100 kiloqram civənin sirri açıldı

MTN-ə bu məlumatı zavod əməkdaşları veribmiş

Bir müddət əvvəl “Azadlıq”da iş adamı Isgəndər Xəlilova məxsus olan Neftçala “Yod-Brom” zavodundan 100 kiloqrama qədər civənin aşkar edilərək götürüldüyü barədə məlumat yayılmışdı.
Xəbərdə vurğulanırdı ki, zavoddakı civə barədə Milli Təhlükəsizlik Nazirliyinə xəbər çatıb və bundan sonra MTN əməkdaşları zavoda gələrək bu maddəni oradan götürüb.
Yazıdan sonra zavodun icraçı direktoru Aydın Abdullayev “Azadlıq”la əlaqə saxlayaraq bu xəbərə dəqiqlik gətirdi. Aydın Abdullayev etiraf etdi ki, xəbər doğrudur və həqiqətən də “Yod-Brom” zavodunda 80 kiloqramdan artıq civə olub: “Bu civə zavodda hələ 1980-ci illərdən qalır. Civə yod istehsalı prosesində yığılır qalır və yod istehsalı üçün sərf edilmir. Biz zavodda saxlanılan bu maddə barədə uyğun dövlət orqanlarına məlumat vermişik. Nəhayət, Fövqəladə Hallar Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları zavoda gələrək, orada saxlanılan civəni akt əsasında təhvil alıblar”.
A.Abdullayev bildirdi ki, civə zavodun invertar kitabında da qeyd olunub və zavod Isgəndər Xəlilov tərəfindən özəlləşdirilənə qədər də burada olub.

Informasiya şöbəsi