«Azərbaycanda təhsil sənədlərinin ekspertizası məqsədilə 150 min müəllimdən 1/3-dən çoxunun, yəni 58 970 nəfərin sənədləri araşdırılıb». Bunu dekabrın 3-də Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir Misir Mərdanov deyib (APA).
Nazir bildirib ki, əsasən 1990-cı ildən bəri olan sənədlər araşdırılıb. Araşdırmalar nəticəsində saxta diplomla işləyən 455 nəfər müəyyən edilib, onların hamısı işdən çıxarılıb. 260 nəfərin lisenziyası olmayan müəssisələrin, 468 nəfərin leqallaşdırılmamış ali məktəblərin diplomları ilə işlədiyi aşkar edilib. Bu, əsasən qonşu ölkələrlə sərhəd olan rayonlara aiddir. Araşdırmalar özəl təhsil müəssisələrinin arayışı ilə 11 nəfərin, müxtəlif kursların vəsiqəsi ilə 54 nəfərin işlədiyini aşkarlayıb. M.Mərdanov araşdırmaların davam etdiriləcəyini deyib.