Rahim Hacıyev: «Iqtidarın Qərbə hər hansı problem yaratmaq səyləri müsbət nəticə verməyəcək»
“Mətbuat vasitəsilə dilə gətirilən hədələr hakimiyyətin narahatçılığının göstəricisidir”
Bir müddət əvvəl Böyük Britaniyanın “Guardian” nəşrinin məmurların tənqidinə yönələn məqalələrinə hakimiyyət ənənəvi üsulla cavab verib. Hakimiyyətə yaxınlığı ilə tanınan “Bakinski raboçi” qəzeti Britaniyaya qarşı hücuma keçib. Ancaq qəzetin baş redaktoru Rəhman Hacıyevin “Britaniya mətbuatının ”Məkrli Albionu” sərlövhəli məqaləsinin daha sonra “AzərTAc” və digər dövlət qəzetlərində çap edilməsi bir daha onu sübut edir ki, sifariş yenə də eyni ünvandan gəlib.
Qərb dairələrinin üzərinə hücuma keçən müəllif Britaniyanı hədələməkdən belə, çəkinməyib. Məsələn, yazıda deyilir ki, müxtəlif məsələlər üzrə özlərinə sərfəli güzəştlər əldə etmək üçün KIV vasitəsilə bu və ya digər ölkələrə təzyiq göstərilməsi Qərb dövlətləri tərəfindən geniş istifadə edilən üsuldur. Müəllif Britaniya mətbuatını, dolayısı ilə Qərbi Azərbaycanda gedən prosesləri görməməkdə, əlaqələrin fərqinə varmamaqda ittiham edir və həssas məqam olan enerji məsələsini xatırladır. Eyni zamanda iki ölkə arasında münasibətlərin sərinləşməsi və ya əməkdaşlığın perspektivlərinə yenidən nəzər salınmasının kimlərin maraqlarına uyğun ola biləcəyini sual edir. Birbaşa hakimiyyət dairələrələri tərəfindən hazırlandığına heç bir şübhə yeri qalmayan yazıda Britaniyanın neftlə hədələndiyi açıq-aydın gözə çarpır. Hakimiyyətin mətbuat vasitəsilə dilə gətirdiyi bu hədələr hansı məqsədi daşıyır və bunun nə kimi nəticələri ola bilər?
Siyasi ekspert Rahim Hacıyev iqtidarın dünyada gedən demokratikləşmə prosesinin ölkədən yan keçməsinin mümkünsüz olduğunu anladığını və bu səbəbdən də ciddi narahatçılıq keçirdiyini deyir. Buna baxmayaraq, hakimiyyət digər avtoritar rejimlərin istifadə etdikləri variantlara əl atır. Devrilən diktatura rejimləri kimi demokratik dünyaya qarşı gurultulu bəyanatlar verir. Bununla da hakimiyyət beynəlxalq aləmi şantaj etməyə çalışır. Ekspertin fikrincə, hakimiyyətin bu tip bəyanatları reallaşdırmaq imkanları məhduddu: “80 milyon əhalisi olan Misirin rəhbəri Hüsnü Mübarək öz xalqının və demokratik dünyanın tələbləri qarşısında geri çəkildisə, dünyaya uzun müddət meydan oxuyan Qəzzafi demokratik rejimin qurulması istiqamətində səylərin qarşısını ala bilmədisə, kiçik Azərbaycana rəhbərlik edən şəxslərin xalqın və beynəlxalq aləmin burada demokratik cəmiyyətin qurulması istiqamətindəki fəaliyyətinin qarşısını ala biləcəyi yalnız gülüşlə qarşılana bilər. Hakimiyyətin elə imkanları yoxdur. Amma buna baxmayaraq onlar da digər avtoritarların yolunu gedir. Bu da Azərbaycana demokratikləşmə sunamisinin yaxınlaşmasının qarşısını almaq cəhdi kimi qiymətləndirilməlidir”.
Ekspert hesab edir ki, Azərbaycan hakimiyyətinin Qərbə hər hansı problem yaratmaq səyləri müsbət nəticə verməyəcək. Çünki hakimiyyət xalqın mənafeyinə uyğun siyasət aparmadığına görə, dəstəkdən məhrumdur. Eyni zamanda dünyada korrupsiyalaşmış, demokratiyanın düşməni kimi tanındığından, xarici amillərin köməyindən istifadə etmək imkanı yoxdur.
Ekspertin sözlərinə görə, hakimiyyətin mətbuat vasitəsilə dilə gətirdiyi hədələr həm də onun narahatçılığının göstəricisidir. Çünki dünya birliyinə qarşı çıxanların indi harda olduqları hər kəsə bəllidi. Ona görə də hakimiyyətin baş verənlərdən soyuq başla nəticə çıxarması yaxşı olar. Bu, onların öz gələcəyi üçün də vacibdir.
Fizzə


