İstiqlalçı deputatdan hakimiyyətə ağır ittihamlar

“Azərbaycanın türk əsilli ziyalılarına qarşı mənəvi terror həyata keçirilir”

Hacıbaba Əzimov: «Vaxt gələcək, vəziyyət dəyişəcək və o zaman oğruların bağırtıları öz bağırlarını çatladacaq»

Istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimovla budəfəki müsahibəmiz gündəmdəki aktual mövzularla bağlı oldu. Söhbətimizə də elə son vaxtlar Ziyalılar Forumuna qarşı hücumlara onun mövqeyini öyrənməklə başladıq.

– Ziyalılar Forumu və Rafiq Əliyev haqqında başlanılan böhtan kampaniyası, onun ADNA-da qurucusu olduğu kafedradan çıxarılması, ziyalıların müxtəlif üsullarla hədələnməsi cəmiyyətin saf, milli əqidəli, mübariz təbəqəsinə qarşı hakimiyyətin uzun illərdir apardığı siyasətin tərkib hissəsidir. Bunu Ziyalılar Forumunun tərkibinə baxmaqla asanlıqla müəyyən etmək olar. Ziyalılar Forumuna daxil olan alimlərin, yazarların böyük əksəriyyəti dünya miqyasında tanınan şəxslərdir. Onlar xalqımıza əvəzsiz xidmətlər göstəriblər. Onlar hakimiyyətdəki kriminal ünsürlərə yaltaqlıq, məddahlıq edən və bununla da onların daha da azğınlaşmasına rəvac verən “ziyalılardan” deyillər. Ziyalılar Forumuna daxil olan şəxslər Azərbaycandakı özbaşınalıqlara, bir qrup məmur tərəfindən ölkə sərvətlərinin talanmasına, digər taleyüklü məsələlərə diqqəti cəlb edirlər. Ziyalılar bəzən diqqətdən kənarda qalan məsələlərə də önəm verirlər. Onlar müəllimlərin, alimlərin, tibb işçilərinin əmək haqlarının, pensiyaların sivil ölkələrlə müqayisəyə gəlməz dərəcədə az olmasına etiraz edirlər. Azərbaycanda elm və təhsil sisteminin dağıdılmasına qarşı çıxırlar. Bütün bu həqiqətlərin səsləndirilməsi hakimiyyəti narahat etdiyindən, bu cür sərt reaksiya verilir. Iqtidar ölkədə ziyalılar hərəkatının getdikcə böyüməsindən qorxur. Buna görə də uzun illər ərzində siyasi müxalifətə qarşı apardığı repressiv siyasəti həm də Ziyalılar Forumunun fəal nümayəndələrinə qarşı tətbiq etməyə başlayıb.

