«Azərbaycan» qəzetinin budəfəki hədəfi Ziya Məmmədov, Hacıbala Abutalıbov və Cavid Qurbanov oldu
“Azərbaycan” qəzeti son sayında bəzi məmurları “vuran” məqalə dərc edib. “Tikinti və təmir mədəniyyəti” adlı məqalədə Bakıda aparılan təmir-tikinti işlərinin əndazədən çıxdığı qeyd olunur və buna məsul olan məmurlar ittiham edilir. “Azərbaycan” qəzeti ad çəkməsə də, məqalədə məhz Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, nəqliyyat naziri Ziya Məmmədov və “Azəryolservis”in rəhbəri Cavid Qurbanovun tənqid olunduğu açıq-aydın görünür. Bunu müəyyən etmək üçün yazının təqdim etdiyimiz hissələri ilə tanış olmaq kifayət edir:
“…Neçə vaxtdır böyükdən kiçiyə hamının əsəblərini tarıma çəkən küçə və prospektlərin müxtəlif adlar altında dağıdılması, sonra asfaltlanması, az keçməmiş yenidən qazılması və bu qəbildən olan sonsuz ”tədbir”lər onları “həyata keçirən” əlaqədar təsərrüfat qurumlarının sanki “xroniki peşə xəstəliyi”nə çevrilib. Onların bu xəstəliyi paytaxtın əksər ərazilərini elə günə qoyub ki, Bakı elə bil həlledici döyüşə hazırlaşırmış kimi səngərlər məngənəsində qalıb. Kim fikirləşirsə ki, mədəniyyətin tikinti, abadlıq və yenidənqurma işlərinə aidiyyəti yoxdur, səhv edir. Davranışda, həyat tərzində, həmsöhbətlə danışıqda və s. məqamlarda mədəniyyət nə qədər zəruridirsə, təmir-inşaat tədbirləri zamanı da bir o qədər vacibdir”.
Müəllif yazır ki, “Eurovision”a hazırlıq çərçivəsində Bakıda bir çox nəhəng layihələr həyata keçirilir. Amma bütün bu işləri gözdən salanlar da tapılır: “Onlar cavabdeh olduqları sahəyə məsuliyyətsiz yanaşan, ilk növbədə, şəxsi maraqlarının təminatına çalışan, paytaxtın zəruri, o cümlədən nəqliyyat infrastrukturunu iflic edən, əhalinin əsəbləri ilə oynayan şəhər təsərrüfat qurumlarının rəhbərləridir. Eyni küçələrin az qala, ayda bir neçə dəfə qazılıb dağıdılmasına, kanalizasiya və su xətlərinin sıradan çıxmasının adi hal almasına, şəhərin mərkəzindəki torpaq ”dağ”larının paytaxtın “atribut”una çevrilməsinə, görülən tədbirlərə baxmayaraq, nəqliyyat tıxaclarının aradan qalxmamasına və Bakının simasına, həyat ritminə ziyan vuran bu kimi digər hallara görə sanki heç kim cavabdeh deyil!
Hansısa təşkilat Bakının cənub qapısını qazıb texnikasını yolun ortasında qoyaraq şəhərə giriş-çıxışı bağlayır, günahkar tapılmır. Başqa birisi 10 metr borunu basdırmaq üçün nəqliyyatın intensiv hərəkət etdiyi prospekti 10 ay “kor” qoyur, cavabdehə “gözün üstə qaşın var” deyən yoxdur! Üçüncüsü, təzə asfaltlanmış küçədə nə üçünsə dərin bir xəndək qazır, niyəsi soruşulmur. Götürək elə “Azərbaycan” nəşriyyatının qarşısını. Neçə aylar Mətbuat prospektinin bu hissəsinin başına oyun qalmadı açmasınlar. Bir neçə ayda bir neçə dəfə qazılıb asfaltlanan bu kiçik ərazidə nəhayət ki, işlər yekunlaşdı. Amma necə? Nəşriyyatın düz qabağında uzun bir sarı xətt çəkməklə orada avtomobil saxlanması qadağan olundu. Yolun qarşı tərəfindənsə nəşriyyata keçmək üçün nə bir zolaqlı piyada keçidi qoyuldu, nə də prospekti ikiyə bölmüş bardürlərin üzərindən adlamağa yer. O bardürlərin ki, göydən bir-iki damcı yağıntı düşən kimi onun üzərinə addım qoymaq mümkün deyil. Indi nəşriyyatda işləyənlərdən və binanın girişində quraşdırılmış bankomatdan istifadə edənlərdən az adam tapılar ki, həmin bardürlərin üzərindən keçəndə sürüşüb yıxılmasın. Hətta bu ərazidə avtomobillərin piyadaları vurması halları da baş verir. Bunun məsuliyyətini kim daşımalıdır? Və nə qədər ki, tapılmır, yoxdur, soruşulmur, məsuliyyət daşınmır, belə də davam edəcək! …Qışın bir addımlığındakı payızın bu çağında su, qaz xətləri çəkmək üçün küçələri qazıb tökmək, sonra da günlərlə yağıntıların kəsəcəyini gözləmək nə dərəcədə məqsədəuyğundur? Bir tərəfdən də nəqliyyatın intellektual idarə edilməsi sisteminin qurulması üçün aparılan qazıntılar. Bizim əksər ictimai nəqliyyat sürücülərinin nə dərəcədə bu sistemi qavraya biləcəkləri bir yana, küçə və prospektlərimizin indiki bərbad vəziyyətində hansı intellektual idarəetmədən söhbət gedə bilər? Nə olub, nə xəbərdir, bütün bu layihələr 4-5 ay gec – yazda istifadəyə verilsə, dünya qopacaq? Sözsüz ki, yox! Əksinə, görülən işlər keyfiyyətli və uzunömürlü olacaq”.