“Partiyaların büdcədən maliyyələşməsi kiçik maraqlara hesablanıb”

Nazim Məmmədov: “Büdcə bəziləri üçün «sağmal inək» funksiyasını daşıyır»

«İndiki halda siyasi partiyaların büdcədən maliyyələşməsi haqqında qanun xalqın marağına deyil, korporativ maraqlara xidmət edən bir «proyekt» olacaq»

“Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini həyata keçirmək üçün konstitusiyada dəyişiklik olunmalı, proporsional seçki sisteminə keçilməlidir. Indiki halda siyasi partiyaların büdcədən maliyyələşməsi haqqında qanun xalqın marağına deyil, korporativ maraqlara xidmət edən bir ”proyekt” olacaq”.
Bu sözləri “Azadlıq”a açıqlmasında sabiq deputat Nazim Məmmədov siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsinə münasibət bildirərkən deyib. Sabiq deputat hesab edir ki, konstitusiyada dəyişikliklər edilmədən bu barədə qanun qəbul edilməsi hansısa qrupların dövlət büdcəsi hesabına öz maddi vəziyyətlərini möhkəmləndirmək arzusunun təzahürüdür: “Bu addımın dövlətçilik maraqlarına xidmət kimi qələmə verilməsinə baxmayaraq, əslində kiçik ”maddi” maraqlara hesablanan addımdır. Demək olar ki, dövlət büdcəsi bəzi insanlar üçün bir “sağmal inək” funksiyasını daşıyır. Ancaq güman etmirəm ki, ümumi frazalarla, “dünya təcrübələrindən” yarımçıq misallar gətirməklə konstitusiyaya zidd elementləri bu gün qanunvericiliyə gətirmək mümkün ola”.