Agentlər Prezident Administrasiyasında vəzifədədir

– Ziyalılara qarşı yürüdülən kampaniyada əsas tezislərdən biri ondan ibarətdir ki, guya, etiraz səsini qaldıranlar xaricdən göstəriş alırlar, anti-milli qüvvələrə yardım edirlər. Iddia edilir ki, ziyalılar belə fəaliyyətləri ilə ölkədə sabitliyi pozmağa çalışırlar.
– Bu məqamlara cavab olaraq müstəqil mətbuat səhifələrində, bir çox dəyərli ziyalılarımızın açıqlamalarında tutarlı arqumentlər səsləndirilib. Məsələn, BDU müəllimlərinin müraciətində vurğulanır ki, biz ziyalılarımızın xarici qüvvələrin əlində bir vasitəyə çevrilməsini istəmirik. Belə çıxır ki, guya Ziyalılar Forumu dövlətin, xalqın əleyhinə olan qüvvələrin əlində bir vasitəyə çevrilib. “Azərbaycan” qəzetinin 12 noyabr sayında dərc olunan bəyanatda Ziyalılar Forumunun iştirakçıları anti-milli fəaliyyətdə ittiham olunmasına cəhd edilir. Bu yazıda bir neçə dəfə anti-Azərbaycan ifadəsi işlədilir. Ölkədə anti-milli şəbəkənin fəaliyyət göstərdiyi haqda sanki həyəcan təbili çalınır. Lakin qəribə budur ki, bu şəbəkənin təmsilçilərinin kim olması konkret göstərilmir. Ziyalılar Forumunda bu cür şəxslər göstərilə bilməz. Çünki belə bir fakt yoxdur. Amma paradoksal hal odur ki, Azərbaycan hakimiyyətində anti-milli mövqedən çıxış edən, dövlətçilik maraqlarına zidd addımlar atan şəxslər kifayət qədərdir. Hətta bu adamların PKK ilə əlaqələri barədə kifayət qədər tutarlı məlumatlar olsa da, heç bir addım atılmır. Belə şəxslər Milli Məclisdə də təmsil olunur. Anti-Azərbaycan şəbəkəsinin fəallarından olan keçmiş KQB agentləri, xarici kəşfiyyatla bağlı bəzi şəxslər bu gün Prezident Administrasiyasında müxtəlif strukturlarda mühüm vəzifələr tuturlar. Onlar barəsində zaman-zaman müstəqil mətbuat orqanları yazıb, mən də Ilham Əliyevə məktubumda təkzib olunmaz faktlar göstərmişəm. Lakin “Azərbaycan” qəzeti və digər hakimiyyətyönlü qəzetlər Azərbaycan əleyhinə fəaliyyət göstərən bu şəxslərlə bağlı susurlar. Həm də bir sıra hallarda dövlət strukturlarına soxulmuş anti-milli ünsürlərin fətvası ilə həmin qəzetlər qeyrətli ziyalılarımızın əleyhinə böhtan kampaniyası aparırlar.

Bu hakimiyyət kriminal, anti-milli iqtidardır

– Ziyalılara qarşı aparılan kampaniyanın başında dayanan şəxs kimi Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyevin adı çəkilir. Uzun müddət siyasi elitada olmuş bir şəxs kimi necə düşünürsünüz, hazırda baş verənləri bir nəfərin iradəsi ilə bağlamaq olarmı? Yoxsa bu məsələnin yalnız görünən tərəfidir?
– Düşünmürəm ki, baş verənlər yalnız Ramiz Mehdiyevdən qaynaqlanır. Bu yanlış düşüncədir. Baş verənlər bütövlükdə hakimiyyətin mahiyyəti ilə bağlıdır. Bu hakimiyyət kriminal, anti-milli iqtidardır. Məsələyə bütövlükdə yanaşmaq lazımdır. Dünya səviyyəsində tanınmış alim Rafiq Əliyevin Elmlər Akademiyasının müxbir üzvlüyündən həqiqi üzvlüyünə seçilməsinə mane olmaqla iqtidar ona qarşı əslində mənəvi terror tətbiq edib. Onun kafedra müdirliyindən çıxarılması da bu məxməri terrorun bir hissəsidir. Mövcud hakimiyyət uzun illər açıq şəkildə Azərbaycanın türk əsilli ziyalılarına qarşı mənəvi terror həyata keçirir. Dəfələrlə dövlət başçısına yazdığım məktublarda da demişəm ki, hakimiyyət təmsilçiləri mənim istiqlalçı deputat dostlarımdan Ədalət Rəhimlini, Mürşüd Məmmədlini işsiz qoymaqla, onlara iztirablar verməklə mənəvi terrora məruz qoyub. Bunun nəticəsidir ki, bu şəxslər həyatdan vaxtsız gediblər. 1997-ci ildə heç bir əsası olmadan, qanunsuz şəkildə qurucusu olduğum Lənkəran Dövlət Universiteti rektoru vəzifəsindən kənarlaşdırılmağım da təsadüfi deyil. Sonradan həmin təhsil ocağına separatçıların – Əlikrəm Hümbətovçuların yerləşdirilməsi onların xidmət etdiyi xarici kəşfiyyat orqanları ilə hakimiyyətin birgə fəaliyyəti nəticəsində reallaşıb. Bu barədə məlumatı rəsmi şəxslər illər sonra mənə etiraf ediblər. Eyni zamanda o da məlum oldu ki, rəsmi orqanlar bu barədə MTN-ə, DIN-ə rəsmi müraciətlər ediblər. Amma bu müraciətlərin heç bir faydası olmayıb. Çünki mən bu hakimiyyətin anti-milli, məddah siyasətini müdafiə etmirdim. Ona görə də xarici kəşfiyyatlar birləşərək məni işdən kənarlaşdırdılar. Amma Azərbaycan ictimaiyyəti bütün baş verənlərə baxmayaraq, ümidsizliyə qapılmamalıdır. Ölkəmizdəki hazırkı situasiyanı dəyişmək mümkündür və yaxın illərdə biz bunun şahidi olacağıq. Hakimiyyət anlamalıdır ki, 37-ci illərin repressiv metodları ilə tarixin təkərini saxlamaq, dünyada baş verən dərin demokratik dəyişikliklərin Azərbaycana təsirinin qarşısını almaq, xalqı daim zülm, əsarət altında saxlayaraq, kriminal rejimin ömrünü uzun illər üçün uzatmaq mümkün deyil.

