ATƏT rəhbəri jurnalistlərə basqılardan narahatdır

Dunya Miyatoviç: «Bəzən jurnalistlərə qarşı «Əcinnə ovu»na başlayır, zorakılıq tətbiq edir, susmağa məcbur edirlər»

Dünən Vilnüsdə ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis və ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç birgə keçirdikləri mətbuat konfransında “Jurnalistlərin təhlükəsizliyi üçün ATƏT-in təlimatları” kitabını təqdim ediblər. Ajubalis bildirib ki, Litvanın ATƏT-ə sədrliyi dövründə əsas prioritetlərindən biri jurnalistlərin fəaliyyəti üçün təhlükəsiz şərait yaradılması olub: “Son bir neçə il ərzində peşə fəaliyyəti ilə əlaqədar 30-dan artıq jurnalist öldürülüb(APA).
Jurnalistlərə fiziki hücumlar da davam edir. Mən ATƏT-ə üzv ölkələri jurnalistlərin daha asanlıqla informasiya əldə edə bilməsi üçün qanunvericiliyi təkmilləşdirməyə və “Diffamasiya haqqında” qanun qəbul etməyə çağırıram”.
Dunya Miyatoviç bildirib ki, hətta 21-ci əsrdə də söz azadlığı uğrunda mübarizə aparmaq lazım gəlir: “Bəzən jurnalistlərə qarşı ”Əcinnə ovu”na başlayır, onlara zorakılıq tətbiq edir, onları susmağa məcbur edirlər. Bütün bunlar jurnalistlərin daha böyük əvəz ödəməsinə gətirib çıxarır. Irlandiyanın da ATƏT-ə sədrliyi dövründə söz və mətbuat azadlığının müdafiəsi əsas prioritetlərdən olacaq”.