Sumqayıtın icra başçısı sahibkarlara qan uddurur

Eldar Əzizov «metlax əməliyyatı»na pul verməyənlərin obyektlərini bağlayır

Sumqayıtın icra başçısı Eldar Əzizov sahibkarları müflis etməkdə davam edir. Şəhərin abadlaşdırılmasını sahibkarların üzərinə qoyan icra başçısı buna etiraz edənlərin obyektlərini qapadır. Dünən əldə etdiyimiz məlumata görə, icra başçısının göstərişi ilə şəhərin Sülh küçəsində fəaliyyət göstərən ticarət obyektləri qapadılıb. Səbəb obyekt sahiblərinin Eldar Əzizovun “metlax əməliyyatı”na etiraz etməsidir.
Məlumatlarda deyilir ki, icra başçısı əvvəlcə sahibkarlara elçi göndərərək küçəyə metlax döşənməsinin qiymətini açıqlayıb. Bəlli olub ki, obyektin sahəsindən asılı olaraq qiymət dəyişir. Ən xırda obyekt “metlax əməliyyatı”na 2500 manat verməlidir. Ən iri obyekt üçün isə bu qiymət 20 min manatdır. Sahibkarların etirazı fayda verməyib. Onlar, hətta Eldar Əzizovun elçilərini metlaxı özlərinin döşəyəcəyinə də razı sala bilməyiblər.
“Metlax əməliyyatı”na start veriləndə isə sahibkarlara  bildirilib ki, deyilən məbləğ verilməyəcəyi təqdirdə obyektləri qapadılacaq. Sahibkarlar bunun sadəcə hədə-qorxu olduğunu zənn ediblər. Lakin dünən axşam saatlarında Eldar Əzizovun adamları polislərin dəstəyilə Sülh küçəsində obyektləri bağlamağa başlayıblar. Buna etiraz edən sahibkarları isə həbslə hədələyiblər.
Obyektlər bir neçə saat qapalı qaldıqdan sonra sahibkarlardan bəziləri Eldar Əzizovun tələbilə razılaşmağa məcbur olublar. Lakin bəzi sahibkarlar istənilən halda deyilən məbləği verməyəcəyini bəyan ediblər.
Onu da qeyd edək ki, Eldar Əzizov “metlax əməliyyatı”nı Ilham Əliyevin adı ilə həyata keçirir. Icra başçısının iddiasına görə, tapşırıq ölkə başçısından gəlib. Hər bir halda, küçələrin sahibkarların vəsaitilə təmir etdirilməsi Sumqayıtda ciddi narazılığa səbəb olub. Eldar Əzizov bu talançılığı davam etdirəcəyi təqdirdə, şəhərdə sosial partlayışın baş verəcəyini gözləmək olar.

Zərifə Məhəddinova