Hakimiyyət Rusiyaya sığınmaqla ömrünü sürür

– Ölkədə maraqlı mənzərə yaranıb. Hakimiyyət beynəlxalq təşkilatlardan gələn tövsiyələri nəzərə almır, siyasi partiyaların ölkədəki islahatların zəruriliyi barədə təkliflərini qəbul etmir, ziyalıların iradlarını qulaq ardına vurur. Bu cür idarəçilik nə vəd edir, belə yanaşma ölkəni hara aparır?
– Bu hakimiyyət öz mənbəyini xalqdan almayıb, ona görə də xalqa da istinad eləmir. Xalqın qabaqcıl nümayəndələrinin də fikirləri bu üzdən yaxına buraxılmır. Azərbaycan hakimiyyəti xarici dövlətlərin himayəsinə sığınmaqla işini bitmiş sayır. Bu hakimiyyətin əsas himayiçisi Rusiyadır. Bu da təsadüfi deyil. Çünki hazırkı hakimiyyət məmurlarının çoxu vaxtı ilə KQB-yə işləyiblər. Məhz bu orqanın köməkliyi ilə hazırda hakimiyyətdə olanlar sovet dövründə mühüm vəzifələrə sahib olublar. 1993-cü ildən sonra da Rusiyanın köməkliyi ilə yenidən hakimiyyətə qayıdaraq, dövlət strukturlarına soxulublar. Uzun illərdir ki, hakimiyyətdədirlər. Hazırda iqtidarda olanların əksəriyyəti Azərbaycan xalqına yad ünsürlərdir. Ona görə də bunlara Azərbaycan övladlarının söylədikləri fikirlər yox, Rusiyadan gələn təlimatlar əsasdır. Hər hansı bir islahatın aparılması, addımın atılması ilə bağlı göstəriş Rusiyadan gəlməlidir ki, o reallaşsın. Rusiyada Azərbaycanın demokratikləşməsini istəmir. Çünki Azərbaycan xalqının rifah halının yaxşılaşması Rusiyanın maraqlarına ziddir. Rusiya Azərbaycanı defakto nəzarətində saxlayır və heç bir vəchlə Azərbaycanın nəzarətdən çıxmasını istəmir. Putinin son zamanlar ayrı-ayrı formalarda SSRI-ni bərpa etmək təşəbbüsləri də bunu təsdiq edir. Ona görə, bu hakimiyyətin hər hansı islahat aparmasına ümid bəsləmək çətindir.
Amma bütün beynəlxalq güclər Azərbaycan hakimiyyəti qarşısında konkret tələblər qoysalar, o zaman islahatların aparılması qaçılmaz olacaq. Hakimiyyətdəkilər vəzifələrini qoyub qaçacaqlar. Bu olacaq, amma hələ ki, bu proses baş vermir. Xalqın bir misalı var. Oğru elə bağırdı ki, doğrunun canı çıxdı. Amma vaxt gələcək, vəziyyət dəyişəcək və o zaman oğruların bağırtıları öz bağırlarını çatladacaq.

