Naxçıvan klanının sözçüsü Mehriban Əliyevanın namizədliyini qəbul etmədiklərini rəsmən bəyan etdi
2013-cü il prezident seçkisi ilə bağlı hakimiyyətdaxili qrupların çəkişməsi səngimək bilmir. Ilham Əliyev “Əl Cəzirə” telekanalına müsahibəsində növbəti seçki barədə mövqeyinə aydınlıq gətirməyincə hakimiyyətdəki Naxçıvan klanı ölkə başçısına təzyiqlərinə davam etdirir.
Yada salaq ki, Ilham Əliyev sözügedən müsahibəsində 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə qərar vermədiyini bildirib. Bu qeyri-müəyyən açıqlama iqtidardakı Naxçıvan klanını təşvişə salıb. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi Naxçıvan klanı düşünür ki, Ilham Əliyevin məlum açıqlamasını hakimiyyəti başqa bir qrupa güzəşt etməsi planından irəli gələ bilər. Həmin qrup Paşayevlərin rəhbərlik etdiyi Bakı-Şirvan klanıdır. Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov yaxşı anlayır ki, rəhbərlik etdikləri qruplaşmanın Ilham Əliyevdən başqa namizədi yoxdur. Ilham Əliyevin namizədliyini irəli sürməməsi Naxçıvan klanının intiharı demək olar. Bu baxımdan Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov ciddi cəhdlə ölkə başçısının seçkidə iştirakını təmin etməyə çalışır. Naxçıvan klanına daxil olan şəxslərin ard-arda “YAP-ın namizədi Ilham Əliyevdir” bəyanatları əslində Ilham Əliyevə təzyiq xarakteri daşıyır.
Bu günlərdə Naxçıvan klanının sözçüsü hesab edilən YAP-çı deputat Eldar Ibrahimov ikinci dəfə bəyan edib ki, Ilham Əliyev hakim partiyanın vahid namizədi olacaq. O, “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib: “Bizim prezidentliyə namizədimiz var və bu şəxs Ilham Əliyevdir. Təkcə YAP-ın yox, Azərbaycan xalqının əksəriyyətinin gördüyü insan Ilham Əliyevdir. Yəni biz prezidentliyə başqa namizəd axtarmırıq”.
Eldar Ibrahimovun bu açıqlamasından əvvəl isə, Zahid Oruc “Reytinq”ə müsahibəsində hakimiyyətin idarəçiliyinin gələcək dönəmdə Mehriban Əliyevanın prezidentliyi ilə mümkün ola biləcəyini söyləyib: “Bu arzular heç bir halda qruplaşma və ya parçalanma doğurmur, əksinə mövcud kursun təhlükəsiz gələcəyinə təsir göstərir”. Zahid Oruc əlavə edib ki, Mehriban Əliyevanın namizədliyinin gündəmə gəlməsini hakimiyyətin iki fərqli qütbünün prezident seçkisinə getməsi kimi qələmə vermək mümkün deyil.
Lakin Eldar Ibrahimovun bir gün sonra “başqa namizəd axtarmırıq” bəyanatı Zahid Orucun söylədiklərini təkzib edir. Yəni, əgər doğrudan da hakimiyyət daxilində Mehriban Əliyevanın birinci şəxsə çevrilməsi versiyasına münasibət müsbətdirsə, o halda Eldar Ibrahimovun bu açıqlaması ortaya çıxmamalı idi. YAP-çı deputatın “başqa namizəd axtarmırıq” söyləməsi, hətta Mehriban Əliyevanın namizədliyinin müzakirə mövzusu olmasına qarşı Naxçıvan klanının hiddəti kimi qəbul edilə bilər. Bu açıqlama həm də Mehriban Əliyevanın namizədliyinin Naxçıvan klanı tərəfindən qəbul edilmədiyinin rəsmən bəyan edilməsi kimi dəyərləndirilməlidir.
Analitik informasiya şöbəsi