Doğrudan da yaz gələndə çiçəklər hamısı birdən açılır! Rusların siyasətinə o qədər də simpatiyam olmasa da, onların mədəniyyətinin böyüklüyünü hər vaxt etiraf etmişəm. Özü də çox maraqlıdır. Bu mədəniyyətin yaradıcıları bir çox hallarda çox az ömür yaşayıblar. Puşkin 38, Lermontov 27 il… Bir nəfər də olub – Dobrolyubov… Cəmi 26 il yaşayıb…
Bizim rusdilli yazarlarımız çox tez oxucu simpatiyası qazanırlar. Mən bu haqda çox düşünmüşəm. Həmin o yazılardan bir neçəsini özüm üçün dilimizə çevirmişəm – qeyri-adi heç bir şey yoxdur, Azərbaycan dilində bu yazılar ortabab yazı təsiri bağışlayır. Bəs onda səbəb nədir? Niyə rus dilində yazılan yazılar daha güclü təsir və effekt bağışlayır? Mən bunu elə rus dilinin publisistik imkanlarının genişliyilə izah edərdim.
Bəli, rus publisistikasının tarixi daha böyükdür. Bizi ən azı, bir əsr qabaqlayıblar. Buna görəsə bu dil öz publisistlərinə – Belinskiyə, Gertsenə, Çernışevskiyə, indi yubileyi qeyd olunan Dobrolyubova minnətdar olmalı və onları unutmamalıdır.
Mən bunları niyə qeyd edirəm? Bir vaxt özüm üçün kəşf etdim ki, bizdə tarixən jurnalistikanın yalnız bircə janrı – felyeton janrı inkişaf edib. Güclü və ciddi publisistik yazılar olmayıb. Təbii ki, xırda istisna var. Məsələn, biz M.F.Axundovu böyük filosof hesab edirik. Lakin ruslar N.Berdyayevə publisist deyirlər. Mənə də elə gəlir ki, Axundov böyük bir publisist və yazıçı olub. Ona görə də Azərbaycanda ciddi publisistikanın da tamam olmadığını iddia etmək bir qədər düzgün olmazdı, sadəcə, publisisti də öz adı ilə çağırmaq lazımdır. Mən hələ siyasi publisistika sahəsindəki yazarları – Əlibəy Hüseynzadəni, Məhəmməd Əmin Rəsulzadəni demirəm. Amma onların yazı üslubu, xüsusən də Əlibəy Hüseynzadənin dili çox mürəkkəbdir. Amma buna da şükür! Heç olmamaqdansa, bu da yaxşıdır.
Mən bununla həmin o dəyərli insanların yazılarının əhəmiyyətini zərrə qədər də olsa, azaltmaq niyyətində deyiləm. Əsla. Sadəcə, publisist yazıları o qədər də gərəksiz hesab etməyin və vaxtaşırı bu janra da müraciət edin, çünki yazı dilinin təkmilləşməsində o janrın böyük rolu var. Ədəbi dil, böyük ədəbiyyat dili məhz publisistikanın sayəsində kütləviləşir, işlək və çevik bir forma alır. Hə, təsadüfi deyil ki, rus publisistlərinin böyük əksəriyyəti ədəbiyyata yaxın adamlar olublar. Biz də mütaliədən soyumamalıyıq.
Bunları kiməsə “jurnalistika dərsi keçmək cəhdi” kimi yozmayın. Əsla belə fikrim yoxdur. Sadəcə, siyasət, özü də sönük bir siyasət adamı yorur. Amma rusların əski publisistikası hər şeyi əvəz edirdi, jurnallar, yazılar əldən-ələ keçirdi, adamlar o yazıları nəfəslərini dərmədən oxuyurdular. Indi, hətta Rusiyada da belə şey yoxdur. Hər yanda bir internet dili yaranmaqdadır. Mən bunun da əleyhinə deyiləm. Hər dövrün özünün bir qanunu, tendensiyasi var. Indiki dövr də belədir. Nə etmək olar? Bir vaxtlar az adam yazırdı, çox adam oxuyurdu. Indi tərsinədir – çox adam yazır və az adam, olduqca az adam oxuyur. Indi nə edək? Bilmirəm. Düşünürəm ki, elə bəlkə əvvəllər də yazan çox olub, sadəcə çoxu zamanın süzgəcindən keçə bilməyib…
Amma bir detalı etiraf etmək lazımdır: son illərdə əldən-ələ keçən yazılar, oxunmaqdan əzik-üzük olmuş qəzetlər, jurnallar gözə dəymir. Burada mətbuat bazarının da təsiri az deyil. Qəzetlər daha çox informasiya ilə, özü də gurultulu, səs-küylü və bir çox hallarda sırf akustik effekt yaradan informasiya ilə çıxmağa üstünlük verirlər. Görünür, elə bunu da zamanın ayağına yazmaq lazım gəlir…
Kiçik sözardı
Hə, oxucu məndən siyasi yazı gözləyir. Özü də elə yazı ki, onun ürəyindən tikan çıxaran olsun. Amma mən özümü çətin dırmaşılan dağın ətəyində hiss edirəm. Dağa o tərəfdən, bu tərəfdən həmlə edirəm və onun zirvəsinə çıxan yolu axtarıram. Elə bu yazı da belə cəhdlərdən biridir. Bir də ki, monoton bir şəkildə hər gün eyni şeyləri nə qədər yazmaq olar? Bir vaxt bir cəsarət adlı sədd vardı. Fikirləşirdin, bu səddi aşa bilərəmmi, filan şeyi yaza bilərəmmi?
Artıq o sədd də yoxdur, çox şey keçilib…



