Rəsul Quliyev ölkədə qan töküləcəyindən narahatdır (VİDEO)

Milli Məclisin keçmiş sədri,  hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan Rəsul Quliyev Azərbaycanda Müqavmət Hərəkatı yaratmaq istədiyini elan edib. O, bunu özünün bloqunda yerləşdirdiyi videomüraciətdə açıqlayıb.
Hakimiyyəti 1995-ci ildən bəri keçirilmiş bütün seçkiləri saxtalaşdırmaqda, total korrupsiyada günahlandıran sabiq spiker bildirib ki, vəziyyətin belə davam etməsi xalq üçün gələcəkdə faciə ilə nəticələnə bilər. R.Quliyevin fikrincə, ölkədə narazılığın getdikcə artması kortəbi aksiyalara, xaotik proseslərə və qan tökülməsinə gətirib çıxara bilər.
R.Quliyev qeyd edib ki, hərəkatı yaratmaqda məqsədi 2013-cü ildə hakimiyyətin yenidən indiki iqtidarda qalmasını əngəlləməkdir. Bunun üçün də bloq yaradıb və yeni medianın köməyi ilə Azərbaycandakı proseslərdə fəal iştirak etməyə çalışacaq.