Rusiya silah məsələsində özünü ifşa etdi

Vəfa Quluzadə: «Ruslar Əsədə silah göndərənə qədər məsələ həll olunacaq»

Rusiya Suriyaya üzərində “Yaxont” qanadlı raketləri olan “Bastion” gəmi əleyhinə sahil kompleksləri satıb. Moskvadakı hərbi-diplomatik mənbələrdən verilən məlumata görə, həcmi barədə məlumat verilməyən alqı-satqı müqaviləsi hələlik tam yerinə yetirilməyib. Bundan başqa, bu komplekslərdən istifadəni öyrənmək üçün Suriya personalına hələ bir müddət də təlim keçilməlidir.
Xəbərlərə görə, Suriya hər biri 36 qanadlı raketdən ibarət ən azı iki “Bastion” almaq niyyətindədir. Ekspertlərin fikrincə, bu, Suriyaya dəniz tərəfdən hücumun qarşısını tam almaq üçün kifayət edir. Müqavilənin dəyəri, qeyri-rəsmi məlumatlara görə, 300 mln. dollar təşkil edir. Hər 2,5 saniyədən bir raket buraxmaq qabiliyyəti olan “Bastion” kompleksi 600 km uzunluğu olan sahili mühafizə etmək gücündədir.
Suriya hakimiyyətinin hazırda bütün dünyanın təpkisinə baxmayaraq, ölkəsində qətliamı hələ də davam etdirdiyi bir məqamda Rusiyanın belə bir addım atması bir qədər təəccüblü görünür. Çünki Qərb Suriyada vəziyyətin bir müddət də dəyişilməz olaraq qalacağı təqdirdə bu ölkəyə hərbi müdaxiləni istisna etməyib.
Politoloq Vəfa Quluzadənin fikrincə, Rusiya Suriya ilə bu silah alış-verişində öz maraqlarını güdür. Suriyanın Rusiyanın əsas silah alıcısı olduğunu deyən V.Quluzadə bildirdi ki, onsuz da alınan kompleks Əsəd rejiminə heç bir fayda verməyəcək: “Əsəd onsuz da ona qarşı qalxan vətəndaşlara qarşı bu kompleksi istifadə edə bilməyəcək. Suriyaya qarşı NATO qüvvələri hücuma keçəcəyi təqdirdə isə rus silahı onlara qarşı duruş gətirməyəcək. Daha modern və yüksək radiuslu amerikan silahları həmişə rus silahından üstün olub”. Hazırda Suriya sərhədlərinə yaxın ərazidə Amerikanın təyyarədaşıyan gəmisinin hücuma hazır vəziyyətdə dayandığını deyən V.Quluzadə qeyd etdi ki, artıq ətraf ölkələrdə Suriyaya qarşı daha sərt addımlar atılmağa hazırlıq görülür: “Əgər Bəşər Əsəd hakimiyyətinin sonlarında ağılsız addım ataraq milyonlarla dolları xərcləmək istəyirsə, buyursun etsin. Çünki Əsədin sonuna az qalıb və istisna deyil ki, həmin silahlar Suriyaya gəlib çatana qədər artıq bu ölkədə başqa rejim olsun. Əslində baş verənlər Rusiyanın simasını göstərir. Digər tərəfdən, Rusiya bu regionda son anlaşmalarını edir. Çünki artıq ərəb dünyası silah bazarı kimi Rusiyanın əlindən çıxmaqdadır”.

Xəyal