Qərbin Azərbaycana diqqəti güclənəcək

– AŞ PA-nın Azərbaycanda siyasi məhbus problemi üzrə məruzəçisi Kristofer Ştraser uzun müddətdir ki, ölkəmizə buraxılmır. Hakimiyyət yetkililəri bu addımlarını onunla izah edirlər ki, Azərbaycanda siyasi məhbus yoxdur?
– Hakimiyyət uzun müddətdir ki, ölkədə siyasi məhbus probleminin olduğu ilə bağlı həqiqəti qəbul etmək istəmir. Bir müddətə qədər hakimiyyətin bu cür yanaşması AŞ PA kimi təşkilatları nəzərə almaması özünü doğruldub. Çünki konkret faktlarla sübut olunub ki, AŞ PA Azərbaycan hakimiyyəti ilə müəyyən məsələlərdə iş birliyində olub. Amma son zamanlar Qərb ölkələrinin demokratik prinsiplərə yanaşmalarında dəyişikliklər baş verib. Bu, onu deməyə əsas verir ki, yaxın gələcəkdə demokratik Qərbin Azərbaycana diqqəti güclənəcək.

Bəşər Əsəd düz deyir

– Liviya, Misir, Tunis hadisələri zamanı yerli ekspertlər vurğuladılar ki, Azərbaycanda da situasiya fərqli deyil. Bu günlərdə Suriyadakı rejimin rəhbəri Bəşər Əsəd maraqlı etirafda bulunub. O, bildirib ki, Suriyadan sonra analoji proseslər postsovet məkanında yaşanacaq?
– Əsəd həqiqətləri dilə gətirib. Bəşər Əsəd və onun atası Rusiyanın adamları olublar. Hazırda da Əsəd Rusiya kəşfiyyatının diqtəsi ilə hərəkət edir. Rusiya Suriyadan sonra postsovet məkanının növbədə olduğunu gözəl bilir. Ona görə Suriyada müqavimət göstərir. Bəşər Əsədin də dilinə gətirdiyi bu fikir Rusiya kəşfiyyatçılarının sözləridir. Rusiyanın son addımları göstərir ki, Putin SSRI-ni bərpa etmək istəyir. Ona görə Rusiyanın baş naziri SSRI-ni dağıdanları cinayətkar adlandırır. Istiqlalçı deputatlara, ziyalılara qarşı Azərbaycan hakimiyyətinin düşmən mövqedən çıxış etməsi, onları həbsə atması bu siyasətin nəticəsidir. Hazırda istiqlalçı deputat Arif Hacılı həbsdədir.

– Bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirmişdi ki, ölkədə mərkəzi hakimiyyət yoxdur və Azərbaycan xanlıq dövrünü xatırladır. Hazırkı idarəçiliklə xanlıq dövrü arasında hansı oxşar cəhətlər var?
– ABŞ-da da gözəl bilirlər ki, Azərbaycanın hansı bölgəsi kimin nəzarəti altındadır. Bu xanlıqlar məsələsi buradan irəli gəlir. Digər tərəfdən, hazırda məmurlar xan kimi yox, şah kimi dolanırlar. Bütün bunlar Azərbaycanın sərvətlərinin mənimsənilməsi hesabına baş verir. Dünyada bir müddət demokratiyanın acınacaqlı duruma düşməsinin də günahı keçmiş Buş hakimiyyətindədir. Amma Obama dünyada demokratik dəyişikliklərin reallaşacağı ilə bağlı vədlərinə əməl edir.

– Bir çox politoloqlar, Ictimai Palata, Ziyalılar Forumu növbədənkənar parlament seçkilərinin keçirilməsini vacib sayırlar. Sizin bu barədə düşüncələriniz nədən ibarətdir?
– Mən də bu fikirdəyəm. Azərbaycanda istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri normal olmayıb. Həqiqətən də Azərbaycanda normal parlamentin formalaşmasına ehtiyac var. Eyni zamanda hazırda prezidentin sahib olduğu səlahiyyətlər də məhdudlaşdırılmalıdır. Səlahiyyətlərin bu dərəcədə geniş olması diktaturanın yaranması üçün əlverişli zəmin yaradır. Ölkədə ciddi, köklü islahatlar aparılmalıdır. Bu hakimiyyət isə islahatlardan qorxur. Hakimiyyət gözəl bilir ki, islahatlar baş versə, iqtidardan gedəcək.

Xəyal