Milli “stand up”ın “razvyazka” problemi

Fikir vermisinizsə, Azərbaycanda bu janr o qədər də populyar deyil. Rusiyada Mixail Zadornov, Yan Arlazarov, Yefim Şifrin, Maksim Qalkin, Türkiyədə Cem Yılmaz, Yılmaz Ərdoğan çox populyardır. Hətta Mixail Zadornov uzun illər Rusiyanın sabiq prezidenti Boris Yeltsinlə eyni mərtəbədə qapı bir qonşu olmaq kimi şərəfə nail olmuşdu.

Cəmiyyətdəki neqativ halları yumorun dililə tamaşaçılara canlı çatdırmaq, onları sözün əsl mənasında həm güldürmək, həm də düşündürmək böyük bacarıq, eyni zamanda, cəsarət tələb edir.
Bu, həm də tamaşaçı ilə aktyorun dialoqudur. Əgər tamaşaçı sənin yumorunu anlamırsa və gülüşlə reaksiya vermirsə, bu, faciədir. Deməli, bu janr sənlik deyil və bacarığını başqa sahədə axtarmalısan.
Azərbaycanda “stand up” janrı yox dərəcəsindədir. Ümumiyyətlə, Azərbaycanda tənqidi yumor ustaları duzsuzluğu ilə seçilirlər. Yəni, rejimi ifşa etməmək şərtilə bir xeyli hoppanıb-düşəndən sonra qəribə izahat verirlər. Monoloqun, səhnəciyin sonunda, yəni, “razvyazka”sında bütün bunların sadəcə, bir zarafat olduğunu deyirlər, ya da təxəyyülün məhsulu kimi qələmə verirlər. Beləcə, bayaqdan gülən tamaşaçının bir anda hər şey “burnundan gəlir”.
Əvəzində bu boşluğu elə məmurlarımızın özləri doldururlar. Artur Rəsizadə, Hacıbala Abutalıbov, Əli Həsənov (hər ikisi), Tağı Əhmədov, Səlim Müslümov, Hadı Rəcəbli, Əli Əhmədov və əlbəttə ki, prezident Ilham Əliyev…
Hacıbala Abutalıbov… Məncə, merin simasında biz dahi artistimizi itirmişik. Danılmaz faktdır ki, hər dəfə yağış yağandan sonra Bakı küçələri Venetsiyanı xatırladır. Bu zaman bütün nəzərlər, heç şübhəsiz, Hacıbala müəllimə dikilir. Istənilən açıqlamanı götürün, əvvəlcə yağışın qəfil yağdığını izah edərək, başını yuxarıya dikir, sanki xudavəndi-aləmə etiraz edir, bir az ordan-burdan danışır və… Buyurun, salonları titrədə biləcək fraza – “Yağış, nəzərdə tutduğumuzdan çox yağdı!..”
Istər Zadornov, eləcə də Cem Yılmaz öz monoloqlarında bu tip dahiyanə tapıntılar edəndə, özlərini saxlaya bilmirlər və zalla birlikdə qəhqəhə çəkib gülürlər. Hacıbala müəllim isə, ciddiliyini qoruyur.
Mənə əvvəllər elə gəlirdi ki, mer yumor hissindən məhrumdur, lakin bunun belə olmadığını bir dəfə şəxsən öz gözlərimlə gördüm. Dağıdılmış asfalt yolun kənarında Hacıbala müəllim əsəbi şəkildə işçilərinə göstəriş verirdi. Bu zaman onların yanından, içərisində bəylə gəlin olan bəzədilmiş “VAZ-2101″ markalı maşın siqnal verə-verə keçdi. Ilk reaksiya merdən gəldi, az sonra bütün işçilər də ona qoşulub maşın gözdən itənədək onu qəhqəhə ilə seyr etdilər.
Metrobəyimiz Tağı Əhmədov isə daha ağıllıdır. Əzabkeş, qayğılı, görünməyə çalışır, bütün Bakı əhli metrodakı “toçkalar”a onun ailə üzvlərinin nəzarət etdiyini bildiyi halda, bu haqda məlumatı olmadığını təəccüblə bildirir, ailəsini 850 manatlıq maaşıyla dolandırdığını deyir. Hətta  güzəranından şikayət etməyi də özünə rəva bilir.
Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə daha orijinaldır. Azərbaycandakı vəziyyətlə bağlı hər hansı beynəlxalq qurumun hesabatından sonra açıqlama verir ki, həmin təşkilat ermənipərəstdir. Bu məntiqə inansaq, dünyada ermənipərəst olmayan təşkilat yoxdur. Amma qəribə olan budur ki, bu hesabatlarda ermənilərdən, Qarabağdan bir kəlmə də bəhs edilmir.
“Inkişafı görməyənlər” ifadəsi isə partkom Əli Əhmədov və digərlərinə aiddir. Qəribədir ki, inkişafın nədən ibarət olduğunu hələ də açıqlamırlar.
Nəhayət, lap elə bu yaxınlarda Azərbaycanda və Ermənistanda hərbi parad keçirilirdi. Etiraf edək ki, bizim parad daha baxımlı alındı. Ilham Əliyev düşmən ölkənin paradını ələ saldı, iclasda olan bütün məmur elitası, bir neçə dəqiqə qəhqəhə ilə buna qarşılıq verdilər.
Ərazilərin işğalı baxımından yanaşsaq, (lütfən, başqa versiya varsa, söyləyin!) bu gülüş “stand up” janrı üçün əvəzsiz hədiyyədir.
Azərbaycanda “stand up” janrında bacarığı olanlara məsləhətimiz budur ki, məmur olmaq qabiliyyətiniz kifayətdir. O zaman mövzu, tamaşaçı və “razvyazka” sarıdan korluğunuz olmayacaq. Çünki özünüzü oynayacaqsınız…