Qərbi Azərbaycanlılar bir araya gəldi

Onlar hakimiyyət qarşısında konkret tələblər qoydular

Qərbi Azərbaycandan (indiki Ermənistan Respublikasının inzibati ərazisindən) azərbaycanlıların ilk deportasiyasından 210 il, son deportasiyasından 23 il keçir. Dünən Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin Idarə Heyəti Media Mərkəzində keçirdiyi iclasında deportasiyalar zamanı qətlə yetirilmiş yüz minlərlə insanın xatirəsini sükutla yad edib.
Deportasiya Qurbanları Cəmiyyəti 5 dekabrın – Deportasiya Qurbanları günü elan edilməsi, Deportasiya qurbanlarına abidə ucaldılması ilə bağlı hökumətə müraciət qəbul edib. “Son beş yüz ildə milyonlarla azərbaycanlı tarixi torpaqlarından deportasiya olunub. Bu insanlar yalnız indiki Ermənistan ərazisindən deyil, indiki Iran, Rusiya, Gürcüstan ərazilərindən də deportasiya olunub. Deportasiyaya məruz qalmış azərbaycanlılar Çin, Hindistan, Pakistandan başlayaraq, Suriya, Iraq da daxil olmaqla, dünyanın çoxsaylı ölkələrində yaşayır. Deportasiya qurbanlarının öz atalarının xatirəsini anmaq məqsədi ilə toplaşmaq üçün bir yeri, gül qoymaq üçün bir abidəsi yoxdur”, – deyə tədqiqatçı alim Əziz Ələkbərli qeyd edib.
Idarə Heyətinin üzvləri hesab edirlər ki, Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqlarda iştirak etməlidir. “Münaqişənin nizamlanması ilə bağlı hazırlanmış Madrid prinsiplərində Dağlıq Qarabağda yaşayan ermənilərə nəzərdə tutulan referendum hüququ Ermənistandan deportasiya olunmuş azərbaycanlılar üçün də nəzərdə tutulmalıdır”, – deyə Idarə Heyətinin üzvü Eldar Namazov qeyd edib.
“Indi Ermənistan adlandırılan ərazi biz azərbaycanlıların əbədi torpaqlarıdır. Dünyada yaşayan bütün azərbaycanlıların bir anası var, o da Azərbaycandır. Bütün azərbaycanlıların bir nömrəli problemi isə Dağlıq Qarabağın azad edilməsidir. Bundan sonra azərbaycanlılar indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarına qayıtmalıdır”, – deyə Idarə Heyətinin digər üzvü Nurəddin Mustafayev bildirib.
Toplantıda cəmiyyətin formalaşma prosesi ilə bağlı məlumat verilib. Artıq Azərbaycanın bir sıra rayonlarında yerli təşkilatların və xarici ölkələrdə nümayəndəliklərin təsis edildiyi diqqətə çatdırılıb. Təşkilatın nümayəndələri bir çox səfirlər, diplomatlar və xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib. “Biz bu günlərdə Dağlıq Qarabağın ağsaqqalları ilə görüşüb, münaqişənin həlli prosesinə təsir etmək üçün vahid mövqedən çıxış etməyimizlə bağlı məsləhətləşmə aparacağıq. Bundan sonra Gürcüstanda, Suriyada, Iranda, Özbəkistanda, Qazaxıstanda, Dərbənddə və başqa ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirəcəyik”,- deyə Idarə Heyətinin üzvü Firudin Cəlilov qeyd edib.
Forumda həmçinin Ermənistanda anadan olmuş şəxslərə şəxsiyyət vəsiqəsi verilən zaman onların kəndlərinin adının qeyd edilməsi hiddətlə qarşılanıb. Deportasiya Qurbanları Cəmiyyəti Ermənistanda anadan olmuş insanlara şəxsiyyət vəsiqəsi verilərkən anadan olduğu kəndlərin adının yazılması üçün daxili işlər nazirinə müraciət qəbul edib. “Nədənsə Ermənistanda anadan olmuş insanlara şəxsiyyət vəsiqəsi verilərkən doğulduğu tarixi türk adı olan kəndin adı qeyd edilmir. Amma sonradan dəyişdirilərək erməni adı ilə əvəz edilmiş rayonun adı qeyd edilir. Bu, məkrli addımdır. Biz tələb edirik ki, Ermənistanda anadan olmuş insanlara verilmiş şəxsiyyət vəsiqələri dəyişdirilsin və orada anadan olduğu rayonun və kəndin tarixi adı qeyd edilsin”, – deyə Əli Ömərov qeyd edib.   
Mərasimdə həmçinin Qərbi Azərbaycandan deportasiya olunmuş insanların mühacir dövlətinin yaradılması ilə bağlı təkliflər də səslənib. “Biz Irəvan Xanlığı dövlətinin davamçılarıyıq. Keçmiş Irəvan xanlığı dövlətinin ərazisində indi Ermənistan adlı dövlət yaradılıb. Biz öz dövlətimizin ərazisinə qayıtmalıyıq”,- deyə professor Ibrahim Vəliyev qeyd edib.
Çıxışlarda indiki Ermənistan ərazisindən azərbaycanlıları deportasiyaya məruz qoyanlar və  deportasiya zamanı qətlə yetirilmiş insanlarla bağlı cinayət işinin davam etdirilməsi, keçmiş SSRI Daxili Işlər Nazirliyində vaxtı ilə qaldırılmış cinayət işinin tələb edilməsi və Qərbi Azərbaycanın ensiklopediyasının yaradılması və Sabir Əsədovun “Qərbi Azərbaycanın tarixi coğrafiyası” kitabının təkrarən nəşr edilməsi ilə bağlı fikirlər səslənib(Turan).