Abbaslı çıxışında dedi ki, onun həbsi siyasi motivlidir. O, ölkədə faşist rejimi qurulmasına etiraz etdiyinə görə cəzalandırılıb.

***

Bütün tərəfləri dinləyən hakim sonda vəkilin Tural Abbaslının ittihamla tanış olmasına dair 23 sualdan ibarət vəsatətini baxılmamış saxladı. Hakim bildirdi ki, bu məsələyə məhkəmə yekun qərarında aydınlıq gətirəcək.
Sonra Fuad Qəhrəmanlı və Arif Hacılının vəkili Əsabəli Mustafayev çıxış etdi. Birinci məhkəmə instansiyasının qərəzli aparıldığını deyən vəkil hər iki şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istədi.
Məhkəmə prosesi dekabrın 9-da davam edəcək.

Natiq