Keçmiş iranlı diplomat: “İran rəsmiləri özlərini itiriblər”

İranın Yaponiyadakı səfirliyinin keçmiş məsləhətçisi Əbülfəzl İslami jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Tehrandakı səfirliyini tutan qüvvələrdən danışıb.

Əbülfəzl İslami 2010-cu ilin fevral ayında jurnalistlərə açıqlamasında tutduğu vəzifədən istefa verərək Yaponiyaya sığındığını bildirib. O, istefasının 2009-cu ilin iyununda keçirilən prezident seçkisindən sonra iranlı müxaliflərə qarşı güclənən repressiyalara etirazla əlaqədar olduğunu bəyan edib.

“Media forum” saytının məlumatına görə, Əbülfəzl İslami deyib ki, Böyük Britaniyanın səfirliyini adi tələbələr yox, hökumətin öz adamları tutub: “Səfirliyə hücum çəkənlər adi xalq və ya tələbələr olmayıb. Hücumçular öz adamları olmasaydı, onları asanlıqla əzə bilərdilər. Bu hücumun proqramını da özləri əvvəlcədən hazırlamışdılar.

Hesab edirəm ki, İran İslam Respublikasının rəsmiləri özlərini itiriblər. Heç nə haqqında düzgün qərar da qəbul edə bilmirlər. Hazırda islam respublikasına qarşı yönələn təzyiqlərin həcmini təsəvvür edə bilməzsiniz. Biz xaricdə yaşayanlar bu təzyiqlərin nə dərəcədə ağır olduğunu hiss edirik. Bunlar özlərini itiriblər. Buna görə də ağılsız, düşünülməmiş qərarlar qəbul edirlər”.

Noyabrın 29-da Böyük Britaniyanın Tehran səfirliyi qarşısında aksiya keçirən hökumət yönlü tələbələr və “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) üzvləri səfirlik binasını tutublar.